Təmayül məktəbləri repetitor asılılığına son qoyacaq? – 2026–2027-ci illərin əsas təhsil yeniliyi

Azərbaycanda ümumi təhsil sistemində həyata keçirilən yeniliklər çərçivəsində növbəti tədris ilindən etibarən yeni təmayül tədris modelinin əhatə dairəsi daha da genişlənəcək. Təhsil sahəsində aparılan islahatların bir hissəsi olan bu modelin 2026-2027-ci tədris ilində Bakı şəhərində yerləşən 31 ümumi təhsil müəssisəsində tətbiq ediləcəyi açıqlanıb. Artıq yeni təmayül tədris modelinin həyata keçiriləcəyi məktəblər müəyyənləşdirilib və tədris prosesinin təşkili istiqamətində hazırlıq işləri aparılır. Son illərdə ali təhsil müəssisələrinə qəbul imtahanlarında uğur qazanmaq istəyən şagirdlərin böyük əksəriyyəti məktəbdənkənar hazırlıq kurslarına və repetitor xidmətlərinə müraciət edir. Bu isə bir çox ailələr üçün əlavə maliyyə yükü yaradır. Yeni təmayül tədris modelinə marağın artmasının əsas səbəblərindən biri də məhz şagirdlərin ali məktəblərə hazırlığının məktəb daxilində təşkil olunması ilə bağlı gözləntilərdir. Müşahidələr göstərir ki, xüsusilə X və XI sinif şagirdləri arasında bu modelə ciddi maraq formalaşıb. Valideynlər də övladlarının ali məktəblərə qəbul prosesinə daha sistemli və ödənişsiz şəkildə hazırlaşa bilmələri üçün həmin məktəblərdə təhsil almalarına üstünlük verməyə çalışırlar. Yeni modelin tətbiq olunacağı təhsil müəssisələrində şagirdlərin seçdikləri istiqamətlər üzrə daha məqsədyönlü hazırlıq keçmələri nəzərdə tutulur. Təhsilalanların gələcək ixtisas seçimlərinə uyğun olaraq onların bilik və bacarıqlarının inkişaf etdirilməsi, ali məktəblərə qəbul imtahanlarında tələb olunan fənlər üzrə hazırlığın gücləndirilməsi əsas hədəflərdən biri kimi qiymətləndirilir. Bu baxımdan yeni təmayül tədris modeli həm məktəb təhsilinin məzmununun təkmilləşdirilməsi, həm də yuxarı sinif şagirdlərinin ali təhsil mərhələsinə hazırlığının daha effektiv təşkili baxımından diqqət çəkir. Məlumata görə, yeni təmayül tədris modeli tətbiq edilən məktəblərdə bütün qruplar üzrə hazırlıq xarakterli dərslər təşkil olunacaq. Şagirdlər qəbul imtahanlarında iştirak edəcəkləri istiqamətlərə uyğun şəkildə əlavə tədris imkanları əldə edəcəklər. Bu isə onların həm məktəb proqramını mənimsəməsinə, həm də ali təhsil müəssisələrinə qəbul üçün tələb olunan bilikləri sistemli şəkildə əldə etməsinə şərait yarada bilər. Təhsil ictimaiyyətində də yeni modelin nəticələri maraqla izlənilir. Bir çox valideyn və şagird hesab edir ki, məktəb daxilində təşkil olunan hazırlıq prosesinin səmərəli qurulması əlavə kurslara olan ehtiyacı müəyyən qədər azalda bilər. Digər tərəfdən, bu modelin uğuru onun tətbiq olunacağı məktəblərdə tədrisin keyfiyyətindən, müəllim heyətinin hazırlıq səviyyəsindən və proqramın effektiv təşkilindən asılı olacaq.

Bəs yeni təmayül tədris modeli hansı üstünlükləri və imkanları vəd edir? Bu təmayüllər repetitorluğun yavaş-yavaş sıradan çıxmasına xidmət edə bilərmi?

"Elm və Təhsil Nazirliyinin məqsədi də məhz bu idi ki, təhsil sistemində uzun illərdir mövcud olan repetitorluq asılılığının təsiri azalsın və ya müəyyən qədər aradan qaldırılsın. Təmayül siniflərinin yaradılması da məhz bu məqsədə xidmət edən mexanizmlərdən biri kimi meydana çıxıb. Bu modelin əsas mahiyyəti ondan ibarətdir ki, şagirdlər yuxarı siniflərdə öz maraq və bacarıqlarına uyğun istiqamətlər üzrə daha dərin və məqsədyönlü təhsil ala bilsinlər. Nəticədə məktəbdə verilən təhsilin keyfiyyətinin yüksəlməsi və ali məktəblərə hazırlığın bir hissəsinin məhz məktəb daxilində təmin olunması nəzərdə tutulur".

Bu sözləri mövzu ilə bağlı suallarımızı cavablandırarkən təhsil eksperti Məzahir Məmmədli deyib. Ekspertin sözlərinə görə, ötən illərdə bu layihə pilot layihə kimi təqdim olunmuşdu və ilkin mərhələdə məhdud sayda məktəbdə tətbiq edilmişdi. Pilot layihənin nəticələri göstərdi ki, təmayül siniflərinin fəaliyyət göstərdiyi məktəblərdə həm tədris keyfiyyəti, həm də ali təhsil müəssisələrinə qəbul göstəriciləri baxımından müəyyən müsbət nəticələr əldə olunub. Məhz bu nəticələr nəzərə alınaraq layihənin əhatə dairəsinin genişləndirilməsi barədə qərar qəbul edilib. Bu səbəbdən artıq Bakı şəhəri üzrə 30-dan çox məktəbdə təmayül siniflərinin təşkili nəzərdə tutulub. Burada əsas məqsəd sadəcə yeni siniflərin yaradılması deyil, həm də bu prosesə daha hazırlıqlı müəllimlərin və potensiallı şagirdlərin cəlb olunmasını təmin etməkdir. Həm müəllimlərin, həm də şagirdlərin müəyyən seçim mərhələsindən keçərək bu siniflərə cəlb olunması məsələsi qoyulub. Bu yanaşma son iki il ərzində həyata keçirilən pilot layihələrin prinsiplərinə uyğun şəkildə reallaşdırılır və əvvəlki təcrübənin davamı hesab oluna bilər. Təmayül siniflərinin genişləndirilməsi, əslində, təhsil sistemində keyfiyyətin artırılmasına yönəlmiş addımlardan biridir. Burada məqsəd şagirdlərin maraq göstərdikləri istiqamətlər üzrə daha sistemli bilik əldə etmələrinə şərait yaratmaq, eyni zamanda ali təhsil müəssisələrinə qəbul zamanı onların rəqabət qabiliyyətini yüksəltməkdir. Təcrübə göstərir ki, şagirdlər seçdikləri istiqamət üzrə daha dərin hazırlıq keçdikdə onların nəticələri də daha uğurlu olur. Bununla yanaşı, xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycanda repetitorluğu tamamilə aradan qaldırmaq mümkün olmayacaq. Bu gün mövcud reallıqlar göstərir ki, repetitorluq artıq uzun illər ərzində formalaşmış bir sistemə çevrilib və cəmiyyətin müxtəlif təbəqələri tərəfindən geniş şəkildə istifadə olunur. Ona görə də təmayül siniflərinin tətbiqini repetitorluğun tamamilə yox olması kimi qiymətləndirmək düzgün olmazdı. Sadəcə olaraq, bu layihə uğurla başa çatarsa və gözlənilən nəticələri verərsə, repetitorluğa olan ehtiyacı müəyyən qədər azalda bilər. Başqa sözlə desək, şagirdlərin məktəb daxilində aldıqları təhsilin keyfiyyəti yüksəldikcə əlavə hazırlığa ehtiyac duyanların sayı da qismən azala bilər. Bu isə təhsil sistemində müəyyən balansın yaranmasına gətirib çıxara bilər. Bu baxımdan həmin məktəblərdə fəaliyyət göstərəcək müəllimlərin də repetitorluq imkanları müəyyən mənada məhdudlaşacaq. Çünki məqsəd ondan ibarətdir ki, şagird ehtiyac duyduğu bilik və bacarıqların əsas hissəsini məhz məktəbdə əldə etsin. Əgər məktəb bu funksiyanı yüksək səviyyədə yerinə yetirərsə, repetitorluğa olan tələbatın da müəyyən qədər azalacağı gözlənilir. Xatırlayırsınızsa, bir müddət əvvəl Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu da bildirmişdi ki, 20 min müəllimin vahid işəgötürmə sisteminə cəlb olunması prosesinə məhz həmin məktəblərdən başlanılacaq. Bu açıqlama da göstərir ki, təmayül sinifləri və bu layihə ümumilikdə təhsil sistemində aparılan daha geniş islahatların tərkib hissəsidir. Burada söhbət təkcə yeni siniflərin yaradılmasından deyil, eyni zamanda müəllim potensialının daha səmərəli idarə olunmasından və tədris keyfiyyətinin yüksəldilməsindən gedir. 

Ekspertin fikrincə ki, həm şagirdlərin potensialına uyğun seçim aparılması, həm də yüksək hazırlıqlı müəllimlərin bu məktəblərə cəlb edilməsi onu göstərir ki, layihə uğurlu nəticələr verir. Pilot mərhələdə əldə edilən göstəricilər də bu qənaəti formalaşdırmağa əsas verir. Məhz buna görə gələcəkdə layihənin daha geniş miqyasda tətbiq olunması nəzərdə tutulur. Əgər növbəti mərhələlərdə də müsbət nəticələr davam edərsə, bu modelin ölkənin digər məktəblərində də yayılması mümkün ola bilər.

"Azərbaycanda repetitorluğun aradan qalxmasına gəlincə isə, təəssüf ki, bu gün məsələ təkcə təhsil sistemindən asılı deyil. Repetitorluq artıq müəyyən mənada bir dəb halını da alıb. Bəzi hallarda valideynlər repetitoru yalnız təhsil nəticələrinin yaxşılaşdırılması vasitəsi kimi deyil, həm də övladlarının gələcəyinə qoyulan əlavə investisiya kimi qiymətləndirirlər. Bu yanaşma isə repetitorluğun cəmiyyətdə daha geniş yayılmasına səbəb olur. Bu gün elə valideynlər var ki, övladlarını çox erkən yaşlardan repetitor yanına göndərirlər. Hətta bəzi hallarda məktəbə yeni başlayan və ya aşağı siniflərdə oxuyan uşaqlar da əlavə hazırlıq kurslarına və repetitor dərslərinə cəlb olunurlar. Valideynlər bunu gələcəkdə övladlarının arzuladıqları ixtisasa qəbul olunması üçün atılmış addım kimi qiymətləndirirlər və hesab edirlər ki, erkən hazırlıq gələcək uğurun əsas şərtlərindən biridir. Ümumiyyətlə, müşahidələr göstərir ki, valideynlər həm ixtisas seçimində, həm də gələcək peşənin müəyyənləşdirilməsində övladlarına ciddi təsir göstərirlər. Bir çox hallarda şagirdlərin təhsil istiqaməti, seçəcəkləri ixtisas və gələcək peşə planları məhz ailənin yanaşması ilə formalaşır. Buna görə də repetitorluğun yayılması məsələsinə yalnız təhsil sisteminin problemi kimi baxmaq düzgün olmazdı. Burada ailələrin gözləntiləri, cəmiyyətin formalaşdırdığı stereotiplər və ali təhsil müəssisələrinə qəbul prosesinə münasibət də mühüm rol oynayır. Məhz buna görə təmayül sinifləri repetitorluğu tamamilə aradan qaldırmasa da, məktəbin rolunun gücləndirilməsi, tədrisin keyfiyyətinin artırılması və şagirdlərin daha məqsədyönlü şəkildə hazırlanması baxımından mühüm addım hesab oluna bilər. Layihənin əsas məqsədi də məktəbin təhsil prosesində aparıcı rolunu gücləndirmək və şagirdlərin ehtiyac duyduqları bilikləri ilk növbədə məktəbdə əldə etmələrinə şərait yaratmaqdır", - deyə M.Məmmədli əlavə edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31