İran Xəzərdə təsirini itirir: Tehran sahilyanı ölkələrdən nə istəyir? – ÖZƏL

"İran son vaxtlar Xəzər hövzəsində öz təsir imkanlarını ciddi şəkildə itirməyə başlayıb. Xüsusilə də Rusiya sahilləri yaxınlığında Ukrayna tərəfindən İran ticarət gəmisinin vurulmasından sonra rəsmi Tehran üçün Xəzər hövzəsində fəaliyyət göstərmək daha da çətinləşib. Təbii ki, rəsmi Tehran Xəzər hövzəsinin geosiyasi əhəmiyyətini yaxşı anlayır və bu regionda öz təsir və fəaliyyət imkanlarını itirmək istəmir. Belə bir şəraitdə İran təkbaşına Ukraynanın Xəzər regionunda mümkün növbəti addımlarına qarşı müqavimət göstərmək imkanında deyil. Buna görə də rəsmi Tehran Xəzəryanı dövlətlər arasında təhlükəsizlik məsləhətləşmələrinin artırılması məsələsini gündəmə gətirməklə digər sahilyanı ölkələrin də bu məsələyə diqqət ayırmasına çalışır".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, İran öz ticarət gəmilərinin hərəkətinə qarşı ola biləcək hər hansı hərbi müdaxiləyə bütün Xəzəryanı dövlətlərin reaksiya verməsini istəyir və bununla da ümumi təhlükəsizlik sisteminin yaradılmasına yönəlmiş addımların atılmasında maraqlı olduğunu nümayiş etdirir. Lakin mövcud vəziyyətdə İranın digər dövlətlərlə qarşıdurmasına Xəzəryanı ölkələrin, Rusiya istisna olmaqla, müdaxilə etməyə həvəs göstərəcəyi o qədər də inandırıcı görünmür. Çünki hər bir dövlət ilk növbədə öz təhlükəsizliyini düşünür və bu, tamamilə normal yanaşmadır. Üstəlik, İranın Xəzəryanı region üzrə siyasəti də müəyyən mənada müəmmalı xarakter daşıyır. Xəzərin hüquqi statusu ilə bağlı Konvensiya digər sahilyanı dövlətlərin parlamentlərində ratifikasiya olunsa da, İran hələ də bu məsələ ilə bağlı bəzi iddialarını davam etdirir və sənədin parlamentdə təsdiqlənməsinə tələsmir. Əgər İran həqiqətən də Xəzərin təhlükəsiz regiona çevrilməsində maraqlıdırsa, ilk növbədə Xəzər Konvensiyasının İran parlamentində ratifikasiyası prosesini yekunlaşdırmalıdır. Bundan sonra ümumi və ortaq maraqlar çərçivəsində Xəzərdə fəaliyyət və təhlükəsizlik məsələləri ilə bağlı daha geniş məsləhətləşmələrin aparılması mümkün ola bilər.

Ekspert qeyd edib ki, İran Xəzər üzərindən narkotik və digər qaçaqmalçılıq fəaliyyətlərinin qarşısının alınmasını istəyirsə, ilk növbədə bu problemləri öz ərazisində həll etməlidir. Çünki əsas narkotik və qaçaqmalçılıq marşrutlarından birinin məhz İran üzərindən keçdiyi iddia olunur. Bütün bunları nəzərə aldıqda belə nəticəyə gəlmək olar ki, rəsmi Tehran yenə də əsasən öz maraqları çərçivəsindən çıxış edir və digər dövlətləri də bu maraqların müdafiəçilərinə çevirməyə çalışır. Lakin digər ölkələrin İranın özünə aid hərbi-siyasi problemlərinə müdaxilə edəcəyi və ya bu məsələlərdə Tehranın gözləntilərinə uyğun davranacağı o qədər də inandırıcı görünmür.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31