Maska taxmayanlar cərimələnəcək- Milli Məclis qərar verdi

İyunun 1-də Milli Məclisin 2020-ci il növbədənkənar sessiyasının ilk iclası keçirilib. Parlamentin sədri Sahibə Qafarova  iclası  açıq  elan etdikdən sonra dövlət himni  səsləndirilib. Gündəliyin təsdiqindən sonra millət vəkilləri cari məsələləri müzakirə etdilər.  Çıxışlarda dövlət qurumlarında ictimai şuraların yaradılması, sosial mediada tanınmış şəxslərə qarşı aqressiv və cinayət hüququna zidd şəkildə aparılan müzakirələrin qarşısının alınması üçün belə şəbəkə operatorlarına müəyyən öhdəliklərin qoyulması,  qəzalı evlərin bərpasına diqqətin artırılması,  QHT-lərin maliyyə mənbələrinin şaxələndirilməsi üçün qanunvericilikdə müvafiq dəyişikliyin edilməsi, bəzi rayon və kəndlərdə onlayn dərslərin daha da aktiv hal alması üçün internet ötürücülərinin  gücləndirilməsi kimi  təkliflər  səsləndirilib. Sonra gündəliyə daxil  edilən  İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin (2-ci oxunuş) müzakirəsinə aparılıb. Spiker Sahibə Qafarova bildirib ki, bu məsələ Milli Məclisin mayın 31-də  keçirilən  iclasında 1-ci oxunuşda qəbul edilib. Sənədi təqdim edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı bildirib ki, ölkəmizdə karantin rejiminin bir qədər yumşaldılması cəmiyyətdə bəzi vətəndaşların məsuliyyətsiz davranışına yol açıb. Parklarda, küçələrdə, ictimai yerlərdə sosial məsafənin qorunmaması, tibbi maskalardan istifadə edilməməsi ciddi narahatlıq doğurur. Bununla əlaqədar Nazirlər Kabineti "Karantin rejimində tənəffüs yollarının qoruyan tibbi maskalardan istifadə qaydalarının tətbiqi ilə əlaqədar" qərar verib. Məcəlləyə edilən dəyişikliklər həmin hüquqi addımların davamıdır. Sənəd pandemiya dövründə sanitar-gigiyena qaydalarının tələblərinin pozulmasına görə inzibati tənbeh hallarını müəyyən edir və bu dövrdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına görə cərimələri müəyyənləşdirir. Dəyişikliyə əsasən, karantin rejimi dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək. Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcək.

Müzakirələr zamanı millət vəkili Siyavuş Novruzov bildirib ki, maska taxanlar cərimələnməyəcək: "Burada söhbət cərimənin miqdarından getmir. Söhbət ondan gedir ki, maska taxmayan cərimələnəcək. İnsanlar qanuna tabe olmalı və ona riayət etməlidir. Filankəsin imkanı var, filankəsin imkanı yoxdur. Bu gəlir vergisi, əmlak vergisi deyil ki, burada məbləğin çox, ya az olmasını müzakirə edək. İndi kimsə əhalidən dəstək almaq istəyirsə, xal qazanmaq istəyirsə, bu cür fikirlər səsləndirir. Ancaq bu cür fikirlərlə əhalinin evini yıxırıq. Məsələ çox sadədir. Maska taxan heç kəs cərimə olunmayacaq. Yəni məsələnin həlli 2 vur 2-dir. Maska tax, cərimə olunma. Biz özümüz üçün bunu hələ müəyyənləşdirə bilməmişik, insanlara nəsihət verməyə çalışırıq". Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev qeyd edib ki, maskasızların cərimə məbləği 20-25 manata endirilməlidir: "Layihədə nəzərdə tutulan 50 manat uyğun cərimə məbləği deyil. Cərimə məbləği 20-25 manata endirilməlidir. Qanunu pozanlar çox vaxt elə pulu olmayan insanlar olur. Digər tərəfdən, kurslarla bağlı məsələyə də baxılmalıdır. Ara məsafəsi gözlənilməklə, maskadan istifadə etməklə kurslar öz fəaliyyətini davam etdirməlidir". Deputat Əli Məsimli bildirib ki, təkcə cərimələrin miqdarını artırmaqla problemi həll etmək mümkün deyil: "Cərimələr layihədə nəzərdə tutulandan ən azı 2 dəfə aşağı olmalıdır. Burada aztəminatlı ailələr, pensiyaçılar var: "İndiyə qədər on minlərlə insan cərimələnib, bundan sonra da cərimələnəcək. Yaxşı olardı ki, bu cərimələr Koronavirusla Mübarizə Fonduna köçürülsün. Təkcə cərimələrin miqdarını artırmaqla problemi həll etmək mümkün deyil". Deputat Ceyhun Məmmədov deyib ki, bu gün yas mərasimləri ilə bağlı qadağalara əməl olunmur: "Müvəqqəti olaraq hansısa müəyyən normalar müəyyənləşdirə bilərik. Çünki yas zamanı insanlar mərasim evlərinə toplaşmasalar da, öz evlərində yas keçirirlər. Bəziləri bu məhdudiyyətləri yanlış formada təqdim edirlər. Onlar iddia edirlər ki, guya hökumət insanların bir yerə toplanmasını istəmədiyi üçün bu məhdudiyyətləri tətbiq edir. Bu gün yas və toy mərasimləri ilə bağlı qadağaların yüngülləşdirilməsi və sadələşdirilməsi istiqamətində addımlar atılması üçün seçicilərim mənə müraciət edir". Millət vəkillərinin qaldırdıqları məsələlərə münasibət bildirən I vitse-spiker Əli Hüseynli deyib ki, belə bir qanun qəbul etməkdə məqsəd vətəndaşları cərimələmək yox, onları qorumaqdır: "Hazırda fərdi maskalardan istifadənin zəruri olduğu yerlərlə bağlı Nazirlər Kabinetinin qərarı qüvvədədir. Biz sadəcə burada cərimələrin miqdarını müəyyən edəcəyik. Vətəndaşlar yaxşı olardı ki, Nazirlər Kabinetinin 2 gün əvvəl olan qərarına da diqqət yetirsinlər".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31