Sosial şəbəkələrdə yeni dövr: Cərimələr sərtləşdirilir, öhdəliklər artır – Rəqəmsal mühitdə nə dəyişir?

Yadigar Məmmədli: "Məqsəd sosial şəbəkələri məhdudlaşdırmaq deyil, təhlükəsizliyi təmin etməkdir" 

Azərbaycanda rəqəmsal mühitin hüquqi tənzimlənməsi istiqamətində yeni addımlar atılır. Son illərdə sosial şəbəkələrin gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsi, milyonlarla insanın müxtəlif platformalar üzərindən ünsiyyət qurması, məlumat paylaşması və xidmətlərdən istifadə etməsi bu sahədə hüquqi mexanizmlərin təkmilləşdirilməsini zəruri edib. Məhz bu məqsədlə sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı qanunvericilik bazasında mühüm dəyişikliklər həyata keçirilib və yeni məsuliyyət tədbirləri müəyyənləşdirilib. Prezident İlham Əliyevin imzaladığı qanunla İnzibati Xətalar Məcəlləsinə, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", eləcə də "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlara dəyişikliklər edilib. Dəyişikliklər sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı müəyyən edilmiş tələblərin icrasına nəzarətin gücləndirilməsini, bu sahədə məsuliyyət mexanizmlərinin daha aydın müəyyən olunmasını və qanun pozuntularına qarşı inzibati tədbirlərin sərtləşdirilməsini nəzərdə tutur. Yeni qanunvericilik normalarına əsasən, sosial şəbəkə platformaları və onların fəaliyyətinə cavabdeh olan hüquqi şəxslər qarşısında bir sıra öhdəliklər müəyyən edilir. Bu öhdəliklərin yerinə yetirilməməsi, aidiyyəti dövlət qurumlarının sorğularına vaxtında cavab verilməməsi, tələb olunan məlumatların təqdim edilməməsi, natamam və ya təhrif olunmuş məlumatların verilməsi inzibati məsuliyyət yaradacaq. Qanunvericilikdə nəzərdə tutulan tələblərin pozulması hallarında həm vəzifəli şəxslər, həm də hüquqi şəxslər üçün ciddi maliyyə sanksiyaları tətbiq olunacaq. Qəbul edilən dəyişikliklər çərçivəsində xüsusilə yaş məhdudiyyəti tətbiq olunan sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərə ayrıca diqqət yetirilir. Uşaqların və yeniyetmələrin rəqəmsal mühitdə təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməməsi hallarında hüquqi şəxslər üçün yüksək məbləğdə cərimələr nəzərdə tutulub. Belə ki, qanunun tələblərinin pozulmasına görə hüquqi şəxslər 35 min manatdan 40 min manatadək cərimələnə biləcəklər. Əgər eyni pozuntu bir il ərzində təkrar törədilərsə, tətbiq olunacaq cərimənin məbləği 45 min manatdan 50 min manatadək yüksələcək. Qanunvericilikdə edilən dəyişikliklər həm sosial şəbəkə platformalarının fəaliyyətinə dair məsuliyyət çərçivəsini genişləndirir, həm də müəyyən edilmiş tələblərin icrasına nəzarətin daha effektiv şəkildə həyata keçirilməsini hədəfləyir. Bununla yanaşı, yeni normalar rəqəmsal mühitdə təhlükəsizlik, məlumatların idarə olunması, platformaların hesabatlılığı və istifadəçilərin maraqlarının qorunması ilə bağlı məsələlərin də daha geniş hüquqi çərçivədə tənzimlənməsinə xidmət edir.

Bəs müəyyən edilən yüksək məbləğli cərimələrin əsas məqsədi nədir və bu dəyişikliklər rəqəmsal mühitin gələcək inkişafına necə təsir göstərə bilər?

Mövzu ilə bağlı Olaylar.az-a danışan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədlinin sözlərinə görə, sosial şəbəkələrdə nizam-intizamın yaradılması, etik davranış qaydalarına əməl olunması və rəqəmsal mühitdə münasibətlərin hüquqi çərçivədə tənzimlənməsi məsələsi təkcə Azərbaycanın gündəmində olan bir mövzu deyil. Bu, artıq uzun illərdir ki, dünyanın müxtəlif ölkələrində müzakirə olunan və dövlətlərin diqqət mərkəzində saxladığı istiqamətlərdən biridir. Azərbaycandan daha əvvəl Avropa ölkələrində, ABŞ-də və bir sıra digər inkişaf etmiş dövlətlərdə sosial şəbəkələrin fəaliyyəti ilə bağlı müxtəlif qanunvericilik mexanizmləri formalaşdırılıb, hüquqi baza yaradılıb və bu sahədə konkret qaydalar müəyyənləşdirilib. Burada vacib məqamlardan biri ondan ibarətdir ki, həmin ölkələrdə qəbul edilən hüquqi mexanizmlər sosial şəbəkələrin fəaliyyətini qadağan etməyə və ya məhdudlaşdırmağa yönəlməyib. Əsas məqsəd sosial şəbəkələrdə qayda-qanunun təmin olunması, istifadəçilərin hüquqlarının qorunması, etik davranış normalarının gözlənilməsi və rəqəmsal mühitdə yaranan risklərin minimuma endirilməsidir. Yəni söhbət sosial şəbəkələrin mövcudluğundan və ya insanların bu platformalardan istifadə etməsindən deyil, həmin platformalarda hansı davranışların yolverilən, hansılarının isə yolverilməz hesab olunmasından gedir. Bu gün dünyanın bir çox ölkəsində sosial şəbəkələr artıq ictimai münasibətlərin mühüm hissəsinə çevrildiyindən, dövlətlər də bu sahədə müəyyən tənzimləmə mexanizmlərinin tətbiqini zəruri hesab edirlər. Azərbaycanda həyata keçirilən dəyişikliklər də məhz bu ümumi beynəlxalq yanaşmanın tərkib hissəsi kimi qiymətləndirilə bilər. Azərbaycan da bu istiqamətdə eyni yolu seçib. Prezident tərəfindən imzalanan qanunla İnzibati Xətalar Məcəlləsinə, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Uşaqların zərərli informasiyadan qorunması haqqında" və digər qanunlara dəyişikliklər edilib. Həyata keçirilən bu dəyişikliklər təsadüfi xarakter daşımır. Onlar müasir dövrün çağırışlarından, informasiya texnologiyalarının sürətli inkişafından və sosial şəbəkələrin cəmiyyət həyatındakı rolunun getdikcə artmasından irəli gələn zərurətin nəticəsidir.

Ekspert bildirib ki, artıq sosial şəbəkələr elə bir mərhələyə çatıb ki, demək olar, cəmiyyətin bütün təbəqələri bu platformalarda təmsil olunur. Müxtəlif yaş qruplarına mənsub insanlar, dövlət qurumları, özəl şirkətlər, ictimai təşkilatlar və fərdi istifadəçilər gündəlik fəaliyyətlərinin mühüm hissəsini məhz rəqəmsal platformalar üzərindən həyata keçirirlər. Sosial şəbəkələr artıq təkcə ünsiyyət vasitəsi deyil, həm də informasiya mənbəyi, işgüzar fəaliyyət platforması, təhsil və maarifləndirmə vasitəsi kimi çıxış edir. Bu gün bir çox xidmətlər onlayn formada təqdim olunur, müxtəlif işlər məsafədən həyata keçirilir, insanlar məlumat almaq və paylaşmaq üçün daha çox rəqəmsal platformalara üz tuturlar. Elektron ticarət, distant təhsil, onlayn xidmətlər və digər sahələr sosial şəbəkələrin və ümumilikdə rəqəmsal mühitin əhəmiyyətini daha da artırır. Bu tendensiya hər keçən gün güclənməkdə davam edir. Başqa sözlə, sosial şəbəkələr artıq gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib və onların təsir dairəsi getdikcə genişlənir. Məhz buna görə də bu platformalarda etik qaydaların qorunması xüsusi əhəmiyyət daşıyır. Sosial şəbəkələrdə insanların şərəf və ləyaqətinin müdafiə olunması, böhtan və təhqir hallarının qarşısının alınması, nifrət və düşmənçilik yaradan çağırışların məhdudlaşdırılması, təhlükəli məzmunların yayılmasının qarşısının alınması cəmiyyət üçün mühüm məsələlərdən biridir. Rəqəmsal mühitdə sərbəstliklə yanaşı, məsuliyyət anlayışının da mövcud olması vacib hesab edilir. Xüsusilə uşaqların və yeniyetmələrin sosial şəbəkələrdə müxtəlif risklərlə üzləşməsi bu sahədə hüquqi tənzimləmənin vacibliyini daha da artırır. Uşaqların zərərli informasiyadan qorunması, onların psixoloji və mənəvi inkişafına mənfi təsir göstərə biləcək məzmunların qarşısının alınması, təhlükəli çağırışlardan uzaq tutulması dövlətlərin xüsusi diqqət yetirdiyi məsələlər sırasındadır. Bu baxımdan qanunvericilikdə edilən dəyişikliklər də məhz həmin məqsədlərə xidmət edir.

Yadigar Məmmədli qeyd edib ki, burada diqqət çəkən əsas məqamlardan biri odur ki, qanunvericilik dəyişiklikləri bir neçə istiqaməti əhatə edir və məsuliyyət yalnız sosial şəbəkə istifadəçilərinin üzərinə qoyulmur. Bu məsələdə həm fiziki şəxslərin, həm də hüquqi şəxslərin müəyyən öhdəlikləri nəzərdə tutulur. Birinci tərəf fiziki şəxslərdir. Yəni sosial şəbəkələrdə fəaliyyət göstərən, müxtəlif məlumatlar yayan, paylaşım edən və ictimai müzakirələrdə iştirak edən istifadəçilər. Qanunvericilikdə nəzərdə tutulan tələblərin pozulması hallarında həmin şəxslər üçün məsuliyyət tədbirləri müəyyən edilir. Burada əsasən İnzibati Xətalar Məcəlləsi çərçivəsində tətbiq olunan cərimələr nəzərdə tutulur. Məqsəd insanların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdırmaq deyil, onların fəaliyyətinin qanun çərçivəsində həyata keçirilməsini təmin etməkdir. Digər tərəf isə hüquqi şəxslərdir. Buraya sosial şəbəkə platformalarının sahibləri, operatorları və bu sahədə fəaliyyət göstərən şirkətlər daxildir. Müasir dövrdə sosial şəbəkələr qlobal miqyasda fəaliyyət göstərsələr də, müxtəlif ölkələr həmin platformaların öz ərazilərində fəaliyyət göstərərkən yerli qanunvericiliyin tələblərinə əməl etməsini vacib hesab edirlər. Azərbaycanda da bu istiqamətdə müəyyən hüquqi tələblər formalaşdırılır və platforma sahiblərinə onların məsuliyyət daşıdığı bildirilir. Bu yanaşmanın məqsədi sosial şəbəkələrin fəaliyyətini məhdudlaşdırmaq deyil, onların cəmiyyət qarşısında müəyyən öhdəliklər daşıdığını vurğulamaqdır. Çünki sosial şəbəkələr milyonlarla insanın istifadə etdiyi platformalardır və burada yayılan məlumatların ictimai təsiri kifayət qədər böyükdür. Buna görə də həmin platformaların müəyyən hüquqi və etik çərçivələr daxilində fəaliyyət göstərməsi vacib hesab olunur.

Ekspertin fikrincə, qanunvericilikdə edilən dəyişikliklər cəmiyyətin inkişafına, insanların hüquq və mənafelərinin qorunmasına, ailə institutunun möhkəmləndirilməsinə və uşaqların təhlükəsizliyinin təmin edilməsinə xidmət edir. Burada əsas məqsəd sosial şəbəkələrdə fəaliyyətin qarşısını almaq və ya rəqəmsal mühiti məhdudlaşdırmaq deyil. Məqsəd sosial şəbəkələrdə mövcud olan münasibətlərin və proseslərin daha səmərəli şəkildə tənzimlənməsi, hüquq pozuntularının qarşısının alınması, insanların təhlükəsizliyinin təmin olunması və xüsusilə uşaqların müxtəlif zərərli təsirlərdən qorunmasıdır. Bu baxımdan qəbul edilən dəyişikliklər sosial şəbəkələrin fəaliyyətinə qarşı deyil, həmin fəaliyyətin daha məsuliyyətli, daha təhlükəsiz və cəmiyyətin maraqlarına uyğun şəkildə həyata keçirilməsinə yönəlmiş hüquqi tənzimləmə mexanizmi kimi qiymətləndirilə bilər.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31