Virusun yayılmasında vətəndaşlarımızın da “payı” var
4 İyun 2020 16:24 SosialMəsuliyyətsizlik daha böyük fəsadlarla və itkilərlə yol aça bilər
Rəsmi statistik məlumatlara görə, son günlərdə koronavirus infeksiyasına yoluxma ilə bağlı ölkəmizdə artım halları müşahidə olunmaqdadır. Artıq yoluxanların sayı müalicə olunanları üstələməkdədir. Etiraf edilməlidir ki, yaranmış vəziyyət ciddi tədbirlərin görülməsini zəruri edir. Millət vəkili, BDU-nun kafedra müdiri, professor Kamilə Əliyeva deyib ki, infeksiyaya yoluxanlar arasında dövlətimizin diqqəti, qayğısı, səhiyyə işçilərimizin, həkimlərimizin peşəkarlığı sayəsində sağaldılaraq, sağlaraq yenidən normal həyatlarına, ailələrinə qovuşan xeyli sayda vətəndaşlarımız, insanlarımız var: "Yəni, dövlətimiz, dövlət başçımız, hökumətimiz, müvafiq qurumlarımız öz üzərlərinə düşən vəzifələri uğurlu və laqyincə yerinə yetirir. Əgər dövlətimizin, xüsusilə, dövlət başçısı cənab İlham Əliyevin birbaşa qətiyyəti, iradəsi sayəsində vaxtında bu məsələyə ciddi şəkildə yanaşılmasaydı, önləyici və dünyaya nümunə olacaq addımlar atılmasaydı, bugünkü mənzərə daha da ağır və məyusedici olardı. Məhz dövlətimizin, ölkə Prezidentimizin, o cümlədən, Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevanın insanpərvərliyi, gərgin zəhməti, fəaliyyəti nəticəsində ölkəmiz, xalqımız bu ağır, qorxulu, təhlükəli bəlanın daha ağır fəsadlarından sığortalana bildi". Onun sözlərinə görə, ancaq təəssüflər olsun ki, atılan addımlara, görülən bu qədər işlərə baxmayaraq, hələ də bu bəladan tam xilas ola və qurtula bilməmişik: "Açıq şəkildə demək istəyirəm ki, bu məsələdə, yəni, son zamanlar yoluxma hallarının artmasında, onun narahatedici məqama çatmasında bəzi və bir çox vətəndaşlarımızın da "rolu", "payı" var. Çünki hələ də bu məsələyə, bu infeksiyaya barmaqarası yaşananlar, onu ciddiyə almayanlar, "bu, kimlərinsə oyunudur, belə bir virus yoxdur" və sair deyənlərimiz var. Bu, çox ziyanlı və təhlükəli tendensiyadır. Bu yanaşmadan, bu tendensiyadan artıq uzaqlaşmaq, əl çəkmək lazımdır. Məsuliyyətsizlik, biganəlik, laqeydlik olmaz. Çünki məsuliyyətsizlik həm həmin insanın özünün, həm də digərlərinin həyatını böyük təhlükə, risq altına atır. Ona görə vətəndaşlarımız məsuliyyətsizlik, biganəlik, laqeydlik götərməməlidir, dövlət başçsının, Birinci vitse-prezidentin müraciətlərinə, çağırışlarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın, TƏBİB-in tövsiyələrinə, qaydalarına, tələblərinə birmənalı və bir nəfər kimi əməl etməlidirlər. Bildiyiniz kimi, parlamentin sonuncu iclasında İnzibati Xətalar Məcəlləsinə düzəlişlər edildi və elə həmin gün də dövlət başçımız tərəfindən imzalanaraq, hüquqi qüvvəsinə mindi. Bu dəyişikliklər də tibbi maskalardan istifadə etməyənlərlə bağlı cərimələri nəzərdə tutur. Bəli, biz istəməzdik ki, kimlərsə bu çətin vaxtlarda əlavə ziyana düşsünlər, cərimələnsinlər. Bunu kimsə istəmir, ancaq bunun olmaması üçün vətəndaşlarımızın tibbi maskalardan istifadə, sosial məsafəyə əməl etməsi lazımdır. Cəmi 30 qəpik xərcləyib, 50 manat cərimdən uzaq olsunlar, həm də özlərinin və digərlərinin sağlamlıqlarının qeydinə qalsınlar. Bu baxımdan, həm məlum dəyişikliyi dəstəkləyir, həm də Operativ Qərargahın, TƏBİB rəhbərliyinin dünənki açıqlamalarını, narahatlıqlarını bölüşürəm. Hesab edirəm ki, həftə sonları qadağaların, məhdudiyyətlərin sətrləşdirilməsinin nəzərdə tutulması reallıqlardan, zərurətdən doğan bir məsələdir. Bu, məcburiyyətdir. Düzdür, son qərar bu gün veriləcək, Baş nazir tərəfindən yeni qaydalar bu gün açıqlanacaq, ancaq bütün hallarda bu məhdudlaşdırıcı, sərtləşdirici addımlara gedilməsi lazımdır və vacibdir. Bunlar olmasa, biz daha böyük fəsadlarla və itkilərlə, ziyanlarla üzləşə bilərik. Bunun baş verməməsi üçün də deyilənlərə əməl edilməli, məsuliyyətlilik nümayiş etdirilməli, məhdudlaşdırcı addımlar anlayışla qarşılanmalıdır".
Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib ki, son günlər koronavirusla bağlı yoluxmaların sayında müşahidə olunan artım sərt karantin rejiminin yumşaldılmasından sonrakı dövrdə müəyyən qrup insanların TƏBİB-in açıqladığı metodiki göstərişlərə əməl etməməsi, ictimai nəqliyyatda, qapalı məkanlarda tibbi maska taxmaması, sosial məsafəni gözləməməsi və laqeydliyinin nəticəsidir. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın infeksiyanın Azərbaycanda qeydə alındığı gündən məqsədyönlü fəaliyyət göstərdiyini xüsusi vurğulayan millət vəkili söyləyib ki, sərt karantin rejiminin mərhələlərlə yumşaldılmasına başlanan müddətədək yoluxmanın və itkinin minimuma endirilməsi, eyni zamanda bu dövrdə ölkənin tibb müəssisələrinin bu sahədə yüksək səviyyəli kadrlarla və texniki avadanlıqlara təchizatı təmin edilib, laboratoriyalar yaradılıb.n M.İbrahimqızı qeyd edib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq görülən işlər, əldə edilən uğurlar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də yüksək qiymətləndirilib, Azərbaycan nümunəvi ölkə kimi qeyd olunub: "Bir sözlə, dövlət üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib və bu gün də yerinə yetirməkdədir. Bundan sonrakı mərhələdə əsas həlledici amil vətəndaş məsuliyyəti idi. Nəzərə alınmalıdır ki, bu virus qeyb olmayıb, bizim aramızdadır və insanlar bu virusla yaşamağı öyrənməlidir. Çünki virusla bağlı peyvənd, dərmanın nə zaman hazır olacağı bilinmir və cəmiyyətin də uzun müddət sərt karantin rejimində yaşaması mümkün deyil. Buna görə də bir sıra ölkələrdə olduğu kimi Azərbaycanda da müxtəlif sahələrlə bağlı metodiki göstərişlər təsdiqlənib, qaydalar müəyyənləşib. Buna uyğun olaraq da mərhələli sərt karantin rejiminin yumşaldılmasına başlanmışdı. Bu sadə tələblərə riayət etmək, ictimai nəqliyyatda, qapalı məkanlarda tibbi maska taxmaq, sosial məsafəni gözləmək bu virusdan qorunmağın ən asan və rahat yoludur". Deputat bildirib ki, sərt karantin rejiminin yumşaldılması ilə bağlı son qərardan sonra maska taxılmaması, sosial məsafəni gözlənilməməsi meylləri artıb: "Ramazan bayramı və 28 may Respublika Günü ilə əlaqədar ardıcıl 8 gün qeyri-iş günü elan edildi. Həmin günlərdə bir sıra insanlar karantin rejiminin tələblərinə ciddi riayət etmədilər. Bayram günlərində bu insanların laqeydliyi nəticəsində yoluxmaların sayında nəzərəçarpacaq artım, yoluxanların sayının sağalanların sayından çox olması qeydə alındı. Bu gün isə yoluxanlarla sağalanlar arasında fərq 200 nəfəri ötüb. Bütün bunları nəzərə alaraq, Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi bölməsi həftə sonları COVİD-19-a daha çox yayılmanın qeydə alındığı Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərlərində, Abşeron rayonunda çölə çıxmanın məhdudlaşdırılmasını təklif edib. Artıq həftə sonlarında küçəyə çıxmağa qadağa qoyulması, ictimai və fərdi nəqliyyat vasitələrinin hərəkətinin həmin günlərdə qadağan edilməsi bir zərurətdir. Belə sərt tədbirlər tətbiq olunmasa, biz daha çox yoluxmaların şahidi olarıq. Ona görə də Operativ Qərargaha təqdim edilən təklifi dəstəkləyirəm. Bəzilərinin COVİD-19-un nə dərəcəli təhlükəli olmasının fərqində olmadığını nəzərə alsaq, həftə sonu bu qadağanın tətbiqi vacibdir".
Alim