İntihar dərdi

İnsanlara psixoloji cəhətdən sarsıdıcı təsir göstərən sosio-neqativ davranış aktlarından biri olan “suisid” insanın bilərəkdən özünə qəsd etməsi, özünü öldürməsidir. Tənhalıq, alçaldıma, təhqir, yadlaşma, uğursuzluq, valideynlərindən birinin ailəni tərk etməsi, öz taleyinə diqqəti cəlb etmək istəyi, cəza qorxusu və bu kimi hallar yeniyetmə və gənclərdə suisidal davranışın geniş yayılmış tipik motivləridir.

İnsanlara psixoloji  cəhətdən sarsıdıcı təsir göstərən sosio-neqativ davranış aktlarından biri olan "suisid" insanın bilərəkdən özünə qəsd etməsi, özünü öldürməsidir. Tənhalıq, alçaldıma, təhqir, yadlaşma, uğursuzluq, valideynlərindən birinin ailəni tərk etməsi, öz taleyinə diqqəti cəlb etmək istəyi, cəza qorxusu və bu kimi hallar yeniyetmə və gənclərdə suisidal davranışın geniş yayılmış tipik motivləridir.

"Övladlarınıza seçim ixtiyarı verin"

Ümumdünya Səhiyyə Təşkilatının (ÜDS)  verdiyi son  statistik məlumata  görə il ərzində dünyada 1 mlrd.-dan çox  insan özünə qəsd edir, 1-2 mlrd.  arası insan isə özünəqəsdə cəhd edir. Yeniyetmələr arasında bu rəqəm 1.2 mln.-a çatır.

Abituriyentlər arasında da bu say ürəkaçan rəqəmlərlə ifadə olunmur. Belə ki, elə bu il təkcə bizim ölkədə iki nəfər abituriyentin həyatı suisidal ölümlə sona çatmışdır. Bəs bu erkən yaşında, həyatında yeni qapılar açılan bu bu gənc - yeniyetmələr niyə bu yolu seçirlər?! Onları buna vadar edən səbəblər nədir? Niyə illərlə, günlərlə ali məktəbə hazırlaşan bu gənclər imtahan nəticələrindən sonra sui-qəsdi üstün tuturlar?! Həyatlarını başqa istiqamətdə davam etdirmək əvəzinə, ömürlərinin ən gözəl vaxtında - həyata yeni səhifələr açılan anında  onu sona yetirirlər? Özünə güvənsizlikdənmi? İradəsizlikdənmi? Bəlkə qorxudan?! Bəs nədən qorxurlar? Qınaqdanmı? Yoxsa, illərlə repititorlara pul səpələyən valideynlərin etimadını itirməkdənmi? Ona qarşı çevrilən bəzən məzlum, bəzən qəzəbli, bəzən hiddətli, bəzən qınaq dolu valideyn baxışlarından?

"Bəzən valideynlər özlərinin həyata keçməyən arzularını övladlarına tətbiq etmək istəyirlər. Bəs görəsən, bu zaman uşaqların öz istəyi valideynlər tərəfindən nəzərə alınırmı? Çətinliklə pul qazanan valideynin uşağın zehni imkanlarını, qavrama qabiliyyyətini və elmə həvəsini nəzərə almadan, illərlə  repititorlara tökdüyü pulların nəticəsini görmək arzusu...- "təki mənim övladım oxusun, mənim çəkdiyim əziyyətləri çəkməsin" - deyərək övladından bacarığından artıq gözləntilərin olması... Yalnız bu zaman valideynlər nəzərə almırlar ki, belə övladlar üçün valideyn etimadını doğrultmamaq nə deməkdir?! Onsuz da hormonal balansın dəyişkən bir dövründə olan bu yeniyetmələr üçün "həyat" o qədər də sadə deyil....Bəs  bu psixoloji vəziyyəti qaldırmaq onların gücü daxilindədirmi?! Və ya, bəzən valideynlərin  övladlarını tərbiyə edərkən, onlara aşıladığı mükəməllik - maksimalistlik ( hər şeyin ən yaxşısı) qabiliyyəti onlarda bir xarakter kimi formalaşır ki, bu zaman həmin yeniyetmələr kiçik bir uğursuzluğu qəbul edə bilmirlər. Nəticədə, bu uğursuzluqlar onların psixoloji durumunun pozulmasına gətirib çıxarır. Bütün bu sadalananlar suisidal ölümlərə yol açır".

Bu fikirləri Olaylar.az-a uğursuzluğa düçar olmuş abituriyentlərin həyatlarını suisidal ölümlə başa çatdırmasının səbəbləri  haqqında danışarkən psixoloq Almaz Əsgərova deyib. 

Psixoloqun sözlərinə görə, valideynlərin heç bir gözləntisi uşaqlarının həyatından daha vacib olmamalıdır. Yeniyetmə dövründə baş verən hormonal dəyişikliyi  nəzərə alaraq, uşaqların xarakterində baş verən  hallar anlayışla qarşılanmalıdır.

Psixoloq valideynlərə müraciət edərək bildirib ki, həyat yolunda onların yanında olduğunuzu, hər bir  halda onlara dəstək duracağınızı hiss etdirin: "Səhv etdikləri zaman onaları qınamayın, səhvlərini başa salmağa çalışıb, çıxış yollarını birlikdə müzakirə edin! Övladlarınıza inanın, onlara seçim ixtiyarı verin! Güvənin! Övladlarınızı bir şəxsiyyət kimi qəbul edib, onlara dəyər verin!  Onları  bütün uğur və uğursuzluqları, mənfi və müsbət tərəfləri, çatışmazlıqları ilə, bir sözlə, olduqları kimi qəbul edib, onlara diqqət ayırın, onları sevin! Unutmayın ki, övladınız sizin bəhrənizdir"!

"Valideynin uşaqla vaxt keçirməyə imkanı yoxdursa bunu onun əvəzinə  internet edəcək"

Yeniyetmə suisidləri haqda məlumatlar insanların, xüsusən valideynlərin hədsiz narahatlığına səbəb olur. Çox suallar yaranır: nədən problemi heç kəs vaxtında görə bilməyib? Bu cür problemin yaranma səbəbi nədir? Suisidin qarşısını necə almaq olar?

"Uşağın, xüsusən yeniyetmənin sevgiyə, qayğıya, ünsiyyətə ehtiyacı böyükdür. Bir çox valideynlər günün böyük hissəsini işdə olur, yalnız uşağa yemək verməyə, sabahkı günə hazırlamağa gücləri qalır. Uşağın isə ana - ata ilə ünsiyyətə, birgə vaxt keçirməyə ehtiyacı var. Əgər valideynin uşaqla vaxt keçirməyə imkanı yoxdursa, bunu onun əvəzinə internet edəcək. Bir çox ailələrdə ölüm haqqında söhbət etmək demək olar ki, yasaqdır. Məhz yeniyetməlik dövründə bu mövzuda suallar yaranır: Ölüm nədir? Öləndən sonra nə olacaq? Əgər valideynlə bu barədə danışmaq mümkün deyilsə, uşaq üz tutur internetə, müxtəlif şübhəli qruplara üzv olur və bu qruplarda ölüm, suisid haqda məlumatlar oxuyur. Məqsədi, məramı məlum olmayan, uşaqları siusidə təhrik edən qrupların olduğu bir dövrdə bu fakt uşaqların həyatı üçün təhlükə yaradır. Bu qruplardan uşaqları qorumağın yolu evdə söhbət etmək, suallarına cavab vermək, ölümə qarşı düzgün münasibəti formalaşdırmaqdır".

Bu fikirləri Olaylar.az-a uşaqlarda və yeniyetmələrdə suisid halının qarşının alınması ilə bağlı danışarkən uşaq psixoloqu Afaq Əmirli deyib.

O bildirib ki, valideyn övladı ilə insanın müxtəlif həyati situasiyalarda keçirdiyi hisslər, emosiyalar haqda danışmalıdır. Uşaq yeniyetmə bilməlidir ki, həyat heç də yalnız xoş, sevincli hadisələrdən, günlərdən ibarət deyil. Uşağa mənfi, neqativ emosiyaları düzgün şəkildə yaşamağı, çətinliklərə sinə gəlməyi öyrətmək lazımdır. Onu bütün neqativ situasiyalardan qoruyaraq, aşırı qayğı ilə əhatə edərək, süni şəkildə ideal həyat şəraiti yaradaraq, çətinliklərə qalib gəlməyin yollarını axtarıb tapmaqdan məhrum etmiş oluruq. Birdən - birə qəliz situasiyaya düşmüş uşaq çıxış yolunu tapa bilmir, çünki valideyn bunu ona öyrətməyib. Evdə valideynlərlə, məktəbdə müəllimlərlə " çıxış yolu olmayan problem yoxdur, onu tapmağı bacarmaq lazımdır" mövzularında söhbətlər aparılmalıdır.

Psixoloqun qeyd edib ki, bəzən ana - ata öz valideynlik ambisiyalarını reallaşdırmaq üçün övladın qarşısına onun bilik, bacarıq və qabiliyyətinə uyğun olmayan yüksək tələblər qoyurlar: "Mənim uşağım ən tərbiyəli, ən savadlı olmalıdır. Ən yaxşı qiymətləri almalıdır, ən yüksək balla ən yaxşı fakultəyə daxil olmalıdır." Bu cür tələblərə uyğun gəlməyən , daima təzyiq altında olan uşaq psixoloji baxımdan daima stress, gərginlik vəziyyətində olur. Bu stressin sonu isə əfsus suisidlə nəticələnə bilir.

Afaq Əmirli qeyd edib ki, suisidin qarşısını sevgi, qayğı, diqqət, uşağı olduğu kimi qəbul etmək bacarığı alır. Övladı anlamaq, onun nəzər nöqtəsini qəbul etməyi bacarmaq, adekvat özgüvən formalaşdırmaq lazımdır. Bundan əlavə valideyn bütün digər məsələlərdə olduğu kimi burada da nümunə olmağı bacarmalıdır. Çətinliyə düşən valideyn möhkəm, optimist olmalı, çıxış yolunu axtarıb tapmalıdır. Uşağa həyatı sevməyi, xırda şeylərdən zövq almağı, sevinməyi öyrətmək lazımdır. Həmçinin uşağın maraq dairəsi geniş olmalıdır. İdman, musiqi, müxtəlif hobbilər uşaqların həyatını maraqlı, rəngarəng və pozitiv edir.

Nigar Orucova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31