Sosial medianın hüquqi tənzimlənməsi necə həyata keçirilməlidir?
1 İyun 2020 07:45 SosialSosial şəbəkə üzərindən informasiya təhlükəsizliyi məsələsi öz həllini tapmalıdır
Müasir informasiya cəmiyyətində onlayn media və sosial şəbəkələr istənilən sahədə ictimai rəyi yönləndirən əsas vasitəyə çevrilib. Ona görə də burada yayılan istənilən maraqlı xəbər dərhal trendə dönür və cəmiyyətdə qızğın müzakirələrə səbəb olur. Odur ki, internet mediada yayılan xəbərlərin həqiqiliyinə, doğruluğuna əmin olmaq çox vacib məsələdir. Eyni zamanda, internet media və sosial şəbəkələrin sosial məsuliyyət məsələsi də vacin şərt hesab olunmalıdır. Nəzərə almaq lazımdır ki, müasir media kifayət qədər şaxələnib və onun böyük bir hissəsini təşkil edən internet media ortaya çıxıb. Lakin medianın bu hissəsində çox ciddi problemlər mövcuddur. İnternet mediası azad olsa da, burada yayılan informasiyalara görə də hüquqi məsuliyyət daşıyan yoxdur. Qeyd edək ki, informasiya təhlükəsizliyi bu gün dünya dövlətlərinin önəm verdiyi ən prioritet məsələdir. Çünki bu gün sosial şəbəkələr insanların ictimai münasibətlərini tənzimləyən bir vasitəyə çevrilib. Çağdaş internet əsri informasiya azadlığı sahəsində ağlagəlməz sıçrayışlar etməklə yanaşı bu sahədə zəruri təhlükəsizlik qaydalarının qorunmasını da vacib edib. Çünki, artıq dünyada feyk xəbərlər həm də siyasi mübarizədə bir vasitə kimi istifadə olunur. Bəlkədə bu səbədən sosial şəbəkələr söyüş, qeyri etik davranış, terrora, qarşıdurmaya çağırış platformasına çevrilib. Müxtəlif ölkələrdə sabitliyin pozulması prosesi də buradan idarə olunur. Konkret olaraq, Azərbaycana qarşı müxtəlif kampaniyalar təşkil olunur, terror çağırışları edilir. Sosial şəbəkələrdə baş erən özbaşnalıqlar deməyə əsas verir ki, bu şəbəkələrin məsuliyyətsizliyi artıq real təhlükəyə çevrilib. Buna görə də bu özbaşınalığa son qoyulmalıdır. Artıq beynəlxalq və ölkələr səviyyəsində bu istiqamətdə iş görməyin, sosial şəbəkələrin fəaliyyətini tənzimləyən qanunlar qəbul edilməsinin zamanıdır.
Məlumat üçün qeyd edək ki, artıq ABŞ prezidenti konkret addımlar atmağa başlayıb. Donald Tramp ölkədə sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsi haqqında sərəncam imzalayıb. Məsələ ilə bağlı ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə verdiyi məlumatda bidirib ki, sərəncam vətəndaşların hüquqlarının qorunmasına xidmət edəcək: "Bu gün söz azadlığını, ABŞ vətəndaşlarının hüquqlarını qorumağa xidmət edən sərəncam imzaladım. "Twitter" kimi sosial şəbəkələr neytral platformanı qoruduqlarına dair fərziyələrə əsaslanmaqla misli görünməmiş məsuliyyətdən qorunmaq imkanına sahib idilər. Ancaq bu, belə deyil. İcra olunan sərəncam kommunikasiya etikasına dair qanunun 230-cu hissəsinə əsaslanaraq yeni qaydaların yaradılması məqsədini daşıyır. Senzura və ya siyasi aksiyalarda iştirak edən sosial şəbəkələr artıq məsuliyyət qorunmasına sahib olmayacaqlar, bu böyük bir qərardır". D.Trampın sözlərinə görə, belə bir sərəncamdan əvvəl sosial şəbəkələr "istədiklərini edə bilirdilər". ABŞ prezidenti həmin saytlar tərəfindən hər hansı "aldadıcı və ya zərərli ticarət fəaliyyəti"nə yol verilməsi cəhdlərinin izlənilməsini Federal Ticarət Komissiyasına tapşırıb. D.Tramp, həmçinin jurnalistlərin suallarını cavablandırarkən, "Twitter"in bağlanmasının mümkünlüyünü də istisna etməyib. Maraqlıdır, bəz, Azərbaycanda sosial medianın hüquqi tənzimlənməsi necə həyata keçirilir? Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib dünya ölkələrində sosial şəbəkələrin fəaliyyətinin təmzinlənməsi ilə bağlı müxtəlif təcrübələr var. Sosial şəbəkələrin fəaliyyət mahiyyətindən asılı olaraq bir sıra ölkələr ən radikal addımları belə atıblar. Çində, Rusiyada, İranda, Türkiyədə, Türkmənistanda, Özbəkistanda, Tacikistanda, Misirdə, Vyetnamda, Səudiyyə Ərəbistanında, Pakistanda və başqa ölkələrdə sosial şəbəkələrin müxtəlif seqmentləri qadağan olunub. Bütün bunlar isə sosial şəbəkələrin son zamanlar ünsiyyət qurma mahiyyətindən çox mənəvi və siyasi terrorla məşğul olması ilə əlaqədardır. Bu sıraya görünür ABŞ da qoşulmaq fikrindədir. Sədaqət Vəliyeva bildirib ki, Azərbaycanda sosial şəbəkələrdən istifadə sərbəstdir və onun heç bir seqmenti qadağan edilməyib: "İnternet istifadəçilərinin sayı isə ölkə əhalisinin 80 faizdən çoxunu təşkil edir: "Təkcə facebook istifadəçilərinin sayı 3 milyon nəfərə yaxındır. Amma çox təəssüflər olsun ki, bəziləri internet azadlığını, söz və özünüifadə haqlarını səhv başa düşürlər və insanlarımızı, xüsusilə də siyasətçilərimizi, müəllimlərimizi, həkimlərimizi, hətta ən sadə vətəndaşlarımızı belə təhqir edirlər, şəxsiyyətlərini alçaldırlar. Bu günə qədər xatırlayıram ki, bələdiyyə seçkilərindən sonra Əli Kərimli Sevinc Osmanqızının youtube kanalında açıq-aşkar trollarını müəllimləri ağır qınağa, yəni təhqirə səslədi. Səhəri gün isə onun nəzarətində olan facebook səhifələrində müəllimlər ən ağır şəkildə təhqir olundular. Məqsəd əlbəttə ki, aydın idi. Cəmiyyətimizin ən aktiv kəsimi olan müəllimlərimizi seçki prosesindən kənar tutmaq, ümumiyyətlə qadın cinsindən olanları seçkilərə gəlməsinə mane olmaq idi". "Son günlər Milli Məclisin və respublikamızın rəhbərliyinə qarşı da çirkin təhqirkampaniyası aparılmaqdadır" -deyən Sədaqət Vəliyeva bu cür iyrənc hərəkətlərin bir daha baş verməməsi üçün mütləq sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsi, məsuliyyət hissinin artırılması və lazım olanda cəza tətbiqi məsələlərinə baxılmalıdır: "Doğrudur, Cinayət Məcəlləsində təhqirə görə cəza nəzərdə tutulur. Amma bu, sosial şəbəkələrdəki saxtakarlıqların qarşısının alınmasına köməklik etmir. İndiki məqamda ən yaxşı hal sosial şəbəkələrdə təhqirlə məşğul olan, ictimai rəyi çaşdırmağa cəhd edən, yalan məlumatlar yayan səhifələr, profillər əngəllənməlidir, sahibləri dəqiq bəllidirsə, məsuliyyətə cəlb edilməlidir. Yaxşı olar ki, sosial şəbəkələr üzrə cinayət həyata keçirənlərin cəzalandırılması beynəlxalq fəaliyyət formasına keçsin. Məsələn, biri oturub Almaniyada, Fransada, ABŞ-da və facebook, youtube üzərindən ağzına gələni danışır. Bəs, bu cür kibercinayətkarlar, mənəvi terrorçular necə cəzalandırılsın? Məhz, bunun da mexanizmləri üzərində düşünülməlidir". Millət vəkili Sahib Alıyev qeyd edib ki, qlobal sosial media nəhənglərinin öz informsiya siyasətlərində selektivliyə yol verdikləri, ayrı-seçkilik tətbiq etdikləri, ayrı-ayrı ölkələrə və çevrələrə yanaşmada fərqli siyasət yürütdükləri heç kimə sirr deyil: "Ümumiyyətlə bu sahədə həm qlobal müstəvidə, həm də hər bir dövlətin öz qanunvericilik müstəvisində nizam-intizam yaratmağın vaxtı çoxdan çatıb. İndi prezident Tramp qlobal, yaxud ənənəvi mediaya yanaşmada olduğu kimi sosial şəbəkəyə yanaşmada da daha çox özünə qarşı qərəzli siyasəti görərək belə bir addım atıb. Amma halbuki həm qlobal müstəvidə, həm də hər bir dövlətin özünün qanunvericiliyi çərçivəsində sosial şəbəkələrdə nizam-intizam yaradılmasına, sosial şəbəkələrdən gələn təhlükələrin qarşısının alınmasına çox böyük ehtiyac var. Heç kimə sirr deyil ki, bu gün Yaxın Şərqin altının üstünə çevrilməsi məhz bəlli çevrələrin sosial şəbəkələr vasitəsilə reallaşdırdıqları informasiya siyasəti nəticəsində meydana çıxıb. Sosial şəbəkə hazırda dünyada ayrı-ayrı dövlətlərin apardıqları hibrid savaşının ən təsirli elementi kimi çıxış edir. Bu gün ən təsirli informsiya savaşı sosial şəbəkə üzərindən aparılır. Onu da deməliyik ki, hazırda dünyada sosial şəbəkə üzərindən ən çox dezinformasiya hücumuna məruz qalan dövlətlərin ilk onluğunda Azərbaycan da var. Bu da Azərbaycanın yerləşdiyi regionda ayrı-ayrı güclərin maraqlarının toqquşması ilə, eyni zamanda da Azərbaycanın yürütdüyü müstəqil siyasətlə bağlıdır. Ona görə də mən Milli Məclisdəki çıxışlarımda da qeyd etmişəm ki, bizdə informasiya təhlükəsizliyi ilə bağlı ayrıca qanunun qəbuluna ehtiyac var. Burada məhz sosial şəbəkə üzərindən informasiya təhlükəsizliyi məsələsi də öz həllini tapmalıdır".
Zəka