“Korte Bəyannaməsi” Fransaya real təzyiq yarada bilərmi?- ÖZƏL

7-9 avqust tarixlərində Korsikanın Korti şəhərində "Nazione" hərəkatının təşkilatçılığı ilə "Beynəlxalq Günlər" tədbirinin 44-cü buraxılışı keçirilib. Tədbirin sonunda Beynəlxalq Dekolonizasiya Cəbhəsi tərəfindən "Korte Bəyannaməsi" qəbul olunub.
Bəyannamədə Fransanın Korsika, Yeni Kaledoniya və digər ərazilərdə yerli xalqların siyasi və milli hüquqlarını məhdudlaşdırdığı iddia edilir. Cəbhə bu ərazilərin öz müqəddəratını təyin etmək hüququnun tanınmasını tələb edib və Fransanın müstəmləkəçilik siyasətinə qarşı beynəlxalq mübarizənin gücləndiriləcəyini açıqlayıb.

"Korte Bəyannaməsinin" qəbul edilməsi Korsikanın müstəqillik hərəkatı baxımından hansı siyasi əhəmiyyət daşıyır? Və bu sənəd Fransaya real siyasi təzyiq yarada bilərmi?
Mövzu ilə bağlı politoloq Turab Rzayev Olaylar.az-a açıqlama verib:

" Əlbəttə ki, Fransaya qarşı bu cür tədbirlər getdikcə daha geniş vüsət alır. Həm Korsikada, həm Yeni Kaledoniyada, həm də Fransaya məxsus, deyək ki, dünya okeanındakı ərazilərin içərisindəki digər xırda adalarda bu cür hadisələr, etirazlar baş verir. Ancaq son zamanlarda Fransaya ən böyük zərbəni, deyə bilərik ki, Afrikadan alır. Afrikada bir sıra ölkələrdən Fransa qovulub. Bir sırasında vətəndaş müharibəsi baş verir və tərəflərdən biri Fransanın dəstəklədiyi hökumətin çıxmasını istəyir. Bəzilərində də hadisələrin gedişatı bir istiqamətdədir.
Faktiki olaraq, Fransaya qarşı "Afrikanı istismar edir" fikri səsləndirilir və burada da təbii səbəblər var. Təbii səbəblər odur ki, Fransa faktiki olaraq bu bölgələrdən milyardlarla dollar, avro əldə edir, bu ölkələr isə sərvətlərindən, proqram vəsaitlərindən demək olar ki, heç nə qazanmırlar.
Məsələn, bəzi hesablamalara görə, Fransanın Afrikadan əldə etdiyi gəlir 500 milyard avronun üzərindədir. Bu da həmin xalqların kasıb yaşamağına səbəb olur. Korsika isə dəfələrlə müstəqilliyə meyilli ərazi olub. Dəfələrlə buna cəhd edib. Fransa bu məsələlərə çox sərt yanaşır. Aydın məsələdir ki, bu cür çıxışlarla Fransa həmin ərazilərə müstəqillik verməyəcək. Ancaq ən azından bu toplantılar məsələnin daha çox gündəmdə qalmasına səbəb olur, daha çox dəstək almağa şərait yaradır. Bu təşkilatlar birləşərək səslərini daha çox çıxara bilirlər. Belə olanda təzyiq də çox olur.
Burada Azərbaycanın da müəyyən rolu var. Azərbaycan bu tarixi ədalətin bərpası istiqamətində həmin ölkələrin bir araya gəlməsində, səslərini çıxarmasında və müzakirələr aparmasında rol oynayıb. Müxtəlif ölkələrdən nümayəndələr gəlib, səslərini bildiriblər.
Nəzərə alsaq ki, Fransa Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycana qarşı idi və hər zaman separatçılığı dəstəkləyirdi, Azərbaycan məhz bu mövzuda dünya ölkələrinin müstəqillik arzularını və sərbəst fəaliyyət göstərmək istəyini dəstəkləyir. Burada həm də Fransaya qarşı təzyiqdən istifadə etmək, eyni zamanda tarixi ədalətin bərpasına nail olmaq məqsədi güdülür".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31