VK sosial sığorta ödənişi ilə bağlı vəkillərə müraciət etdi
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası sosial sığorta ödənişi ilə bağlı vəkillərə müraciət ünvanlayıb.
3 İyun 2020 14:49 SosialAzərbaycan Respublikasının Vəkillər Kollegiyası sosial sığorta ödənişi ilə bağlı vəkillərə müraciət ünvanlayıb. "Olaylar"ın məlumatına görə, müraciətdə deyilir:"Heç şübhəsiz ki, hazırki çətin iqtisadi durumda sosial sığorta ödənişinin aşağı salınması çox böyük bir nailiyyətdir, hər birimiz bunu gözəl anlayırıq. Bugünədək xərclər çıxılmadan sosial sığorta 20%, gəlir vergisi 14% təşkil edirdi. Bu gündən isə xərclər çıxılmaqla müvafiq olaraq 10% və 14% təşkil edəcək. Ümumi vergi və icbari ödəniş yükü bundan sonra xərclər çıxılmaqla ödənildiyi üçün əslində daha da aşağı olacaq. Misal üçün, əgər əvvəl 100 manat mədaxil olunan qonorar tam 34% vergiyə və icbari ödənişə cəlb olunurdursa, indi 100 manatdan xərclər çıxılmaqla qalan məbləğ 24% tutulmaya məruz qalacaq.Vergi orqanları tərəfimizdən işçi qaydada müzakirə və yazışma davam edir, xərclərin çıxılmasının vacibliyini onlar artıq təsdiq edirlər.
Bütün qurum rəhbərlərindən, vəkil həmkarlarımdan bir xahişimiz var, ödənilən qonorar məbləğinin bir qayda olaraq dəfələrlə aşağı salınmasına imkan verməyin. Bu vəkilliyi nüfuzdan salır, korrupsiya üçün şərait yaradır, vəkilin öz fəaliyyətində qanunsuzluq etdiyi barədə cəmiyyətdə rəy formalaşdırır. Təhlillərimiz onu göstərir ki, vəkillərdən edilən şikayətlərin 80% məhz ödənişin böyük hissəsinin gizlədilməsi ilə bağlıdır, bunu mütləq nəzərə alın. Xərclər deyəndə icarə, üzvlük haqqı, nəqliyyat, rabitə, yanacaq, kommunal, kargüzarlıq, təmsilçilik və qanunvericiliklə müəyyən olunan başqa xərclər başa düşülür. Məbləğ tam göstərilsin, xərclər çıxılsın, qalan məbləğdən 24% çıxılmaqla vəkilə ödənilsin. Mühasiblərinizə xüsusi fikir verin, mühasib savadlı və səriştəli olmalıdır, əksər qurumlarda mühasiblərin peşə hazırlıqları çox aşağıdır, özlərini əziyyətə salmaq istəmirlər, bəhanə axtarırlar. Bu cür mühasibləri dəyişin. Maliyyə sahəsində aparat rəhbərinin maliyyə üzrə müavini, vəkil Anar Əsdov və maliyyə şöbəsinin müdiri Elçin Paşayevlə məsləhətləşin, onlar tam səriştəlidirlər və peşakardırlar. Ümid edirik ki, məsələyə tam aydınlıq gətirə bildik".