Virusla mübarizə hər kəsin gündəlik həyat tərzinə çevrilməlidir
2 İyun 2020 10:30 SosialDünyanı bürüyən koronavirus pandemiyasının aradan qaldırılması təəssüflər olsun ki, hələ də tam mənada mümkün olmur. Düzdür, Azərbaycan dövləti bu virusa qarşı mübarizədə kifayət qədər səmərəli və effektiv fəaliyyət ortaya qoyub. Məhz bu fəaliyyət nəticəsində virusun geniş miqyasda yayılmasının qarşısı alınıb. Lakin təəssüf hissi ilə qeyd etmək lazımdır ki, karantin qaydalarının yumşaldılmasından sonra vətəndaşlarımız arasında yaranan arxayınlıq, eləcə də məsuliyyətsizlik nəticəsində ölkədə koronavirusa yoluxanların sayında artım qeydə alınıb. Elə buna görə də vətəndaşlarımızın qoruyucu maskalardan istifadəsi, gigiyenik qaydalara əməl etməsi şərt olub. Hətta buna əməl etməyənlərin cərimə olunması reallaşdırılıb. Bəziləri bunu normal hesab etməsə də, lakin həm dünya ölkələrində olan təcrübə, həm də atılan bu və ya digər addımlar onu deməyə əsas verir ki, burada əsas məqsəd vətəndaşları qorumaq, onları pandemiyadan xilas etməkdir. Elə millət vəkilləri də bu qənaətdədirlər.
Millət vəkili Məzahir Əfəndiyev deyib ki, koronavirus pandemiyası ilə apardığımız mübarizə bizə media institutlarının əhəmiyyətini daha yaxşı anlamağa kömək etdi. Onun sözlərinə görə, sosial şəbəkələrin yaratdığı şərait çərçivəsində fərdlərin xəbər mənbəyi kimi çıxış etməsində müxtəlif imkanların olmasına baxmayaraq, bu dövrdə biz peşəkar, institutlaşmış media qurumlarının rolunu bir daha başa düşdük: "Xalqımıza vəziyyətin və ondan irəli gələn qərarların operativ formada çatdırılmasında, mövcud vəziyyətin ciddiliyinin əhalimiz tərəfindən başa düşülməsində media institutlarının töhfəsi böyük oldu. Əgər digər ölkələrə nisbətdə pandemiyanın fatal fəsadları ölkəmizdə az oldusa, bunda medianın da rolu böyükdür. Bunları nəzərə alaraq, təsadüfi deyil ki, media idarəçiliyin bir qolu kimi tanınır. Burada hökumət qurumlarının da media ilə yaxından kommunikasiya qurulmasında səylərini vurğulamaq lazımdır. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən mütəmadi brifinqlərin keçirilməsi bu səylərin bariz nümunəsidir. Bundan əlavə, Cənab Prezident İlham Əliyevin media mənsublarına daimi diqqəti və onlara ayırdığı zaman, dövlət idarəçiliyində medianın xidmətlərinin tanınmasıdır".
Millət vəkili qeyd edib ki, lakin, bu vəziyyətdə bəzi media qurumlarının milli təhlükəsizliyimizə və inkişafımıza məsuliyyətsiz yanaşma hallarını da müşahidə etdik: "Yanlış, əsaslandırılmamış məlumat yayaraq cəmiyyət arasında təlaş yaratma hallarını buna misal göstərmək olar. O biri tərəfdən baxsaq, bu cür neqativ hallar xalqımıza hansı media mənbələrinin daha etibarlı olduğunu anlamağa və məlumatları yalnız rəsmi mənbələrdən izləməli olduqlarına siqnal verdi. İctimai rəyin neqativləşməsinə hədəflənmiş bu tip əsaslandırılmamış məlumatların yayılmasında sosial şəbəkələrin yaratdığı "imkanları" nəzərə alaraq, bu şəbəkələrdə yayılan bəzi məlumatların üzərində nəzarətin gücləndirilməsi qaçılmazdır. Bu nəzarət eyni zamanda, milli əxlaqımıza zidd addımlar atan bəzi individual şəxslərə də şamil olunmalıdır. Əslində, Möhtərəm Prezidentimiz İlham Əliyev problemlərinə toxunduğu, eyni zamanda dəstək gözlədiyi sahələrdən birinin məhz müstəqil və sağlam media olduğunu dəfələrlə bildirmişdir. Bunun üçün isə ilk növbədə qanunvericilik hakimiyyəti tərəfindən hüquqi əsaslar yaradılmalıdır. Bu məsələyə post-pandemiya dövrünün digər bir çağırışı kimi də yanaşa bilərik. Bunları nəzərə alaraq, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin dəsti-xəttini əsas tutan, öz işinə peşəkarcasına yanaşan, birliyimizi təmin edərək "Biz Birlikdə Güclüyük" aksiyasına müsbət töhfələr verən media qurumlarına təşəkkürümü bildirmək istərdim. Öz məsuliyyətini tam anlamayan media orqanlarına isə təklifim milli birliyimizin, inkişafımızın və sosial ədalətin təmin olunmasında əhəmiyyətlərini daha da yaxşı dərk etmələridir. Müasir texnologiyaların yaratdığı imkanlardan dövlətimizin inkişafı və çiçəklənməsi istiqamətində istifadə etmək lazımdır. Bütövlükdə götürsək, media qurumları üçün də bu yeni konteksə uyğunlaşmaq böyük təcrübə toplamağa imkan verdi və onların fəaliyyətində sağlamlaşma ilə müşahidə olundu".
Millət vəkili Sədaqət Vəliyeva isə deyib ki, pandemiya vəziyyəti hələ də davam etdiyindən virusla mübarizə hər kəsin gündəlik həyat tərzinə çevrilməlidir: "Azərbaycan dövləti koronavirus infeksiyası ilə mübarizə sahəsində bütün zəruri tədbirləri həyata keçirir. Elə bunun nəticəsində ölkəmizdə pandemiya ilə əlaqədar məsələləri ciddi nəzarətdə saxlamaq, virusun geniş yayılmasının qarşısını almaq və insanların həyatını maksimum şəkildə qorumaq mümkün olub. Heç şübhəsiz xüsusi karantin rejimi dövründə yoluxma hallarının sayı minimuma endirilib, ölkəmizdə ölüm halları çox aşağı səviyyədə olub, xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalanların sayı yeni yoluxma hallarının sayını kəskin üstələyib".
Millət vəkili bildirib ki, xüsusi karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra, yeni yoluxma hallarının sayında artım müşahidə olunmağa başlayıb və əldə edilmiş pozitiv nəticəni qoruyub saxlamaq mümkün olmayıb: "Bu səbəbdən də indiki dövrdə pandemiya ilə səmərəli mübarizə bilavasitə vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından, eləcə də fəaliyyətinə icazə verilən sahələrdə rəhbər şəxslərin karantin rejimi qaydalarına riayətdən birbaşa asılıdır. Mütləqdir ki, ictimai yerlərdə, iaşə obyektlərində xəstəlikdən qorunmaq üçün işlənilmiş qaydalara həmin obyektlərin sahibləri, vətəndaşlar riayət etməlidir. Hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün movcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da bu fəaliyyətə dəvət etməlidir. Bu gün ictimai nəzarət və ictimai qınaq vacib şərtdir. Bu mənada xəstəliklə mübarizə tədbirlərinə, karantin rejimi qaydalarını pozanlara qarşı hamı səfərbər olmalıdır. Pandemiya vəziyyəti hələ də davam etdiyindən virusla mübarizə hər kəsin gündəlik həyat tərzinə çevrilməlidir. Çox təəssüflər olsun ki, bəzi insanlarımız pandemiyanın başa çatdığını düşünərək ictimai nəqliyyatda, insan çoxluğu olan ərazilərdə gigiyena qaydalarına riayət və maskalardan istifadə etmirlər. Maskasız olan şəxs əgər xəstədirsə, o, minimum 60 nəfəri koronavirusa yoluxdura bilər. Həmin 60 nəfər isə bir gün ərzində ən azı 3400 nəfəri virusa yoluxdurar. Bu da əlbəttə ki xəstəliyin yenidən alovlanmasına və ölkəmizdə xüsusi karantin rejiminin yenidən tətbiqini labüdləşdirə bilər.
Sədaqət Vəliyeva deyib ki, hər bir məsuliyyətsiz davranma, hər bir qayda pozuntusu xəstələnmək və öz həyatını, ətrafını risk altına atmaq deməkdir: "Bir həkim olaraq da hər bir vətəndaşımızdan xahiş edirəm ki, karantin qaydalarına riayət edən, maskalardan, qoruyucu və dezinfeksiya vasitələrindən istifadə edək. Vətəndaşlarımız maksimum diqqətli olmalı, karantin rejiminin qaydalarına riayət etməli, özləri, ailələri və cəmiyyətimiz qarşısında məsuliyyətlərini dərk etməlidirlər".
Süleyman