Millət vəkili: “Özünüzün, ailənizin və cəmiyyətin sağlamlığını təhlükə altına atmayın”

"Hamıya bəllidir ki,  koronavirus bizdə yaranmayıb, ancaq ölkəmiz dünyanın bir hissəsi olduğundan ziyanı bizə də dəyir. O da məlumdur ki, vətəndaşın sağlamlığını əsas götürən cənab Prezidentimiz İlham Əliyevin çevik və düzgün siyasəti nəticəsində bu bəladan indiyədək az itki ilə çıxan ölkələrdən biri Azərbaycandır". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Musa Qasımlının sözlərinə görə, dövlətimiz vətəndaşın sağlamlığının qorunması, sosial təminatı ilə bağlı olaraq özündən asılı olan hər şeyi edib, edir və yük onun çiyinlərindədir. Ancaq çox şey vətəndaşların özündən asılıdır: "Təəssüflə onu da açıq şəkildə söyləmək lazımdır ki, biz özünütəşkil səviyyəsi yüksək olan cəmiyyət deyilik, bir çoxları "əşşi, mənə nə" deyəcək qədər laqeyddir və hər şeyi dövlət hakimiyyətindən gözləyir, eyni zamanda hakimiyyətin də tövsiyələrinə riayət etmirlər. Sonra da deyirlər ki, toyumuz qalıb, yas məclislərinə normal gedə bilmirik. Gəlin özümüzə sual verək: bunun səbəbi nədir? Günahı kimdədir? Səbəbini və günahkarı bilməkdən ötrü ilk növbədə özümüzə, küçələrə, avtobuslara, metroya, çayxana və restoranlara baxmaq gərəkdir. Görünən odur ki, insanların bir qismi tibbi maska taxmır, sosial məsafəni gözləmir, çay masası arxasında bir-birinə az qala yapışmış halda otururlar. Bu qədər məsuliyyətsizlik olarmı? Nə üçün belə edirlər? Soruşanda deyirlər ki, virus mənə bir şey etməz. Birdəfəlik başa düşmək lazımdır ki, hökumət hər binanın giriş qapısına, avtobusa, metro vaqonuna, çayxanaya polis işçisi qoya bilməz. Özünüzün, ailənizin, qohumlarınızın, qonşularınızın və cəmiyyətin sağlamlığını təhlükə altına atmayın, çalışın evdə qalın, evdən çıxmaq zərurəti yarandıqda tibbi maska taxın, sosial məsafəni gözləyin, gigiyena qaydalarına ciddi riayət edin. İmkan verin, cəmiyyət normal hala dönsün".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31