Fotolarda gülümsəmələrini tələb etdiyimiz uşaqlar - Nigar Adil

Adətən belə deyirlər: "Bu dünyada qadın olmaq çətindi". Bu dünyada və cəmiyyətimizdə ən çətini uşaq olmaq və bu uşaqlığı doya-doya yaşamaqdır. Orta statistik 100 azərbaycanlı ailədə neçə uşaq xoşbəxtdir? Ailədə şiddət görməyən, nənə (qaynana), ər (ata) hirsinin qurbanı olmaya neçə uşaq var? Ailənin maddi sıxıntısını valideyni ilə bərabər yaşayan uşaqların statistikasını apara bilərikmi? Məncə, heç cəhd də etməyək...

Adətən belə deyirlər: "Bu dünyada qadın olmaq çətindi". Bu dünyada və cəmiyyətimizdə ən çətini uşaq olmaq və bu uşaqlığı doya-doya yaşamaqdır. Orta statistik 100 azərbaycanlı ailədə neçə uşaq xoşbəxtdir? Ailədə şiddət görməyən, nənə (qaynana), ər (ata) hirsinin qurbanı olmaya neçə uşaq var? Ailənin maddi sıxıntısını valideyni ilə bərabər yaşayan uşaqların statistikasını apara bilərikmi? Məncə, heç cəhd də etməyək...

Uşaqlarımız yeniyetmə, gənclik yaşına qədər təqvimdə həsrətlə gözlədikləri 2-3 tarix var ki, hətta o tarixlərdə belə ürək edib onlardan nə istədiklərini, həmin günü necə keçirmək istədiklərini soruşa bilmirik. Bayram-seyranı bir kənara qoyaq, bu gün uşağının 10 günlük müalicə pulu bir valdeyinin 2 aylıq maaşından çoxdursa və bu problemi valdeyni ilə bərabər yaşayan uşaq artıq uşaq deyil... Və elə bu dünyada ən çətini uşaq olmaqdır...

90 -cı illərdə uşaqlar bir-biri ilə atasının güclü olması ilə öyünürdülər. Əsas arqumentləri isə kimin atasının müharibədə olması idi. Oyun zamanı o uşaq söz sahibi olurdu. Bəs bu gün uşaqlar atalarının gücünü nə ilə "ölçür"? Mənə görə çətin sualdı. Mən atamın gücünü iştirak etdiyi döyüşlərlə ölçürdüm. Bəs mənim, sənin övladın?... İndi... indi uşaqlar atalarının güclü olması ilə  öyünə bilmirlər. Bunu ürəkləri istədiyi qədər bağıra bilmirlər. Məişət problemi qarşında sınan, əzilən ata övladının gözündə güclü görünə bilmir...

Uşaqlığını yaşada bilmədiyimiz uşaq daha sonra bizimlə yaşına uyğun olmayan cümlələr quranda isə təəccüblənirik, "uşaqsan, sən bilmərsən", deyirik. Bu gün 3 uşaqla, kirayədə yaşayan və aylıq gəliri 300 manat civarında olan hansısa aile 4-5 aydan bir də olsa  marketdə uşağına "ürəyin nə istəyir, götür", deyə bilirmi? Amma çəkdiyimiz fotolarda uşaqlarımızın gülümsəmələrini tələb edirik...  Buna haqqımız olduğunu özümüzə sorduqmu?

Gözlərinizdəki kədərə səbəb olan susqunluğumuzu bizə bağışlamayın, uşaqlar.

Uşaqlığını yaşada bilmədiyimiz övladlarımızın bir də yeniyetmə, gənclik çağları var. Ürəkləri sevgi ilə, həyat eşqi ilə, azadlıqla dolu olan gənclik. Onda isə  "belə geyinmə, ayıbdı", "belə şəkillər çəkdirmə, ayıbdı", "saçını düz-əməlli yığ, kəsdir"... deyə-deyə ömrülərini, arzularını zəhər edirik. Hər kəsdən, hamıdan qorumağa çalışdıqda, onlara ən böyük zərbəni biz vururuq. Anlamırıq ki, övladlarımızın uşaqlıqlarını maddi problemlər, gəncliklərini "el aləm nə deyər" -ə qurban veririk. "Doğru"larımızla böyüməylərini istədiyimiz uşaqlarımızın həyatlarını qarabaqara izləyirik, müdaxilə edirik. Səhv edəcəklərindən qorxub, hər zaman onların yerinə doğru qərarlar verməyə çalışırıq. Ailə quranda da, sənət seçəndə də...

Övladlarımıza səhvləri ilə doğru olanı öyrətməliykən, yaşamaq haqları olan həyatı əllərindən alırıq. Ən dəhşətlisi isə onların başına gələn bəlaların ən böyük səbəbkarı olduğumuzu heç vaxt qəbul etmirik. Ömürboyu ayağına daş dəyməsinə razı olmadığımız uşaqlarımızın başına daşı özümüz atırıq. uUanmadan özəl həyatlarına müdaxilə edirik, 400 nəfər topladığımız o zallarda çəkilən fotolarda bir daha onlardan gülümsəmələrini tələb edirik. Hətta daha iləri gedib "xoşbəxt ol" əmrini veririk...

"Xoşbəxt ol" əmrini verdiyimiz övladlarımız bir neçə ildən sonra isə zaurların, xoşqədəmlərin, elgizlərin efirlərinə qonaq göndəririk. Biz onların yerinə qərar verdiyimiz sürəcə o efirlər heç zaman boş olmayacaq. Orada əyləşən hər zaman bizlərdən biri olacaq.

Fotolarda gülümsəmələrini tələb etdiyimiz uşaqların gəncliyinə toxunmağa haqqımız yoxdu...

Nigar Adil

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31