Tehranın Xəzər təhlükəsizliyi təşəbbüsü: Səmimi çağırış, yoxsa geosiyasi mesaj?- ÖZƏL

İran Xəzəryanı ölkələrin dəniz təhlükəsizliyi üzrə daha çox məsləhətləşmələr aparmasını təklif edib. İranın Türkmənistandakı səfiri Əli Müctəba Ruzbehani narkotik və qaçaqmalçılıqla mübarizə, brakonyerlik, ekoloji monitorinq, elmi əməkdaşlıq və hərbi sahədə etimadın möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. O, İsrail və ABŞ-ın müharibə zamanı İranın Xəzəryanı şəhər və limanlarına hücum etdiyini, həmçinin İran ticarət gəmisinin Rusiya sahilləri yaxınlığında Ukrayna tərəfindən vurulduğunu bildirib.

İranın Xəzərdə təhlükəsizlik üzrə məsləhətləşmələrin artırılması çağırışının əsas səbəbi nədir və Tehran bununla hansı siyasi mesajı vermək istəyir? İranın Xəzərin hüquqi statusu haqqında Konvensiyanı hələ ratifikasiya etməməsi fonunda bu çağırış nə dərəcədə səmimi və real nəticəyə hesablanmış addım sayıla bilər?
Mövzu ilə bağlı politoloq Elşən Manafov Olaylar.az-a açıqlama verib:

" Xəzərin hüquqi statusunun müəyyən edilməsi üçün Xəzəryanı dövlətlərin apardıqları məsləhətləşmələrdə bütün tərəflər Xəzər su hövzəsində təhlükəsizlik və sabitliyin təmin olunmasında ən vacib amilin Xəzərdən kənar dövlətlərin, xüsusilə Qərb alyansının bu bölgəyə buraxılmamasının olduğunu vurğulamışlar.
Xəzərin hüquqi statusu ilə bağlı bəlli Konvensiyanın qəbul olunmasında bu amilin nəzərə alınması ciddi əhəmiyyət kəsb edib. Baxmayaraq ki, Xəzərə münasibətdə beynəlxalq dəniz hüququnun kondeminium prinsipi ətrafında fərqli maraq və baxışlar olmuşdur (bu da Xəzər su hövzəsində dövlətlərin ərazi hüdudlarına düşən zəngin bioloji, habelə enerji ehtiyatları ilə bağlı məsələlərdən irəli gəlir və Xəzəryanı dövlətlər arasında mübahisələr doğururdu), bütün bunlarla yanaşı, Xəzərin tranzit göstəriciləri, onun vasitəsilə Qərbin Mərkəzi Asiya bazarlarına çıxmaqla bağlı planları lap əvvəldən Xəzəri nüfuz dairələrinə bölmüş Rusiya və İranı daim narahat etmiş, düşündürmüşdür. Məhz bu iki dövlət digər Xəzəryanı dövlətlərdən fərqli olaraq, geosiyasətə daha çox aludə olmuşlar. Zira Qərbdəki qlobalist dairələrin Avroatlantika ilə bağlı maraqları Avrasiyada uzun müddət nüfuz sahibi olmuş Rusiya və İranı düşündürmüş, onları birgə çıxış etməyə sövq etmişdir. Qloballaşmanın dünya çapında yaratdığı tendensiyalardan sonra Çin də öz imkanları və maraq dairəsində Xəzərlə bağlı Rusiya və İranın baxışlarını bölüşməyə başlamışdır.
Sionistlərin qlobalistlərlə razılaşmaları Xəzər ətrafında bəlli səddin keçilməsinə hesablanmış siyasətdir. Söhbət ABŞ-la məsləhətləşmələrdən sonra Ukraynanın Xəzər su hövzəsinə endirdikləri zərbələrdən gedir. ABŞ-ın dəstəyi ilə İranı adlaya bilməyən İsrail ABŞ-ın müharibədən çıxa biləcəyindən ehtiyat edir və buna görə də Avropadakı qlobalistlər vasitəsilə Zelenskiyə təzyiq edib onu Xəzərdə Rus və İran gəmilərinə zərbələr endirməyə razı sala bilmişdir. Bu isə Xəzər regionunun hərbi əməliyyatlar zonasına çevrilməsi, deməli, müharibənin coğrafi ölçülərinin genişlənməsi deməkdir.
Məhz hadisələrin bu istiqamətdə getmə ehtimalı qlobalist və sionistlərə qarşı fərqli cəbhələrdə döyüşən tərəfləri (Rusiya və İranı) hərbi əməkdaşlığı genişləndirmək, geosiyasi anlamda etimadı gücləndirmək zərurəti qarşısında qoyur".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31