Uhan bazarı - Elçin Hüseynbəyli yazır
3 İyun 2020 12:15 SosialElçin Hüseynbəyli
Əslində bu yazının başlığı dırnaqda verilməliydi. Çünki söhbət "Vosmoy bazarı"ndan gedir. Reklamlarda deyildiyi kimi, bu barədə bir az sonra...
Bir ay əvvəl hamımızı son zamanlar məşğul və narahat edən koronavirus karantini yumşaldılanda sevindik. Çünki insanların məhdudlaşdırılmaş azadlığının bir hissəsi özünə qaytarıldı. Amma üstündən bir-iki gün keçmiş bu sevincimiz öz işığını itirməyə başladı. Çünki soydaşlarımızın böyük bir kəsimi elə başa düşdü ki, koronavirus pandemiyası deyilən era başa çatıb, virus tamam yoxa çıxıb. Halbuki, dəfələrlə xəbərdarlıq olunmuşdu ki, adamlar məsuliyyətsiz davransalar, virus dalğası yenidən genişlənə bilər. Bu xəbərdarlıq qulaqardına vuruldu.
Karantin yumşaldılan günün səhəri adamlar və maşınlar küçəyə axışdı.
Axşamüstü küçəyə çıxmaq qorxulu kabusa çevrildi. Bu can qorxusu yox, soydaşlarının qorxusuydu. "Axmaq adamlar öz canlarından qorxmurlar, ona görə də başqalarının canları veclərinə deyil. Ağıllı adamlar isə ətrafdakıların canından qorxduqları üçün özlərini qoruyurlar." Bu fikri yazın mənim ayağıma.
Küçələrdə adamlar elə gəzişməyə başladılar ki, sanki heç nə olmayıb və hər şey geridədir.
Söhbətxanalarda nərd atan, domino şappıldadan, samovar çayı içən ixtiyar adamlar və qadınlar, sanki Novruz bayramını qeyd edirdilər. Xüsusən də dəstə ilə gəzən, öpüşüb-görüşən, bir birinin əlindən tum alıb çırtlayan, şərikli "enerji" içən cavanlar məsuliyyətsiz davrandılar.
Adamı heyrətə salan bəzi hadisələrin şəxsən şahidi oldum. Zeytunluq deyilən parkda bir dəstə gənc üzbəüzdəki oturacağı da sürüyüb gətirmiş və qabaq-qabağa oturub, bir-birilərinin üzünə tum "tüpürürdülər".
Heç bir sanitar qaydası olmayan çörəkxanadan qutab alıb nəvəsinə verən və elə oradaca ona yedirdən nənəni başa düşə bilmədim.
Əsas məsələ isə hamının "Uhan" adlandırdığı "vosmoy bazarı" ilə bağlıdır. Bazara günü istənilən vədəsi getsən, qorxub qaçarsan. Adamlar bir-birinin üstündədir. Barmaqla sayılası müştəridə maska var. Satıcıların heç birində maska görmədim. Ona görə də ən sərt rejim və nəzarət belə yerlərdə tətbiq olunmalıdır. Satıclar müəyyən mənada başa düşüləndir. Çünki səhərdən axşama kimi maskada gəzmək, özü də istidə çətindir. Bəs onlardan on dəfələrlə çox olan alıcılar niyə maska taxmırlar? Axı onlar bazarda hardasa 15-20 dəqiqə olurlar.
İyunun 1-dən karantin qaydaları xeyli yumşaldıldı. Amma vətəndaş məsuliyyəti barədə hökumət xəbərdarlığı və hələ də qüvvədə qalan məhdudiyyətlərə çoxları əməl etmir. Metro və BNA avtobuslarını, eləcə də ciddi ticarət mərkəzlərini çıxmaq şərtilə məsuliyyətsizlik addımbaşı özünü göstərir. Ona görə də son bir həftədə virusa yoluxanların sayı 1500-ə qədər artıb. Yalnız son sutkada 278 yoluxma faktı qeydə alınıb.
Bəzi sadə soydaşlarımız anlamaq istəmirlər ki, qadağalar və xəbərdarlıqlar daha çox onların xeyri üçündür. Çünki elə adamlar var ki, beş il də çölə çıxmasalar yeməyə çörəkləri, gəzməyə yerləri var.
Dövlətimiz geridə qoyduğumuz xüsusi karantin günlərində vətəndaşlarımızın yanında oldu, onlara öz dəstəyini verdi. Və güman ki, bundan sonra da belə olacaq.
Müdrik görünmək istəmirm, amma...
Amma səbr və xəzinə də sonsuz deyil...
3 iyun 2020