Naxçıvanın uzunillik nəqliyyat təcridi bitir: Region qlobal logistika mərkəzinə çevrilir – ÖZƏL

"Prezidentin Naxçıvana səfəri baş tutdu və səfər çərçivəsində bir sıra mühüm layihələrdən danışıldı. Naxçıvanın yenidən qurulması, yeni yaşayış məntəqələrinin salınması və regionun inkişaf perspektivləri diqqət mərkəzində idi. Prezident öz çıxışında da vurğuladı ki, Naxçıvan Azərbaycan üçün çox böyük əhəmiyyətə malikdir. Çünki müasir Azərbaycan dövlətçiliyinin formalaşmasının mühüm mərhələlərindən biri məhz Naxçıvanla bağlıdır. Prezident həmçinin Ümummilli Lider Heydər Əliyevin Naxçıvandakı fəaliyyətini və sonradan oradan Bakıya gələrək ölkə rəhbərliyini üzərinə götürməsini də xüsusi qeyd etdi".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçinin sözlərinə görə, bu, onu göstərir ki, Naxçıvan həm siyasi, həm də ictimai baxımdan Azərbaycanın həyatında xüsusi yer tutur. Tarixi, siyasi və strateji əhəmiyyətinə görə bu bölgə hər zaman ölkənin diqqət mərkəzində olub. Prezidentin Naxçıvanın strateji-coğrafi mövqeyi ilə bağlı verdiyi mesajlar da xüsusi diqqət çəkirdi. Qeyd etmək lazımdır ki, Naxçıvan bu gün anklav vəziyyətində olsa da, həm İran, həm də Türkiyə ilə sərhədə malikdir. Hazırda hər iki ölkə ilə birbaşa əlaqələr və gediş-gəliş imkanları mövcuddur. Bu isə Naxçıvanı sadəcə Azərbaycanın ayrılmaz tərkib hissəsi deyil, həm də regionun mühüm geosiyasi və geoiqtisadi nöqtələrindən birinə çevirir. Naxçıvan tarix boyu Azərbaycanın siyasi həyatında mühüm rol oynayıb və bu əhəmiyyətini bu gün də qoruyub saxlayır. Eyni zamanda, region artıq logistika baxımından da daha böyük rol oynamağa başlayıb. Gələcəkdə həyata keçiriləcək bir sıra beynəlxalq layihələrin Naxçıvan üzərindən keçməsi nəzərdə tutulur. Naxçıvanın Türkiyə ilə birbaşa əlaqəsi, eləcə də İranla mövcud nəqliyyat bağlantıları onun əhəmiyyətini daha da artırır. 

Ekspert bildirib ki, prezidentin vurğuladığı əsas məsələlərdən biri də TRIPP layihəsi idi. Bu layihə çərçivəsində Azərbaycanla Naxçıvan arasında birbaşa nəqliyyat əlaqələrinin yaradılması nəzərdə tutulur. Beləliklə, Naxçıvanın uzun illər mövcud olmuş nəqliyyat təcridi aradan qalxacaq və region Azərbaycanın əsas hissəsi ilə daha sıx inteqrasiya olunacaq. Digər tərəfdən, Orta Dəhliz və regionda formalaşan yeni nəqliyyat marşrutları baxımından da Naxçıvanın rolu artır. TRIPP layihəsinin Naxçıvan üzərindən keçməsi, Türkiyə və İran istiqamətlərinə çıxış imkanları yaratması, həmçinin Asiya ölkələri ilə əlaqələrin genişlənməsinə töhfə verməsi bu bölgəni mühüm logistika mərkəzinə çevirə bilər. Həm tarixi-siyasi əhəmiyyətinə, həm də yeni nəqliyyat və logistika layihələrində tutduğu yerə görə Naxçıvanın rolu getdikcə artır. Regionun strateji mövqeyi, Türkiyə və İranla sərhədlərinin olması, eləcə də beynəlxalq nəqliyyat dəhlizlərinin üzərində yerləşməsi Naxçıvanı Azərbaycanın gələcək inkişaf strategiyasında mühüm mərkəzlərdən birinə çevirir.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31