Ər-arvad arasında əmlak bölgüsünün dini halallığı
21 Avqust 2018 12:21 SosialSon zamanlar müşahidə olunan sosial problemlərdən biri boşanma zamanı ərlə arvad arasında yaranan əmlak mübahisəsi ilə bağlıdır. Qanunvericiliyə əsasən ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilmlidir. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Məhkəmə ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Yetkinlik yaşına çatmayan uşaqların tələbatını ödəmək üçün əldə olunan şeylər (geyim, paltar, ayaqqabı, məktəbli və idman ləvazimatları, musiqi alətləri, uşaq kitabxanası və s.) bölünmür və əvəzi ödənilmədən uşaqları ilə birgə yaşayan valideynə verilir. Ər-arvadın ümumi əmlakı hesabına yetkinlik yaşına çatmayan ümumi uşaqların adına qoyulmuş əmanətlər həmin uşaqlara məxsus hesab edilir və ümumi əmlakın bölünməsi zamanı nəzərə alınmır. Ər-arvadın ümumi əmlakı bölündükdə, nikah dövründə həmin əmlakın bölünməmiş hissəsi, eləcə də nikah dövründə sonradan qazanılmış əmlak onların birgə mülkiyyətini təşkil edir.
Qanunvericiliyə görə, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir.
Bəs müqəddəs kitabımız olan "Qurani-Kərimdə" boşanma hüququ kimə məxsusdur? Mehir- evlilik əsnasında qadına verilən maddi vəsaitdir. Mehir vermək qadına deyil, kişiyə vacibdir. Allah Quranda qadınlara verilən mehirlə bağlı belə buyurur: "Qadınlarınızın mehirlərini könül xoşluğuyla verin! Əgər onlar qəlbən, öz razılıqları ilə bundan sizə bir şey bağışlasalar, onu halal olaraq, nuşcanlıqla yeyin!" ("Nisa" surəsi, 4).
Onlarla (qadınlarla) gözəl rəftar edin. Əgər onlara qarşı ikrah etsəniz, ola bilsin ki, sizdə ikrah doğuran hər hansı bir şeydə Allah sizin üçün çoxlu xeyir nəzərdə tutmuş olsun".(Nisa surəsi 19-cu ayə). İslam qanunlarında kişi qadına qarşı ikrahla yanaşdıqca nikahın pozulması nəzərdə tutulduğu kimi, qadının da ərinə qarşı eyni və ya ərinə əlavə bir şey verməklə boşanmaq tələbini irəli sürmək hüququna malik olması mövcuddur. "(Ey kişilər!) onlara (qadınlarınıza) verdiyinizdən bir şey tələb etməniz sizə halal olmaz. Bu yalnız kişi ilə qadının Allahın hökmlərini yerinə yetirməkdən qorxduqları zaman mümkündür. Əgər onları (ər-arvadın) Allahın hökmlərini yerinə yetirməyəcəklərindən qorxarsınızsa, arvadın (kəbin haqqında) ərinə bir şey verməsində heç biri üçün günah yoxdur." Ən-Nisa "Qadınlar" surəsi, 35-ci ayəsində göstərilir: (Ey möminlər!) Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, o zaman kişinin adamlarından bir nəfər və qadının adamlarından da bir nəfər münsif (vasitəçi) təyin edib (onların yanına) göndərin. Əgər onlar (bu iki vasitəçi ər-arvadı) barışdırmaq istəsələr, Allah da onların köməyi olar. Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər işdən) xəbərdardır! .
Qurani-Kərimdə göstərilir: Övrətlərinə yaxınlaşmamağı and içən kimsələr üçün dörd ay gözləmə müddəti vardır, əgər bu müddət içərisində andlarından dönsələr, Allah (onları kəffarə vermək şərtilə) bağışlayandır, rəhm edəndir. Əgər talaq vermək (boşamaq) istəsələr, şübhəsiz ki, Allah (onların niyyətlərini) eşidəndir, biləndir. Əgər cütlük boşanmağı qərar verirsə, onlar ədalətlə bir-birlərindən ayrılmalıdırlar. Və iki ədalətli şahid tutmalıdırlar. Bunların (bu qadınların) gözləmə müddəti başa çatdıqda (barışmaq istəsəniz) onları yaxşılıqla (mehrlərini verib) yola salın. (Sonradan aranızda ixtilaf olmasın deyə) içərinizdən iki ədalətli şahid tutun. (Siz də ey şahidlər!) Allah üçün (doğru) şahidlik edin! Bununla Allaha və axirət gününə iman gətirənlərə öyüd-nəsihət verilir. Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər.
Məhkəmə təcrübəsinə əsaslanaraq qeyd etmək olar ki, arvadın ərlə birlikdə nikah zamanı yaşadıqları mənzildə boşanmadan sonra yaşayış və istifadə hüququnun mövcud olması barədə mübahisə həll edilərkən ilk öncə mənzilin hüquqi vəziyyəti qimətləndirilməlidir. Mülki Məcəllənin tələbinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün mülkiyyətçi ilə bağlanmış, notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma zəruridir. Məsələn, gəlinin qayınatasının mülkiyyətçisi olduğu evdə yaşaması üçün qayınatası ilə aralarında notarial qaydada təsdiq olunmuş razılaşma olmalıdır. Bu müddəa ilə bağlı Konstitusiya Məhkəməsi tərəfindən bir neçə Plenum qərarı qəbul edilmişdir. Bəzi hallarda məhkəmələr öz qərarlarında bu növ mübahisələrə qiymət verərkən mülkiyyətçi ilə birgə yaşayan ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün tərəflər arasındakı etibarlı ailə əlaqələrinin əsas rol oynadığını göstərirlər. Məsələn, mülkiyyətçi ər olarsa, bu halda arvadın onlar arasında etibarlı ailə əlaqələrinin olması məhkəmələr tərəfindən əsas kimi qəbul edilir. Ailə üzvünün mənzildən istifadə hüququna xitam vermək üçün Mülki Məcəllədə kompensasiya institutu nəzərdə tutulmuşdur. Kompensasiya institutu dedikdə cəmiyyətimizdə mənzildən istifadə hüququ olan şəxsə mənzilin bölünməsini və dəyərindən ona pay ödənilməsini tələb etmək hüququ kimi anlaşılır. Bunun yanlış mövqe olduğu diqqətinizə çatdırmaqla qeyd etməliyəm ki, kompensasiya - istifadəçiyə mülkiyyətçinin hesabına müəyyən müddət daxilində əvvəlki mənzildə olan şəraitlə müqayisədə başqa yaşayış yerində oxşar yaşamaq imkanını verən bir institutdur.
Alim