İnanmayın, öz işinizdir, amma məsuliyyətli olmağa borclusunuz- ELÇİN MİRZƏBƏYLİ YAZIR
23 May 2020 15:39 SosialELÇİN MİRZƏBƏYLİ
Bilirəm, bir çoxunuz həqiqətdən başqa hər şeyə inanırsınız. Məsələn, hansısa boşboğazın koronavirusun dünyanı yenidən "format" etmək üçün uydurulduğu, insanları vahid mərkəzdən idarə etmək məqsədilə düşünüldüyü və bununla bağlı qlobal eksperiment aparıldığı barədə dediklərinə, falçı Nis(y)əxanımın, "ekstrasens" ZırƏddinin nağıllarına... Hər şeyə, təbii ki, COVİD-19 virusunun insan həyatına ölümcül təhlükə yaratdığı barədə HƏQİQƏTdən başqa...
Bu sətirləri yazdığım ana qədər dünyada 340075 nəfər koronavirusun qurbanı olub. Yəni dünyada bizi koronavirus bəlasının varlığına və ölümcül olduğuna inandıra biləcək 340075 fakt var. Bizim redaksiyanın əməkdaşlarından birinin iki dayısı oğlu Rusiyada koronavirus səbəbindən həyatını itirib. Təxminən 40-45 yaşlarında iki qardaş... Kiçik qardaş koronavirusa yoluxan böyük qardaşın qayğısına qalmaq qərarına gəlib və nəticədə nə onu, nə də özünü xilas edə bilib...
Belə... İnanmayın, öz işinizdir, amma məsuliyyətli olmağa borclusunuz. Çünki təkcə özünüzün deyil, başqalarının da taleyi sizin davranışlarınızdan asılıdır.
... Sosial şəbəkələri izləyirəm. Ən adi qaydalara əməl etmək istəməyən şəxslər cərimələrdən şikayətlənirlər. Həm də cərimələrin məbləğinin çoxluğundan... Doğrusu, adam nə deyəcəyini, nə yazacağını belə bilmir... Axı sən nə üçün cərimələnməyin üçün şərait yaradırsan? Mazoxistsən? Polis səni saxlayıb qaydaları pozduğuna görə cərimə edəndə həzz alırsan? Bu nə xəstə təfəkkürdür belə?!
Olmasın 100, yaxud 200 manat, olsun 20-30 manat... Axı bu məbləği belə nə üçün cərimə kimi ödəməlisən? Məsələnin digər tərəfi, məsuliyyətsiz insan kimi cərimələnməyin, söz götürməyin səni heç narahat eləmir?
Axı səndən tələb olunan çox adi, sıradanbir qaydalardır - sosial məsafə saxla, qapalı məkanlarda maskadan istifadə et və özünü qoru! Vəssalam! Koronavirusu bir kənara qoyuram, ümumiyyətlə bir-birinin "ağzının içinə girmək" mədəniyyətsizliyindən xilas olmaq lazımdır.
Elə bu gün marketlərdən birində qarsımdakı şəxsdən təxminən 2 metr məsafə saxlamaqla növbəyə dayanmışdım. Birdən boynumun arxasında istilik hiss elədim. Kimsə tövşüyürdü... İrəliyə doğru bir neçə addım atdım, arxadakı nəfəs də boynumun arxasına qoşquya qoşulubmuş kimi mənimlə sinxron şəkildə irəlilədi...
Bu hər gün qarşılaşdığımız mənzərədir. Xahiş - təsir eləmir, qınaq - əks effekt verir. Hələ bir falçı Nis(y)əxanımın, "ekstrasens" ZırƏddinin nağıllarından danışıb səni haqsız çıxarmağa da çalışırlar. Adamlar sözdən anlamır, vallah, billah... Cərimələrin məbləğini bir neçə dəfə artırmaq və kimsəyə güzəşt edilmədən, gözünün yaşına, burnunun suyuna baxmadan tətbiq etmək lazımdır.