Məcburi köçkünlərin problemlərinin həlli prioritet təşkil edir - TƏHLİL

Prezident İlham Əliyev: "Azərbaycanda bu sahəyə göstərilən diqqət nümunəvi xarakter daşıyır"

Zaman-zaman, ən ağır və gərgin situasiyalarda, vəziyyətlərdə sübuta yetirilib ki, nəyin baş verməsinə, hansı təhdid və təhlükələrinin dövlətimizin qapısı ağzında olmasına baxmayaraq Azərbaycan özünün inkişaf yolunu, tərəqqisini davam etdirir. Nəzərdə tutduğu bütün iqtisadi, xüsusilə də sosial layihələri reallaşdırır, həyata keçirir, onların icrasında gecikmələr, ertələmələrə yol vermir. Necə ki, bir neçə il əvvəl dünyanı bürüyən kəskin iqtisadi böhran, milli valyutaların kəskin şəkildə dəyərdən düşməsi, eləcə də ondan bir müddət sonra neft qiymətlərinin kəskin şəkildə aşağı enməsi fonunda bunları müşahidə etdik, eləcə də indi, dünyanı bürüyən koronavirus pandemiyası dövründə biz eyni müsbət tendensiyanı, prosesləri müşahidə edirik. Bütün ölkələrdə, hətta dünyanın ən inkişaf etmiş dövlətlərində baş verənlər göz qabağındadır. İqtisadi geriləmə, nəzərdə tutulan sosial layihələrin ertələnməsi, hətta bir çoxlarının tamamilə icrasının dayandırılması, maaş və pensiyaların verilməsində ortaya çıxan əngəllər və s. Birləşmiş Ştatlardan tutmuş, qoca qitəyə, Avropaya qədər, eyni zamanda yaxın qonşularımızın hamısında bu mənfi tendensiya müşahidə edilir. Ancaq Azərbaycanda tamamilə fərqli situasiya müşahidə edirik. Azərbaycanda nəinki nəzərdə tutulan sosial layihələrin icrası tamamlanıb başa çatır, hətta hər tamamlanan layihə özü ilə yeni planları, işləri, layihələri ortaya qoyur və onun icrasına yol açır. Dövlət də öz növbəsində bu və ya digər layihələrin icrasına vəsait ayırır, onu maliyyələşdirir. Çünki dövlətin siyasəti düzgün istiqamətdə qurulub və hər bir sahədə bu siyasət özünün müsbət elementlərini göstərir. Bu günlərdə dövlətin uğurlu iqtisadi və sosial siyasətinin daha bir müsbət nəticəsini gördük. Söhbət Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış "Qobu Park-3" yaşayış kompleksinin açılışından gedir. Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışında iştirak etdiyi "Qobu Park-3" yaşayış kompleksində onmərtəbəli 13 yaşayış binası inşa olunub. "Kristal Abşeron" MTK olan yeni qəsəbə Lökbatanda istifadəyə verilən "Qobu Park-1" və "Qobu Park-2" yaşayış komplekslərinin yanında inşa edilın kompleks Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın açılışında iştirak etdiyi yaşayış kompleksinin istifadəyə verilməsi öz-özlüyündə bir neçə mühüm faktoru təsdiqləyir. Bunlardan birincisi, ən mühümü yuxarıda da qeyd etdiyimiz kimi bütün təhdid və təhlükələrə baxmayaraq ölkədə sosial layihələrin uğurla davam etdirilməsi, hətta onların icrasının sürətləndirilməsidir. Bu həm də dövlət, dövlət başçısı üçün sosial problemlərin həllinin nə dərəcədə prioritet olduğunun göstəricisidir, sübutudur. "Qobu Park-3" yaşayış kompleksinin istifadəyə verilməsi eyni zamanda ölkədə məcburi köçkünlərin problemlərinin həllinin nə dərəcədə prioritet olduğunun əyani sübtudur. Xatırladaq ki, Cənab İlham Əliyev ölkəyə rəhbərlik etməyə başladığı zamana qədər qaçqın və məcburi köçkünlər acınacaqlı durumda yaşayır, o dövrün mövcud imkanları, iqtisadi resurslarımıza uyğun olaraq çadır şəhərcikləri, fin qəsəbələrində yaşayırdılar. Cənab İlham Əliyev 2003-cü ildə ölkə prezidenti seçilən zaman andiçmə mərasimində qarşıdakı 5 il ərzində ölkədəki bütün çadır şəhərciklərinin ləğv ediləcəyi vədini verdi və 5 deyil, hətta 4 ilin tamamında dövlət başçısını verdiyi vədi tam mənada yerinə yetirdi və Azərbaycanda çadır şəhərcikləri ləğv olundu. Təsadüfi deyil ki, dövlət başçısı ötən gün "Qobu Park-3" yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində çıxışı zamanı da bu məsələyə toxunub və 17 il əvvələ qısa ekskursiya edib: "Məcburi köçkünlərin problemləri ardıcıl şəkildə öz həllini tapır. Bildiyiniz kimi, hələ 2003-cü ildə prezident seçkiləri ərəfəsində mənim proqramımın tərkib hissəsi məhz bu məsələ idi. Söz vermişdim ki, beş il ərzində Azərbaycanda bir dənə də olsun çadır şəhərciyi qalmayacaq və nəinki 5 il, 4 il ərzində biz buna nail olduq. Çox böyük uğur idi. Çünki ölkəmizin demək olar ki, bütün yerlərində çadır şəhərcikləri var idi, köçkünlər çox yararsız vəziyyətdə yaşayırdılar, eyni zamanda, uzun illər vaqonlarda, vaqonların altında, çadırlarda yaşayırdılar. Çadır şəhərciklərinin ləğv olunması hesab edirəm ki, bizim çox böyük uğurumuzdur və indiyədək 100-dən çox qəsəbə-şəhərcik salınıb. Son bir neçə il ərzində dünyada iqtisadi və maliyyə böhranı hökm sürür.

Son 4-5 il ərzində neftin qiymətinin bir neçə dəfə kəskin düşməsinin şahidi olmuşuq. Buna baxmayaraq, məcburi köçkünlərlə bağlı olan heç bir layihədə heç bir yubanma yoxdur, heç bir proqramın ixtisarı nəzərdə tutulmur. Keçən il məcburi köçkünlər üçün rekord sayda evlər-mənzillər tikildi - 5 minə yaxın. Bu il qarşıya hədəf qoyulub ki, 7 min, bəlkə də 8 min məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin edilsin. Əgər biz buna nail olsaq, bir il ərzində həm Bakı şəhərində, Sumqayıt şəhərində və digər şəhərlərdə təqribən 40 minə yaxın insan yeni evlərə köçürüləcək. Bu işlər ardıcıllıqla aparılır. Biz gələn ilin İnvestisiya Proqramında da bu məqsədlər üçün vəsait ayıracağıq". Qeyd etmək yerinə düşər ki, Azərbaycan dövləti yalnız qaçqın və məcburi köçkünlərin sosial-mənzil şəraitinin yaxşılaşdırılması ilə öz işini bitmiş hesab etmir. Paralel olaraq bu qəbildən olan vətəndaşlarımızın sosial rifah halının yaxşılaşdırılması istiqamətində də addımlar atır, layihələr həyata keçirir, müvafiq sənədlər, dövlət proqramları qəbul edir. Ötən illər ərzində sözügedən təbəqədən olan şəxslər üçün verilən müavinətlərin bir neçə dəfə artırılması, qaçqın və məcburi köçkün ailələrinin universitetlərdə təhsil alan övladlarının təhsil haqlarının dövlət hesabına ödənilməsi, yaxud "Qobu Park-3" yaşayış kompleksi kimi ölkənin digər regionlarında salınmış şəhərciklərdə məcburi köçkünlərin məşğulluğunun artırılması üçün həyata keçirilən layihələr, xırda istehsal və emal müəssisələrinin yaradılması Azərbaycan dövləti və şəxsən dövlət başçısının məcburi köçkünlərin sosial problemlərinin həllinə nə dərəcədə həssa yanaşdığını aydın şəkildə ortaya qoyur. Qeyd edək ki, Prezident İlham Əliyev "Qobu Park-3" yaşayış kompleksinin açılış mərasimində bu məqama da diqqət çəkib və dövlət başçısı bildirib ki, məcburi köçkünlərin sosial təminatı yaxşılaşır: "Keçən il köçkünlərə verilən müavinətin həcmi 50 faiz artmışdır. Hər bir məcburi köçkün uzun illər ərzində dövlət tərəfindən aylıq müavinətlə təmin edilir. Əlbəttə, indi dünyada bir neçə ölkədə məcburi köçkünlər vardır və bu ölkələrin sayı artır. Çünki müharibələr, toqquşmalar geniş vüsət alır, yeni köçkün şəhərcikləri salınır. Ancaq hesab edirəm ki, Azərbaycanda bu sahəyə göstərilən diqqət nümunəvi xarakter daşıyır, beynəlxalq təşkilatlar da bunu dəfələrlə təsdiqləyiblər. Çünki biz köçkünləri belə gözəl evlərlə təmin edirik. Evlərin həm quruluşu, həm daxili dizaynı, təchizatı göz oxşayır. Azərbaycan bu sahədə də qabaqcıl yerlərdədir və hesab edirəm ki, bu, bizim borcumuzdur, bunu biz edirik və edəcəyik". Dövlət başçısının sözügedən yaşayış kompleksinin açılış mərasimində söylədiyi bir fikir xüsusi diqqət çəkicidir. Eyni zamanda həmin fikirlər həm məcburi köçkünlər, həm də onları bu vəziyyətə salan işğalçı ölkəyə bir mesajdır. Bu fikir də ondan ibarətdir ki, məcburi köçkünlər üçün tikilmiş yaşayış kompleksləri müvəqqəti yaşayış yeridir. Yəni, bununla heç də məcburi köçkünlər, yaxud Azərbaycan xalqı özü zənn etməsin ki, bu qəbildən olan insanlar daimi olaraq onlara verilən mənzillərdə qalacaqlar. Azərbaycan dövləti, qüdrətli Azərbaycan Ordusu öz torpaqlarını işğaldan azad etdikdən sonra məcburi köçkünlərimiz də öz yurd-yuvalarına qayıdacaq və onlar üçün işğaldan azad ediləcək ərazilərimizdə daha yaxşı yaşayış məskənləri salınacaq. Bunu həm Azərbaycan xalqı, həm də işğalçı Ermənistan dövləti bilməlidir. Elə dövlət başçısı da məlum çıxışı zamanı bunu açıq şəkildə ifadə edib: "Onu da bilməliyik və bütün Azərbaycan xalqı bilməlidir ki, bu, sizin üçün müvəqqəti yaşayış yeridir. Torpaqlarımız işğaldan azad ediləndən sonra biz bu gün hələ də işğal altında olan torpaqlarda buna oxşar gözəl binalar, şəhərciklər tikəcəyik, ermənilər tərəfindən dağılmış şəhərlərimizi yenidən quracağıq. Ermənilər tərəfindən dağıdılmış və məhv edilmiş milli irsimiz sənədləşdirilib. Biz öz tarixi keçmişimizi yaxşı bilirik və yaxşı bilirik ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. İşğal olunmuş torpaqlar azad ediləndən sonra bütün binalar yenidən qurulacaq, o cümlədən dağılmış tarixi abidələrin mövcudluğunu əks etdirən əməli memarlıq tədbirlərinin görülməsi də nəzərdə tutulur".

Süleyman İsmayılbəyli

  •  
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31