İlham Əliyev: “Məcburi köçkünlərin problemləri ardıcıl şəkildə öz həllini tapır”-TƏHLİL

Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət öz müsbət nəticəsini verməkdədir. Dünya ölkələrinin iqtisadiyyatını çökdürən koronavirus pandemiyası Azərbaycan iqtisadiyyatına da təsir etməsinə baxmayaraq nizamlanmış uğurli siyasət iqtisadi dayanıqlığı tənin edə bilib. Üstəlik iqtisadi dirçəlişdən əldə edilən gəlirin xeyli hissəsi ölkə vətəndaşlarının sosial müdafiəsinin təminatına, əhalinin maddi rifahının yüksəlməsinə yönəldilib. Təsadüfi deyil ki, bu müddət ərzində Azərbaycanda heç bir sosial layihnin icrası dayandırılmayıb, əksinə onun əhatə dairəsi daha da genişləndirilib. Xüsusən, ölkədə əhalinin həssas qrupunun sosial problemlərinin, konkret olaraq mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində nəzərdə tutulan layihələrin icrası gerçəkləşdirilib. Bakının Qaradağ rayonunda "Qobu Park-3" yaşayış kompleksinin istifadəyə verilməsi fikrimmizi bird aha təsdiqləmiş olur. Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin fəlsəfəsi deməyə əsas verir ki,  məcburi köçkünlərin problemlərinin həlli davamlı olacaq. Prezident İlham Əliyev Bakıda məcburi köçkünlər üçün salınmış "Qobu Park-3" yaşayış kompleksinin açılışından sonra məcburi köçkünlərlə görüşündə çıxışı zamanı qeyd edib ki, məcburi köçkünlərin problemləri ardıcıl şəkildə öz həllini tapır: "Bildiyiniz kimi, hələ 2003-cü ildə prezident seçkiləri ərəfəsində mənim proqramımın tərkib hissəsi məhz bu məsələ idi. Söz vermişdim ki, beş il ərzində Azərbaycanda bir dənə də olsun çadır şəhərciyi qalmayacaq və nəinki 5 il, 4 il ərzində biz buna nail olduq. Çox böyük uğur idi. Çünki ölkəmizin demək olar ki, bütün yerlərində çadır şəhərcikləri var idi, köçkünlər çox yararsız vəziyyətdə yaşayırdılar, eyni zamanda, uzun illər vaqonlarda, vaqonların altında, çadırlarda yaşayırdılar. Çadır şəhərciklərinin ləğv olunması hesab edirəm ki, bizim çox böyük uğurumuzdur və indiyədək 100-dən çox qəsəbə-şəhərcik salınıb. Son bir neçə il ərzində dünyada iqtisadi və maliyyə böhranı hökm sürür. Son 4-5 il ərzində neftin qiymətinin bir neçə dəfə kəskin düşməsinin şahidi olmuşuq. Buna baxmayaraq, məcburi köçkünlərlə bağlı olan heç bir layihədə heç bir yubanma yoxdur, heç bir proqramın ixtisarı nəzərdə tutulmur. Keçən il məcburi köçkünlər üçün rekord sayda evlər-mənzillər tikildi - 5 minə yaxın. Bu il qarşıya hədəf qoyulub ki, 7 min, bəlkə də 8 min məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin edilsin. Əgər biz buna nail olsaq, bir il ərzində həm Bakı şəhərində, Sumqayıt şəhərində və digər şəhərlərdə təqribən 40 minə yaxın insan yeni evlərə köçürüləcək. Bu işlər ardıcıllıqla aparılır. Biz gələn ilin İnvestisiya Proqramında da bu məqsədlər üçün vəsait ayıracağıq. Eyni zamanda, məcburi köçkünlərin sosial təminatı yaxşılaşır. Keçən il köçkünlərə verilən müavinətin həcmi 50 faiz artmışdır. Hər bir məcburi köçkün uzun illər ərzində dövlət tərəfindən aylıq müavinətlə təmin edilir. Əlbəttə, indi dünyada bir neçə ölkədə məcburi köçkünlər vardır və bu ölkələrin sayı artır. Çünki müharibələr, toqquşmalar geniş vüsət alır, yeni köçkün şəhərcikləri salınır. Ancaq hesab edirəm ki, Azərbaycanda bu sahəyə göstərilən diqqət nümunəvi xarakter daşıyır, beynəlxalq təşkilatlar da bunu dəfələrlə təsdiqləyiblər. Çünki biz köçkünləri belə gözəl evlərlə təmin edirik. Evlərin həm quruluşu, həm daxili dizaynı, təchizatı göz oxşayır. Azərbaycan bu sahədə də qabaqcıl yerlərdədir və hesab edirəm ki, bu, bizim borcumuzdur, bunu biz edirik və edəcəyik".

Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatının sədri, YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Hüseynov deyib ki, Azərbaycan dövlətinin yürütdüyü sosial siyasətin ən mühüm prioritetlərindən biri məcburi köçkünlərə davamlı qayğının göstərilməsidir: "Vaxtilə çadır düşərgələrində yaşayn bu insanların yeni yaşayış komplekslərinə və qəsəbələrə köçürülməsi ideyasının müəllifi olan Ulu öndər Heydər Əliyevölkəmizin iqtisadi imkanlarını ilk növbədə qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə yönəldirdi. Təsadüfi deyil ki, Dövlət Neft Fondunda toplanan ilk vəsait Ulu öndərin müvafiq fərman və sərəncamları ilə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə yönəldilmişdi". YAP Qaradağ rayon təşkilatının sədrinin sözlərinə görə, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə ünvanlanan tədbirlər Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində uğurla davam etdirilir: "Ölkə rəhbərliyinin bu qəbildən olan insanlara xüsusi diqqət və qayğısının nəticəsidir ki, qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olan insanların həyat səviyyəsi, mənzil-məişət şəraitləri əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Ölkəmiz MDB, eləcə də Avropa məkanında qaçqın və məcburi köçkünlərin sayına görə ilk yerlərdə qərarlaşır. Buna baxmayaraq, Azərbaycan bu kateqoriyadan olan insanların həyat səviyyəsinin yaxşılaşdırılması baxımından ən fəal siyasət yürüdən və yüksək nəticələr əldə edən ölkədir. Cənab İlham Əliyev hələ 2003-cü il oktyabrın 1-də prezident seçkiləri ərəfəsində ilk görüşünü Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə keçirərkən bir dənə də olsun çadır düşərgəsinin qalmayacağını bəyan etmişdi. 2006-cı ildə Bərdə və Ağcabədi rayonlarındakı 4 çadır düşərgəsinin, 2007-ci ilin dekabrında isə Saatlı və Sabirabad rayonları ərazisindəki 3 çadır düşərgəsinin ləğvi də təmin edilərək Prezident İlham Əliyevin tapşırığı vaxtından bir il əvvəl yerinə yetirildi".

Millət vəkili bildirib ki, qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə qəbul edilmiş Dövlət Proqramlarının icrası sayəsində onların sosial durumu, yaşayış şəraiti yaxşılaşıb: "Onlar üçün 100-dən artıq qəsəbə və yaşayış kompleksləri inşa edilib. Çocuq Mərcanlıda və vaxtilə işğal altında olan Şıxarx qəsəbəsində bütün sosial-texniki infrastrukturu ilə birlikdə 1000-dən artıq məcburi köçkün ailəsi üçün inşa edilmiş müasir şəhərcik istifadəyə verilib. Bütün bunlar onu göstərir ki, məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Digər tərəfdən isə onu göstərir ki, işğaldan azad edilmiş torpaqlarda Azərbaycan yeni həyat qurur, yeni ictimai binalar, yaşayış binaları, qəsəbələr salınır və minlərlə köçkün bu torpaqlara qayıdır". Aydın Hüseynov Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə məcburi köçkünlərin yeni mənzillərə köçürülməsinə də diqqət çəkərək vurğulayıb ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qaradağ rayonu Lökbatan qəsəbəsində "Qobu Park" yaşayış kompleksləri yaradılmaqdadır. İndiyədək 2 yaşayış kompleksində minlərlə ailə evlə təmin edilib: "Cənab Prezidentin və Mehriban xanımın iştirakı ilə "Qobu Park-3" yaşayış kompleksinin istifadəyə verilməsi isə dövlətin onlara olan qayğısının ən yüksəs nümunəsidir". Millət vəkili onu da bildirib ki, bu gün bütün Azərbaycan xalqının bir amalı var: "Doğma torpaqlarımızı erməni cəladlarından geri almaq, əzəli torpaqlarımıza qayıtmaq və o torpaqlarda əbədi məskən salmaq. Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi strateji siyasət də bu arzumuzun gerçəkləşməsi üçün tarixi zəminin yetişdiyini, tezliklə əzəli torpaqlarımıza sahib olacağımız günün uzaqda olmadığını deməyə tam əsas verir".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31