Koronavirusa əsasən bu adamlar yoluxur – MÜSAHİBƏ

 

Səyyarə İbadullayeva: "Dieta saxlayan insanlar daha çox xərçəngə tutulurlar"

Koronavirus pandemiyası bütün bəşəriyyəti təhdid edir. Hər gün yüzminlərlə insan bu pandemiyaya məruz qalır, minlərlə insan isə qurbana çevrilir.

Azərbaycanı da öz təsir zolağına alan və hər gün yüzlərlə ailənin "qapısını döyən" bu "çağırılmamış qonaq" həyatımızda hansı dəyişiklikləri zəruri və qaçılmaz edir? Görəsən hansı addımları atmalı və hansı həyat tərzini seçməliyik ki, bu kütləvi xəstəliyin qurbanına çevrilməyək?

AMEA-nın Botanika İnstitutunun Etnobotanika laboratoriyasının müdiri, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva  bu və  digər suallara aydınlıq gətirəcək.

DOSYE: Səyyarə İbadullayeva Naxçıvanda anadan оlub. Naxçıvan Dövlət Universitetinin Təbiət-coğrafiya fakultəsini bitirib və AMEA Botanika İnstitutunun dissertantı olub. 1994-ci ildə namizədlik, 2005-ci ildə doktorluq dissertasiyasını müdafiə edib və 2012-ci ildə professor elmi adına layiq görülüb. 1995-ci ildən AMEA Botanika İnsitutunda çalışan alim hazırda həmin insitutun Еtnоbоtanika labоratоriyasının müdiridir.

Azərbaycan florasında bir sıra fəsilələrin taksоnоmik tərkibi və fitokimyəvi, biоеkоlоji xüsusiyyətlərini müəyyənləşdirən, mühüm xalq təsərrüfat əhəmiyyətli növlərin regionlar üzrə ehtiyatını öyrənən və ilk dəfə olaraq itməkdə olan 70-dən çox növün mühafizəsi üzrə tədbirlər kompleksi işləyib hazırlayan S.İbadullayeva ölkəmizin tanınmış bioloqlarından biridir. 260 əsər, o cümlədən 14 kitabın müəllifi olan alimin rəhbərliyi altında 3 elmlər doktoru, 10 fəlsəfə doktoru dissertasiya müdafiə edib.

- Səyyarə xanım, gündəm mövzudan başlayaq. Koronavirus cəmiyyətin "qorxulu yuxusu"na çevrilib və hər kəs bu virusun onun da "qapısını döyəcəyi" günü gözləyir. Koronavirus nədir və bu virusdan necə qorunmaq olar?

- Təsadüfi deyil ki, koronavirus pandemiyası dünyanı sarsıdan bir hadisə olaraq tarixə öz möhrünü vurur. Bu virus bəşəriyyəti hazırlıqsız vəziyyətdə yaxaladı və böyük çətinliklərlə üz-üzə qoydu. Koronavirus ötən əsrin 60-cı illərindən elmə məlum olsa da, Çində yayılması və gizli saxlanılması ağır nəticələrə gətirib çıxardı. Digər qrip və korona viruslarından fərqli olaraq, COVİD-19 insan orqanizminə düşəndən 14-21 gün sonra öz təsirini göstərir. Nəzərə alanda ki, bu virus əhatə dairəsini günü-gündən artırır və bəzən həyati təhlükələrə səbəb olur, bu mənada izolyasiya tədbirlərini həyata keçirmək, eyni zamanda immun sistemini gücləndirmək zəruridir. Əgər bir insanda immun sistemi zəifdirsə, bu sıraya irsi xəstəliklər, tez-tez qrip və digər viruslara yoluxmaq, qan-damar, ağciyər, şəkər xəstəlikləri, cərrahi əməliyyatlar sonrası vəziyyət və s. aiddir, xüsusi həssaslıq tələb olunur. Bu sıraya təbii qidalara üstünlük verilməsi, immun sistemini gücləndirmək üçün digər zəruri addımlar daxildir.

- Koronavirus qədər olmasa da, xərçəng xəstəliyi də geniş yayılıb. Təsadüfi deyil ki, hər ailədən ən azı bir nəfər bu amansız xəstəliyin qurbanı olub...

- Birmənalı olaraq deyirəm ki, immun sistemi zəif olan insanlar daha çox xərçəng xəstəliyinə mübtəla olur. Apardığımız araşdırmalar zamanı dəfələrlə şahid olmuşuq ki, uzun müddət dieta saxlayan və ya bir ay fasiləsiz olaraq oruc tutan və orqanizmi zəif olan insanlarda xərçəng xəstəliyi sürətlə inkişaf edir. Unutmaq lazım deyil ki, dieta bəzən arzuolunmaz nəticələrə gətirib çıxarır. Əgər biz sağlam qalmaq istəyiriksə, bu alqoritmi seçməliyik - qəbul etdiyimiz qidalar bizim dərmanımız olmalıdır. Bunun üçün təbii qidalardan istifadə etmək, qida rasionunda ət məhsulları, yumurta və digər qidalara məhdudiyyət qoymaq olmaz. Şirniyyatlar, xəmir xörəkləri immuniteti zəiflətsə də, gündəlik zəruri qidalar rasiondan çıxarılmamalıdır.

- Belə başa düşdük ki, sağlam qalmağın yeganə yolu immun sistemini gücləndirməkdən keçdir. Bəs immun sistemini necə gücləndirək?

- Bəzən belə iddilara rast gəlirik ki, immun sistemi güclü olan insanlarda da sağalmaz xəstəliklər ortaya çıxır. Guya bu xəstəliklərin immun sistemi ilə əlaqəsi yoxdur. Əslində isə bu kökündən yanlış yanaşmadır. Əgər biz kiçik bir statistika aparsaq və müqayisə etsək görərik ki, immun sistemi zəif olanların riski dəfələrlə yüksəkdir. İmmun sistemi insanda iki cür formalaşmışdır - anadangəlmə və qazanılmış. Əgər bir insan bir dəfə hər hansı virusa, misal üçün koronavirusa yoluxubsa, ikinci dəfə onda bu proses daha yüngül keçəcək. Çünki orqanizmdə artıq müqavimət formalaşıb. Belə bir müqayisə aparmaq olar - bir ölkə və onun ordusu. Bir insan orqanizminin ordusu onun immun sistemidir. Yəni insanı qoruyan bir sistemdir. Fransız bioloqu, müasir mikrobiologiya və immunologiyanın banisi Lui Paster tərəfindən qoyulan nəzəriyyə immun sitemini yaratmaq, Robert Hook və digər alimlərin nəzəriyyərləri isə immun sistemini gücləndirməyi özündə ehtiva edir. Dövrümüzdə də bu sahədə ciddi elmi araşdırmalar gedir və gəlinən yekdil qənaət ondan ibarətdir ki, immun sistemini gücləndirmək əsasən təbii yolla qidalanmaqdan keçir.

- İnsan orqanizmi - özünüsağaltma qabiliyyətinə malik bioloji kompleks sistemdir. Bildiyimiz qədər bioloji müalicə üsulları sahəsində böyük təcrübəyə maliksiniz?

- Artıq dördüncü cü ildir ki, Azərbaycan Tibb Universitetinin İmmunologiya və Mikrobiologiya kafedrası ilə rəhbəri olduğum Etnobotanika laboratoriyası arasında qarşılıqlı əməkdaşlıq əlaqələri mövcuddur və təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, kifayət qədər müsbət nəticələr əldə edə bilmişik. Eyni zamanda özəl tibb mərkəzləri ilə əməkdaşlıq edirik. Elmi izahlı olduğuna görə, bəzən araşdırmalarımız ictimaiyyət üçün əlçatmaz olur. Pandemiya dövründə alman alimlərindən təklif aldıq və 11 səhifədən ibarət araşdırmamda onlara Azərbaycanda olan və əsasən immunbərpaedici və virus əleyhinə aid bitkilərlə bağlı məlumatlar göndərdim. Xüsusən koronavirusa qarşı təsirli olan bitkilərin siyahısını və tərkibini hazırladım. Sloveniya və Yakutiyada olan alimlərlə də COVİD-19-a qarşı bitkilərlə bağlı faydalı müzakirələr apardıq. Çox sevindirici haldır ki, pandemiyaya qarşı dünya alimləri səylərini birləşdirib və biz də bu prosesdə yer alırıq. Bir halda ki, bu xəstəliyə qarşı mübarizə zamanı təbii bitkilərin üstünlüyü amili qabardılır, bu artıq çox mətləblərdən xəbər verir. Bu o deməkdir ki, bu bitkilərin immun sistemi üçün olduqca mühüm əhəmiyyəti var.

- Qeyri-neft sektorunun inkişafı istiqamətində ciddi addımlar atılır. Elmi istehsal sahələrinin yaradılması üçün hansı addımlar atılmalıdır?

- Mövcud şəraitdə qeyri-neft sektorunun tərəqqisindən danışırıqsa, ilk növbədə aqrar sektorun inkişafı əsas götürülməlidir. Çünki insanların yaşaması üçün ilk növbədə onlar qida ilə təmin edilməli və bütün bunlar əsasən daxili bazarın hesabına həyata keçirilməlidir. Son dövrlər insan populyasiyaları o qədər artıb ki, biosferin artıq ona gücü çatmır. Ekoloji çirklənmə, oksigen və su çatışmazlığı bəşəriyyətə əlavə problemlər yaradır. Aqrar sektorun inkişafına gəldikdə isə ilk növbədə təbii floradan başlamaq lazımdır. Heyvandarlığın inkişafı üçün yemçiliyin inkişafı mühüm rol oynayır. Hər bir otlağın, hər bir örüşün özünün bir yükü var. Bir müddət öncə Norveçin Ekologiya Nazirliyinin dəstəyilə apardığımız monitorinqlər zamanı müşahidə etdik ki, heyvandarlığın inkişafında əsas problem yem çatışmazlığı ilə bağlıdır. İribuynuzlu və xırdabuynuzlu heyvan sürüləri əsas otlaqları istismar edir, yediyini yeyir, yemədiyini isə tapdaq altına qoyur. Otlaq və biçənəklərin yaxşılaşdırılması aqrar sektorun qarşısında duran əsas vəzifələrdən biridir. Bununla bağlı Kənd Təsərrüfatı Nazirliyinə layihə təqdim etdik və müsbət cavab aldıq. Növbəli otarılma, populyasiyaları qorumaq üçün bitkiləri bərpa etmək, əkinçilik, təbii qida məhsulları yetişdirmək, taxılçılığın inkişafı zəruri istiqamətlər olmalıdır. Misal üçün ətirli ədviyyəli bitkilərdən alınan efir yağlarından o qədər gözəl məhsullar əldə edə bilərik ki, kənardan sabun, şampun və digər məhsulları idxal etməyə gərək qalmaz. AMEA-nın nəzdində nəzarət mexanizminin yaradılması, özəl sektorun fəaliyyətinə bu qurum tərəfindən icazələr verilməsi yaxşı fürsət olardı. Misal üçün bu günlərdə Azərbaycanda ilk dəfə olaraq immun bərpaedicilərin "Avroasiya" patentini aldıq. Bu patent həm tablet, həm şurup, həm də birin birə nisbətində şirəyə qatıb, körpələrə veriləcək dərman məhsullarını istehsal etməyə icazə verir. Mən buradan üzümü sahibkarlara tutub onlara çağırış edirəm ki, Azərbaycanın kifayət qədər zəngin florası var və bundan istifadə etmək lazımdır. Bu həm gəlirli, həm də perspektivli bir sahədir. Çox təəssüf ki, keyfiyyətli, həm də yaxşı gəlirli və az sərmayə tələb edən bu sahəyə sahibkarlar arasında maraq zəifdir. Sözsüz ki, bu məsələdə təkcə sahibkarları da qınamaq düzgün olmazdı. Azərbaycan Milli Elmlər Akademiyasının bu günə qədər olan yarıtmaz fəaliyyəti, bu istiqamətdə ciddi araşdırmalar aparılmaması, üzərinə düşən işləri layiqincə yerinə yetirə bilməməsi, ictimaiyyətə və sahibkarlara qapalı fəaliyyəti də bu məsələyə təsirsiz ötüşməyib. Əksər hallarda alimlərin əldə etdiyi nəticələr peşəkar müstəvidə qiymətləndirilməyib. AMEA peşəkar səviyyədə deyil, ayrıseçkilik qoyularaq, intriqa, dedi-qodu səviyyəsində idarə olunub. AMEA-nın prezidenti, hörmətli akademik Ramiz Mehdiyevin "AMEA bu günə qədər "pokazuxalıqla" məşğul olub" fikri bu xüsusda təsadüfi sayıla bilməz.

- Ölkəmiz ən müasir tibbi avadanlıqlarla təhciz olunsa da, cəmiyyətdə instrumental müayinələrin səhihliyinə inam azdır. Sizcə, bunu doğuran səbəblər nədir?

- Tamamilə haqlısınız ki, Azərbaycanda Avropa protokollarına uyğun, ən müasir standartlara cavab verən avadanlıqlarla təhciz edilən səhiyyə ocaqları var və onların sayı kifayət qədərdir. Özü də bu tibb ocaqları təkcə paytaxtda və ya iri şəhərlərdə deyil, ən ucqar regionlarımızda da istifadəyə verilib. Cənab Prezident İlham Əliyev Azərbaycan səhiyyəsinin inkişafı istiqamətində ciddi səy göstərir və ortada çox ciddi nəticələr var. Digər sahələrdə də belədir. Dövlətin rəhbəri, birinci şəxsi ölkənin inkişafı üçün yoruldum demədən çalışır, bütün imkanlar yaradılıb. Bircə qalır peşəkarlıq səviyyəsini artırmaq, təcrübə mübadiləsi. Hesab edirəm ki, kadrları xaricdə ixtisaslaşmış mərkəzlərə yönəltməklə problemi həll etmək olar. Bildiyim qədər Azərbaycan Dövlət Tibb Universitetinin rektoru, kifayət qədər peşəkar ziyalıdır. Baxmayaraq ki, şəxsən tanımıram, fəaliyyətini izləyirəm və inanıram ki, bu istiqamətdə də müsbət yeniliklərin şahidi olacağıq. Eyni zamanda yeni yaradılan TƏBİB-in fəaliyyəti bu istiqamətdə də müsbət dinamikanın olacağını söyləməyə əsas yaradır.

- Laborator müayinələr haqqında da eyni fikirləri söyləmək olar. Kifayət qədər reaktivlər var, lakin müayinələr təsdiq olunmaq üçün xaricə göndərilir...

- Reaktivlər əslində Azərbaycanda istehsal olunmur, xaricdən idxal olunur. Bu mənada da hər hansı çətinliyimiz yoxdur. İnstrumental müayinələrə aid etdiyim nüansları laborator müayinələrə də aid etmək olar. Bu sahədə də kadr çatışmazlığı müşahidə olunur. Bu sahədə də beynəlxalq təcrübənin əzx edilməsinə, birgə təlimlərin təşkilinə ehtiyac var.

- Azərbaycan elmi bu gün hansı mərhələdir və elmimizi inkişaf etdirmək üçün daha hansı addımlar atılmalıdır?

- Elm elə bir sahədir ki, bu sahədə qiymətləndirmə obyektiv olmalıdır. Yox əgər bu sahədə şəxsi əlaqələr təcrübəni önləyəcəksə, nəticə faciəvi olacaq. Ulu Öndər Heydər Əliyev deyərdi ki, elmi olmayan dövlətin gələcəyi ola bilməz. Hesab edirəm ki, elm kifayət qədər həssas sahədir və bu sahədə ədalətsizlik ümumilikdə ölkə elmini batıra bilər. Digər sahələrdə olduğu kimi, elm sahəsində də inkişaf gedir. Lakin bununla kifayətlənmək olmaz. Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun üzərinə bu mənada böyük məsuliyyət düşür. Baxmayaraq ki, uzun illərdir həmin qurumun ekspertiyəm, Elm Fondunun fəaliyyəti ilə bağlı nikbin fikirdə deyiləm.

- Son dövrlər Azərbaycanda qadınların rolu artır. Artıq xanımlarımız hakimiyyətin bütün qollarında, icraedici, qanunverici və digər qollarda, özəl və elm sektorunda təmsil olunurlar...

- Azərbaycanda qadınların rolundan danışarkən, bir ismin üzərindən sükutla keçmək olmur. Hesab edirəm ki, ölkəmizdə son dövrlər qadın hərəkatının formalaşması Birinci vitse-prezident Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Qadınlar böyük qüvvədir və hər bir uğurlu kişinin arxasında zəkalı və zəhmətkeş bir qadın dayanır. Qadın həm anadır, həm işçidir, həm alimdir, həm biznesmendir və s. Bir misal çəkim: bu gün kifayət qədər populyar alimlərimiz var ki, onlar məşəqqətli yol keçərək, bu uğurlara imza atıblar. O uğurları onlarla birlikdə xanımları qazanıb. Həmişə demişəm və yenə də deyirəm: Cənab Prezident İlham Əliyevlə Birinci vitse-prezident Mehriban xanım Əliyeva birlikdə çox güclüdürlər və qürurverici haldır ki, bizim belə gözəl, nəcib liderlərimiz var. İnanıram ki, Azərbaycanda qadınların rolu bundan sonra daha da artacaq və cinsi ayrıseçkilik tamamilə aradan qalxacaq. Həır halda aparılan siyasət bunu deməyə əsas yaradır. Qadınlarla yanaşı gənclərimizin də yüksək postlara təyin olunması yeni mərhələnin başlanğıcıdır və biz inanırıq ki, Cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən ölkəmizin qarşısında böyük imkanlar açacaq.

SOSİUM.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31