Prezident İlham Əliyevin həyata keçirdiyi sistemli kadr siyasəti dövlət idarəçiliyinin daha da güclənməsini təmin edir- MÜSAHİBƏ-ÖZƏL
31 May 2020 09:06 SosialKönül Nurullayeva: "Kadr islahatları yeni peşəkar, intellektual kadrların önə çəkilməsinə imkan verir"
"Heç şübhəsiz, gənc kadrlar onlara göstərilən bu etimadı ən yüksək səviyyədə doğrultmalı, dövlətçilik və milli maraqları bütün maraqlardan üstün tutmalıdır"
Artıq bir xeyli müddətdir ki, ölkədə həyatımızın müxtəlif sahələrini əhatə edən islahatlar həyata keçirilir. Bu islahatlar içərisində kadr islahatları xüsusi diqqət çəkir. Belə ki, nisbətən yaşlı, idarəetməyə yenilik gətirə bilməyən kadrlar daha gənc, perspektivli kadrlarla əvəz edilir. Biz də "OLAYLAR" olaraq ölkədə həyata keçirilən bu və ya digər islahatlar, xüsusilə də idarəetmənin gəncləşməsi ilə bağlı parlamentin gənc deputatlarından biri, millət vəkili Könül Nurullayeva ilə söhbətləşdik. Millət vəkili müsahibədə hazırda dünyanı bürüyən koronavirus pandemiyası və ona qarşı ölkəmizdə aparılan səmərəli mübarizədən də danışıb.
-Könül xanım, öncəliklə bilmək istərdik ki, millət vəkili kimi fəaliyyət nə dərəcədə məsuliyyətlidir və bu işin, məsuliyyətin öhdəsindən gələ bilirsinizmi?
-Parlamentdə fəaliyyət göstərmək həqiqətən də böyük məsuliyyətdir. Çünki millət vəkili xalq tərəfindən seçilmiş səlahiyyətli şəxsdir. Əsas vəzifəmiz vətəndaşların maraqlarını təmsil etmək və vətəndaşla dövlət arasında qarşılıqlı əlaqəni tənzimləməkdir. Deputat eyni zamanda qanun və ya normaların formalaşdırılmasını təmin etmək hüququna malikdir. Bu mənada mən də yeni seçilən millət vəkili kimi ali qanunverici orqanda xalqın mənə göstərdiyi yüksək etimad sayəsində müəyyənləşən bu məsuliyyətli işimin öhdəsindən gəlməyə çalışıram.
-Ümumiyyətlə, deputat seçilmək istəyi, arzusu nədən qaynaqlandı? Bir neçə il əvvəldən qanunverici orqanda təmsil olunmaq barədə düşünür və bu istiqamətdə müəyyən siyasi fəaliyyətlər həyata keçirirdiniz, yoxsa Cənab Prezidentin qanunverici orqanın yeniləşməsi, gənclərin önə çıxmasının vacibliyi barədə fikirləri, çıxışları millət vəkili olmaq qərarını verməyə əsas yaratdı?
-Azərbaycanda həyata keçirilən uğurlu və çoxvektorlu gənclər siyasəti ölkə gəncləri üçün yeni imkanlar açır. Dövlət gənclərin öz potensiallarını reallaşdırmaları üçün hər cür şərait yaradıb. Gənclər siyasətinin inkişafı nəticə etibarı ilə onların dövlət quruculuğu prosesinə cəlb edilməsini reallığa çevirib. Cənab Prezident hər zaman bəyan edir ki, ölkəmizin gələcəyi intellektual, bacarıqlı gənclərin əlindədir. Bu çağırış bütün gənclərə stimul verir, eyni zamanda yeni öhdəliklər müəyyənləşdirir. Ölkəmizi Avropa Olimpiya strukturlarında təmsil edən ilk gənc xanım kimi əminliklə deyə bilərəm ki, mənim də bu vaxta qədər əldə etdiyim uğurların kökündə ölkədə həyata keçirilən gənclər siyasəti, dövlət başçısının gənclərə yüksək etimadı dayanır. Eyni zamanda millət vəkilliyinə namizədliyimi irəli sürmək ideyasının da kökündə dövlətin gənclərə dəstəyinin birbaşa rolu var. Mən seçkiyə qatılanda da bildirmişdim ki, əgər gələcək nəslə güclü, inkişaf etmiş, iqtisadi cəhətdən dayanıqlı, ictimai-siyasi baxımdan müasir və sabit dövlət ötürmək istəyiriksə, parlament seçkilərində də düzgün seçim etməliyik. Hesab edirəm ki, Azərbaycanda keçirilən parlament seçkiləri və onun nəticələri xalqın istəklərini tam şəkildə ifadə edir.
-Sizin qanunverici orqanda fəaliyyətinizə qədər cəmiyyətdəki fəaliyyətinizin böyük bir hissəsini idman sahəsi təşkil edib, bir sıra mühüm beynəlxalq yarışların Təşkilat Komitəsində yer almısınız. İdman sahəsindən siyasət aləminə keçid nə dərəcədə asan və ya çətin olur?
-Azərbaycan Gənclər Parlamentinin ilk üzvlərindən biri olaraq aktiv şəkildə debatlarda iştirak etmişəm. Sizin də qeyd etdiyiniz kimi, İlk Avropa Oyunları, İslam Həmrəylik Oyunları da daxil olmaqla nüfuzlu idman yarışlarının Təkilat Komitəsində rəhbər kimi Azərbaycanla yanaşı, beynəlxalq Olimpiya hərəkatına da töhfə verməyə çalışmışam. Mən əslində idman sahəsindən parlamentə keçidi elə də çətin hesab etmirəm. Çünki hər iki istiqamət üzrə özüm üçün vahid hədəf müəyyənləşdirmişəm - dövlətimin və xalqımın maraqlarını daim üstün tutmaq, hansı sahədə təmsil olunmağımdan asılı olmayaraq, mənə göstərilən etimadı ən yüksək səviyyədə doğrultmaq.
-Tam səmimi deyək ki, pandemiya dövründə ən aktiv fəaliyyət göstərən, seçicilərin problemləri, qayğılarını həll etməyə çalışan millət vəkillərindən biri də Siz oldunuz. Bu mənada deyə bilərikmi millət vəkili Könül Nurullayeva qısa zaman kəsimində seçicilərini tam razı sala və onların etimadı doğrulda bildi?
-Mənə səs verən, etimad göstərən bütün seçicilərimə bir daha dərin minnətdarlığımı bildirirəm. İlk gündən məni dəstəkləyən və inanan insanlara yaxın olmaq, öz ailəm kimi dəyər verib onları diqqət mərkəzində saxlamaq, dərdlərinə şərik olmaq yolunu seçmişəm. Çünki cənab Prezident hər zaman bəyan edir ki, Azərbaycanda dövlət siyasətinin mərkəzində vətəndaşın maraqları dayanır. Odur ki, vəzifəsindən, cəmiyyətdəki nüfuzundan asılı olmayaraq, hər bir səlahiyyətli şəxs bu siyasətə dəstək verməlidir. Karantin rejimi davam etdiyi üçün canlı görüşlərimiz mümkün olmasa da mütəmadi olaraq seçicilərimzilə təmasdayıq, onlayn formada qəbullarımız davam edir. Nizami rayon sakinlərinin hər birinin müraciəti araşdırılır və problemlərin həlli istiqamətində tədbirlər görürük. Ən əsası qaldırılan əhəmiyyətli məsələlərlə bağlı müvafiq qurumlara müraciətlər ünvanlayırıq. Pandemiya dövründə eyni zamanda aztəminatlı ailələrin müayinə və müalicəsini təmin etmək məqsədilə aksiyalar da reallaşdırmışıq, xüsusi qayğıya eytiyacı olan ailələrə yardımlar etmişik. Vətəndaşlarımıza dəstək layihələrimiz bundan sonra da davam edəcək.
-Könül xanım, Siz də parlamentdə təmsil olunan gənc millət vəkillərindənsiniz və təkcə qanunverici orqan deyil, eləcə də dövlətin digər strukturlarında, mərkəzi və yerli icra hakimiyyətlərində hazırda bir gəncləşmə siyasəti gedir. Bir gənc olaraq bunu necə dəyərləndirirsiniz? Ümumiyyətlə, gənclərin irəli çəkilməsi, onlara bir sıra mühüm vəzifələrin etibar edilməsi dövlət idarəçiliyində hansı yeniliklər, müsbət tendensiyalara yol açır?
-Mən bir neçə dəfə sizin həmkarlarınızın bu mövzu ilə bağlı suallarını cavablandırarkən də bildirmişəm ki, islahatlarla bağlı mövqeyim hər zaman eyni olub. Cənab Prezidentin də bəyan etdiyi kimi, islahatlara alternativ yoxdur. Həyata keçirilən islahatlar ölkəmizin gələcək inkişafının sürətləndirilməsinə xidmət edir. Köklü islahatlar birbaşa dövlət idarəçiliyinin səmərəliliyini artırır. Prezident İlham Əliyevin həyata keçirdiyi sistemli kadr siyasəti də dövlət idarəçiliyinin daha da güclənməsini təmin edir. Kadr islahatları yeni peşəkar, intellektual kadrların önə çəkilməsinə imkan verir. Heç şübhəsiz, gənc kadrlar onlara göstərilən bu etimadı ən yüksək səviyyədə doğrultmalı, dövlətçilik və milli maraqları bütün maraqlardan üstün tutmalıdır.
-Bu gün bütün dünyanı, bəşəriyyəti ciddi narahat edən məsələlərdən biri də koronavirus pandemiyasıdır. Bu problem, bəlaya qarşı Azərbaycan dövlətinin ortaya qoyduğu mövqe, mübarizə metodunu necə xarakterizə edərdiniz?
-Azərbaycan pandemiya ilə ən effektiv mübarizə aparan dövlətlərdən biridir, bunu beynəlxalq təşkilatlar, nüfuzlu maliyyə institutları da dəfələrlə bəyan edib. Ölkəmizdə virus aşkarlandığı ilk gündən təxirəsalınmaz tədbirlər görülür. Cənab Prezident də ilk gündən bəyan edib ki, Azərbaycanda pandemiyaya qarşı mübarizə siyasətinin mərkəzində vətəndaşın sağlamlığı dayanır. Ölkəmizdə günü-gündən təkmilləşən səhiyyə infrastrukturu, tibbi sənayenin inkişafı təhlükənin miqyasının genişlənməsinin qarşısını alıb. Bu günün reallığı isə belədir ki - biz virusla hələ uzun müddət birgə yaşamağı öyrənməliyik. Bu mənada hər bir vətəndaş virusla mübarizədə öz sosial məsuliyyətini dərk edərək, dövlət siyasətinə dəstək verməlidir. Biz bu qlobal təhlükə ilə sona qədər birgə mübarizə aparmalıyıq.
-Ancaq maraqlı və təəsüfedici məqam ondan ibarətdir ki, əksər hallarda vətəndaşlar karantin qaydalarının yumşaldılmasından sui-istifadə edərək virusa yoluxan insanlarımızın sayının artmasına səbəb oldular. Bir millət vəkili olaraq bu cür vətəndaşlarımıza sözünüz nə olardı?
-Karantin qaydaları birbaşa əhalinin sağlamlığının qorunmasına xidmət edir. Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyəsilə mərhələli şəkildə qaydalarda yumşalmalar tətbiq olunur. Elə iyun ayının 1-dən ölkəmizdə yumşalmanın növbəti mərhələsinə start verilir. Amma unutmamalıyıq ki, xəstəliyin yayılma dinamikası bundan sonra vətəndaş məsuliyyətindən asılı olacaq. Çünki Ümumdünya Səhiyyə Təşkilatı da bəyan edib ki, virusla ən effektiv mübarizə üsulu - gigiyenik qaydalara və sosial izolyasiyaya əməl etməkdir. Odur ki, məsələyə daha ciddi yanaşmaq vacibdir.
Süleyman İsmayılbəyli