Kavli mükafatı laureatlarının adları məlum olub

Dünyanın beş ölkəsindən yeddi alim astrofizika, nanoelm və neyroelm sahələrində etdikləri kəşflərə görə Kavli mükafatına layiq görülüb. Qaliblərin adları Norveçdə mayın sonunda Norveç Elm və Ədəbiyyat Akademiyası tərəfindən açıqlanıb. Hər bir sahə üzrə laureatlara 1 milyon dollar məbləğində mükafat təqdim olunacaq.

Astrofizika sahəsində Endryu Fabian (Böyük Britaniya), nanoelm sahəsində Harald Rouz (Almaniya), Maksimilian Hayder (Avstriya), Knut Urban (Almaniya) və Ondrey L. Krivanek (Böyük Britaniya və Çexiya), nevrologiya sahəsində isə Devid Yulius (ABŞ) və Ardem Pataputyan (ABŞ) bu mükafata layiq görülüblər.

Qeyd edək ki, 2008-ci ildən təsis olunan Kavli mükafatı iki ildə bir dəfə təqdim edilir. Bu il COVID-19 pandemiyası ilə əlaqədar mükafatların verilməsi mərasimi baş tutmayıb. O, 2022-ci ilin sentyabrında növbəti mükafatlandırma mərasimi ilə birlikdə keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31