Mənim polisim məni qorudu...
8 İyun 2020 10:55 SosialZüleyxa NADİR
Bəlkə də Bakı Bakı olandan indiyə kimi son iki gündəki sakit, dinc, bir az da fağır günlərini "yaşamayıb". Nə biz, nə də bizdən əvvəlki nəsillər şəhərimizi bu cür susqun, sükunət içində görməyiblər. Küçələr boş, hava sakit, səkilər adamsız, yollar avtomobilsiz... sanki şəhərdə həyat dayanmışdı. Ara-sıra polis maşınlarının səsi sükutu pozurdu. Adama elə gəlirdi ki, bunlar həqiqət deyil, yuxudu. Amma yuxu deyil, gerçəkdi. Bakı iki gün "sükunətdə" olmağa məhkum edildi. Paytaxt iki gün "zamri" dayandı. Dünyanın başı üzərində dolaşan koronavirus adlı kabus Bakının da yaxasından yapışıb. Aylardı bu virusla mübarizə aparan Azərbaycan özünün paytaxtında iki günlük "evdə qal, bayıra çıxma" rejimi tətbiq etməyə məcbur oldu. Təbii ki, bu məcburiyyət insanların sağlamlığına xidmət etmək üçün idi. Ölkə prezidenti İlham Əliyevin təbirincə desəm, "insanların sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı bizim üçün hər şeydən üstündü".
Bu üstünlüyü özündə ehtiva edən xeyli amil var, ələlxüsus da insan amili ön sıradadı. Öhdəsinə düşən işi vicdanla yerinə yetirən həkimlər və polislər "viruslu günlərin qəhrəmanlarıdı" deməkdən qətiyyən çəkinmirəm. Nə yazıq ki, ötənlərdə həkimlər və polislər ən çox tənqid atəşinə tutulan, yeri gələndə təhqir olunan, döyülən, söyülən zümrəyə daxil idilər. Amma bu gün işin rəngi dəyişib, sanki 180 dərəcəlik bucaq altında həndəsi əməliyyat aparılıb, hər iki zümrə insanlığın pik nöqtəsinə ucalıb. Bu yazıda məhz həmin ucalıqda dayanan polislərdən söhbət açacam, onların insani tərəflərinin daha qabarıq göründüyündən bəhs edəcəm.
Bu gün Azərbaycan polisinə SEVGİ davranışı sərgiləmək lazımdı. Bu, illərlə onlara qarşı yığılmış neqativliyin sındırılması olar. Azərbaycan polisi bəlkə də taleyinin sınaq dövrünü yaşayır, sanki, imtahan verirmiş kimi hər gün "dərs oxuyur". Nə gözəl! Polis bu millətin güvənc yeridi, inam, etibar sütunudu. O sütuna söykənib yıxılmamaq üçün polisi sevmək lazımdı. Hər kəsin başına bir iş gələndə, təhlükənin içinə düşəndə, şəxsiyyəti alçaldılıb, hüquqları tapdalananda ağlına və dilinə gələn ilk ad, imdad dilədiyi, kömək istədiyi polis olur. Və beləcə SEVGİ göstərir. Amma bu, hər zaman belə olmur, çox vaxt gözlər kor olur, məsələnin eybəcər tərəfinə diqqət edilir". Nə yazıq ki, Azərbaycan polisi hamının rəgbətini, sevgisini daşıya bilmir. Bu, onun günahı deyil. Çox səbəblər sadalamaq olar. Məncə, gərək yoxdu. Əlbəttə ləyaqətsiz, işinin məsuliyyətini dərk etməyən polis əməkdaşları da var. Onlardan danışmaq istəmirəm, beləsi bütün sahələrdə boy göstərir. Amma onu qeyd istəyirəm ki, "mənim polisim məni qoruyur" deyimindəki gerçəyi görməyən gözlər, heç olmasa iki günlük qadağalar zamanı qanun keşikçisinin qoruyucu funksiyasının daha da genişləndiyinin fərqinə vardılarmı? İnandılarmı ki, polis daş deyil, dəmir deyil. Polis də insandı, onun da ürəyi var, mərhəmətdən, şəfqətdən məhrum deyil. O, ötən iki gündə otuz dərəcə istinin altında, əynində qalın paltar, tər içində, hətta bəzən ac, bəzən susuz qalsa da vəzifəsini ləyaqətlə yerinə yetirdi, şərəfini uca tutdu. İki gündə polis qalxanı polis vicdanı ilə əvəz olundu. İki günlük sərt qaydalara təpki verib polisin yumşaq rəftarını qaralayanlara nə ad verəsən?
Mənim polisim iki gün yorulmadan, usanmadan həm məni, həm də səni, onu, bizi, sizi qorudu. Hər şeydən müdafiə etdi, təhlükədən uzaqlaşdırdı, hər kəsə toxuna biləcək neqativləri yaxına buraxmadı, insanın başının üstünü alan an qorxu-hürkü hissinə qalxan tutdu, insanlığını nümayiş etdirdi. Bunun adı vəzifə borcudu. Bir də var vəzifədən doğan səlahiyyətdən başqa insani dəyərlər sərgiləmək. Əzizi, doğması dünyasını dəyişmiş qadının özünü itirdiyini görən polis onu darda qoymadı, bacısının son görüşünə özü apardı. Bu, insanlıq deyilsə, bəs nədi? Dünyaya uşaq gətirən başqa bir ananı dardan çıxardı. Hamilə qadını xəstəxanaya çatdırana kimi yolda köməyini əsirgəmədi. Nə onun vəzifəsinə, nə də şəxsiyyətinə, cinsinə aid olmayan işi etdi, körpənin sağ-salamat doğulmasına şərait yaratdı. Bu, insanlığın pik nöqtəsi deyilsə, bəs nədi? Evində çörək olmayan ailənin zənginə etinasız yanaşmadı, dükan-bazarın bağlı olduğu bir zamanda hardansa çörək tapıb gətirdi. Mağazaların bağlı olduğundan xəbərsiz olan yaşlı qadının əliboş qayıtdığını görən polis öz yeməyini ona verir. Ki... bir ana, bir qadın çörəksiz qalmasın. Bunun adı vəzifə borcundan çox vicdan borcu deyilsə, bəs nədi?!
Polislər iki gün evindən, ailəsindən uzaq olub COVİD-19-la mübarizə aparanların ön cərgəsində yer aldılar. Xəstəliyin kütləvi hala çevrilməməsi üçün var güclərini sərf etdilər. Ev-ev, həyət-həyət, küçə-küçə gəzdilər, bir dəqiqə dayanmadılar. Hər kəsin, hər ailənin sağlamlığına xidmət etdilər. İki günlük qadağaya məhəl qoymayanları yoldan qaytardılar, onların təhlükəsizliyi üçün az qala yalvaranlar da oldu. Bunun adı dövlətə, xalq, millətə xidmət deyilsə, bəs nədi?
Amma nə yazıqlar ki, yenə də polisi alcaldan, təhqir edən varlıqlar tapıldı. Vəzifə borcunu yerinə yetirərkən bəzilərinin məsuliyyətsiliyinə mərhəmətlə yanaşmayan, əksinə daha ciddi olan, onları qadağalara, qanunlara əməl etməyə çağıran polis əməkdaşlarının başına çoxmərtəbəli binadan zibil tökənlər, digər əşya atanlar, görəsən, anladılarmı ki, həmin an dünyanın ən alçaq hərəkətini etdilər, insanlığa sığmayan tərbiyəsizlik sərgilədilər?! Görəsən, bu adamlar dünən gecə başlarını yastığa rahat qoya bildilərmi, vicdanları dilə gəldimi?! Ən ağrılısı odur ki, polisi alçaltmağa çalışanları dəstəkləyənlər, hərəkətlərinə haqq qazandıranlar da oldu. Sonuncular daha təhlükəli, daha qorxuludurlar. Belələrinin adı fitnəkar deyilsə, bəs nədi?
Bütün bu sadaladığım və mənim bilmədiyim daha nə qədər fakt video-görüntü olaraq iki gün ərzində sosial şəbəkələrdə yayımlandı. İnanıram ki, həmin görüntülərə baxanlar da mənim kimi düşünüblər, vəzifə borcunu yerinə yetirən polis əməkdaşlarının insanlara çox böyük qayğı ilə yanaşdığını görənlər "nə gözəl ki, mənim polisim məni qoruyur" deməkdən çəkinməyiblər, qürur duyublar. Ona da əminəm ki, polislərin Azərbaycan himni çalınanda sayğı duruşuna dayandıqları səhnəni görən hər kəsin sinəsi qürurdan qabarıb. O səhnəni yəqin ki, uzun müddət unutmayacam. Xidməti vəzifəsini yerinə yetirən polislər birdən himn səsini eşitdilər. Bir kimsədən əmr, göstəriş almadan anındaca saygı duruşuna dayandılar, hətta avtomobildə oturan əməkdaş da düşüb iş yoldaşlarının yanında yer aldı. Mənim gözlərim yaşardı. Nə möhtəşəm səhnə idi! Dünyanın ən gözəl tablosu idi! Bəlkə də Bakı Bakı olandan paytaxt polisi bu cür möhtəşəm səhnə ilə diqqət çəkməmişdi! Bundan gözəl an, bundan müqəddəs məqam varmı?!
Məncə, yoxdu...