Müharibədən zərər çəkən ailələrdən olan şəxslər üçün dərzilik kursları davam etdirilir
Məqsəd bu təbəqədən olan gənclərə peşə bacarıqlarının öyrədilməsidir
5 İyun 2012 16:03 Sosial"Regional İnsan Hüquqları və Media Mərkəzi" İctimai Birliyi müharibədən zərər çəkən ailələrdən olan uşaqlar üçün ödənişsiz dərzilik kurslarını davam etdirir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Türk İşbirliyi və Kalkınma İdarəsi Başkanlığının (TİKA) Bakı Proqram Koordinatorluğunun dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində ilk qrupda dərslər yekunlaşıb. Artıq növbəti qruplarda dərslərə başlanılıb. Bu dəfə də dərslər hər birində 10 nəfər olmaqla iki qrupda aparılır. Kurslar həftədə 3 dəfə keçirilir. Kurslara Bərdə, Ağdam və Tərtər rayonlarında məskunlaşan qaçqın, məcburi köçkün, həmçinin həmin rayonlarda yaşayan şəhid ailələri, əsir və itkin düşmüş, girov götürülmüş şəxslərin ailələrindən olan şəxslər cəlb olunub.
Qeyd edək ki, "Qarabağ müharibəsindən zərər çəkən ailələrdən olan şəxslər üçün dərziliklə bağlı kursların təşkili" layihəsi 6 ay müddətində davam edəcək. Layihədə əsas məqsəd bu təbəqədən olan gənclərə peşə bacarıqlarının öyrədilməsi ilə onların məşğulluğunun artırılmasına nail olmaqdır. Bu həm də həmin təbəqədən olan şəxslər arasında əmək miqrasiyasının azaldılmasına və onların sosial vəziyyətinin yaxşılaşdırılmasına yardım edəcək.