Cənab Prezidentin qoruyucu maskadan istifadə etməsi hər bir Azərbaycan vətəndaşı, xüsusilə Azərbaycan gənci üçün nümunə olmalıdır
8 İyun 2020 10:02 SosialRuslan Vəliyev: "Hər bir vətəndaş öz şəxsi məsuliyyətini hiss etməlidir"
Bütün ölkələr kimi Azərbaycan da günümüzdə koronavirus sınağı qarşısındadır. İlkin mərhələdə pandemiyaya qarşı aparılan mübarizə effektli olsa da, lakin karantin qaydalarının yumşaldılmasından sui-istifadə edən vətəndaşlarımız yenidən ölkədə yoluxma saylarının artmasına səbəb oldu ki, nəticə etibarilə həftə sonları Bakı daxil olmaqla ölkənin iri şəhərlərində sərt qadağalar tətbiq olundu. Bəziləri hökumətin tətbiq etdiyi qaydalara əməl etməyərək durumu polislə qarşıdurma həddinə gətirib çıxarsa da, lakin mütləq əksəriyyətinin mövqeyi sərt qaydalara riayət etməkdir. Çünki atılan hər bir addım, qəbul edilən hər bir qərar vətəndaşın təhlükəsizliyinə xidmət edir. Elə Odlar Yurdu Gənclər İctimai Birliyinin baş katibi Ruslan Vəliyev də bu qənaətdədir. O, bildirib ki, bu gün müasir dünyamızın COVID-19 pandemiyası ilə mübarizə apardığı çətin sınaq dövrüdür. Ruslan Vəliyevin sözlərinə görə, bu çətin dövrdə ölkəmiz koronavirusla mübarizədə müsbət mənada fərqlənməyi bacaran ölkələr içərisindədir: "Bütün bu uğurlar Azərbaycan gənci olaraq bizi qürurlandırır. Əlbəttə bütün bunlar dövlətimizin başçısının qətiyyətli mövqeyi və uzaqgörən siyasəti sayəsində mümkün olmuşdur. Azərbaycanın virusla mübarizədə istifadə etdiyi model dünyanın inkişaf etmiş ölkələrində də istifadə olundu". Ruslan Vəliyev bildirib ki, hökumətin pandemiyanın ilk günlərindən qəbul etdiyi qərarlar və xüsusi karantin rejiminin tətbiqi nəticəsində vəziyyəti nəzarət altında saxlamaq mümkün olmuşdur: "Görülmüş tədbirlər müsbət nəticələr versə də, aprelin 27-dən xüsusi karantinin rejiminin mərhələli şəkildə yumşaldılması və təəssüflər olsun ki, müəyyən olunmuş qaydalara və təcrid tövsiyələrinə riayət edilməməsi, əhalinin virusla mübarizəyə məsuliyyətsiz yanaşaraq özünü təhlükəyə atması son günlər infeksiyaya yoluxanların sayının kəskin artması ilə nəticələnmişdir. Buna görə də Operativ Qərargahın qərarı ilə 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək aktiv yoluxma hallarındakı artım səbəbindən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olundu. Düşünürəm ki, həftə sonları tam qapanma şəraitində olması və karantin rejimin sərtləşdirilməsi vətəndaşların sağlamlığının qorunmasına müsbət təsir göstərəcəkdir. Qapanmanın yalnız həftənin 2 gününü əhatə etməsi, ölkədə kifayət qədər ərzaq ehtiyatının olması, həmçinin maskaların və tibbi spirtin Azərbaycan Respublikasında istehsalının təşkili vətəndaşlarımızın heç bir narahatçılığın olmamasına xidmət edir".
Ruslan Vəliyev Cənab Prezidentin bu günlərdə Tərtər və Ağcabədi rayonlarına səfəri, sözügedən rayonlarda keçirdiyi görüşlər zamanı diqqət etdiyi vacib məqamlara da toxunub: "Mən Azərbaycan gənci olaraq hesab edirəm ki, ölkə başçımız cənab İlham Əliyevin 03.06.2020-ci il tarixində Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən qoruyucu maskadan istifadə etməsi hər bir Azərbaycan vətəndaşı, xüsusilə Azərbaycan gənci üçün nümunə olmalıdır. Eyni zamanda onu da qeyd etmək istəyirəm ki, cənab Prezident Ağcabədi ASAN Həyat kompleksinin açılışı zamanı gənclər ilə keçirdiyi görüşdə bir sıra mühüm fikirlər söylədi. Bu fikirlər bir daha dövlətin gənclərə göstərdiyi diqqət və qayğıdan xəbər verirdi. Dövlətimizin başçısı ölkədə könüllülər hərəkatının məhz "ASAN xidmət" mərkəzlərində yarandığını və xüsusilə burada inkişaf etdiyini qeyd etdi. Ölkə başçısı onu da bildirdi ki, "ASAN xidmət" mərkəzlərində işləyənlərin mütləq əksəriyyəti, demək olar ki, hamısı gənclərdir, o cümlədən könüllülər bütün mərkəzlərdə fəaliyyət göstərirlər. Dövlət başçısı qeyd etdi ki, "ASAN xidmət"dən sonra digər sahələrdə də könüllülər fəaliyyətə başladılar. "Bu gün mənim göstərişimlə digər sahələrdə də könüllülər fəaliyyət göstərir. Mən göstəriş vermişəm ki, dövlət təşkilatlarında, nazirliklərdə, dövlət şirkətlərində könüllülər işə cəlb edilsin, onlar təcrübə keçsinlər. Çünki bugünkü könüllülər sabahın rəhbərləridir. Təsadüfi deyil ki, mənim Sərəncamımla bu il "Könüllülər ili" elan edilmişdir. Bu, bir daha bizim könüllülərin fəaliyyətinə göstərdiyimiz diqqəti və münasibəti əks etdirir". Pandemiya dövründə də Azərbaycan könüllüləri mühüm fəaliyyətlər göstərdilər. Onlar həssas qrupdan olan əhaliyə ərzaq yardımlarının göstərilməsində və virusa qarşı aparılan maarifləndirmə işlərində fəal şəkildə iştirak etdilər. Son olaraq hər bir vətəndaşımızı öz şəxsi məsuliyyətini hiss etməyə, Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməyə dəvət edirəm".
Füzuli