Üzlə ödəniş: rahatlıq, yoxsa məxfilik riski?

İnsan həyatında elə vərdişlər var ki, onların necə dəyişdiyini gündəlik tələskənlik içərisində hiss etmirik. Halbuki bir neçə onillik əvvəl tamamilə adi görünən davranışlar bu gün artıq köhnəlmiş hesab olunur. Alış-veriş zamanı ödəniş etmək də bu dəyişimin ən aydın nümunələrindən biridir. Bir vaxtlar insanın cibində pul kisəsinin olması vacib idisə, sonrakı mərhələdə bank kartları həyatımıza daxil oldu. Daha sonra kartı terminala yaxınlaşdırmaq kifayət etdi. Ardınca mobil telefonlar, ağıllı saatlar və digər rəqəmsal cihazlar ödəniş vasitəsinə çevrildi. İndi isə texnologiyanın inkişafı daha bir mərhələni gündəmə gətirir: üzlə ödəniş.

Əslində, ödəniş anlayışının özü insanlıq tarixində daim dəyişib. Mübadilə sistemlərindən sikkələrə, kağız pullardan bank kartlarına qədər hər bir mərhələ insanların daha rahat, sürətli və təhlükəsiz alış-veriş etmək ehtiyacından yaranıb. Texnologiya inkişaf etdikcə məqsəd də dəyişməyib-sadəcə vasitələr yenilənib. Bu gün mağazada alış-veriş etdikdən sonra kassada uzun müddət gözləmək, nağd pul saymaq və ya kartı çıxarıb terminala daxil etmək əvəzinə telefonumuzu terminala yaxınlaşdırmaqla saniyələr ərzində ödəniş edə bilirik. İndi isə bütün bu vasitələrin belə aradan qalxacağı bir sistemdən danışılır.

Üzlə ödəniş texnologiyası ilk baxışdan olduqca sadə görünür. Müştərinin üz cizgiləri xüsusi sistem vasitəsilə tanınır, biometrik məlumatlar əvvəlcədən yaradılmış rəqəmsal profil ilə uyğunlaşdırılır və müəyyən edilmiş maliyyə hesabından ödəniş həyata keçirilir. Başqa sözlə, insanın yanında nə bank kartı, nə telefon, nə də nağd pul olmasına ehtiyac qalır. Sadəcə üzümüz kifayət edir. Bu isə gündəlik həyatın daha da sürətlənməsi deməkdir.

Məncə, texnologiyanın ən cəlbedici tərəfi də məhz budur. İnsanlar hər gün zaman qazanmağa çalışırlar. Növbədə gözləməmək, parol xatırlamamaq, kart axtarmamaq və bir neçə saniyə ərzində ödənişi tamamlamaq ilk baxışdan böyük rahatlıqdır. Xüsusilə insanların telefon, pul kisəsi və bank kartı daşımaq ehtiyacını azaltması bu sistemi daha maraqlı edə bilər. Gələcəkdə marketə daxil olan bir şəxsin alış-verişini etdikdən sonra kassadan keçərkən sadəcə kameraya baxaraq ödəniş etməsi artıq fantastik səhnə kimi görünməyə bilər. Lakin texnologiyanın təqdim etdiyi hər rahatlığın arxasında cavablandırılması vacib olan suallar da dayanır. Çünki söhbət adi bir şifrə və ya bank kartından deyil, insanın biometrik məlumatından gedir. Bank kartını itirdikdə onu bloklamaq, şifrəni unutduqda yeniləmək mümkündür. Bəs üzümüzü dəyişmək mümkündürmü? Əlbəttə, yox. Məhz buna görə də biometrik məlumatların qorunması məsələsi üzlə ödəniş texnologiyasının ən həssas tərəflərindən birinə çevrilir.

Üzümüz sadəcə xarici görünüşümüzü müəyyən edən xüsusiyyət deyil. Üz cizgilərimiz bizi digər insanlardan fərqləndirən unikal biometrik göstəricilərdir. Bu məlumatların hansı formada toplanması, necə saxlanılması, nə qədər müddət qorunması və kimlərin həmin informasiyaya çıxış əldə edə bilməsi ciddi əhəmiyyət daşıyır. İstifadəçi üçün ödənişin bir neçə saniyəyə həyata keçirilməsi rahatlıq yaratsa da, həmin saniyələrin arxasında böyük həcmdə məlumat emalı prosesi dayanır.

Düşünürəm ki, burada əsas məsələ texnologiyanın özünün yaxşı və ya pis olması deyil. Əsas sual onun hansı qaydalarla tətbiq edilməsidir. Çünki texnologiya düzgün idarə olunduqda insan həyatını asanlaşdıra, yanlış və ya kifayət qədər qorunmadan istifadə edildikdə isə yeni təhlükələr yarada bilər. Üzlə ödəniş də bu baxımdan ikili xarakter daşıyır: bir tərəfdə rahatlıq və sürət, digər tərəfdə isə şəxsi məlumatların təhlükəsizliyi dayanır.

Mövzu ilə bağlı Olaylar.az-a danışan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov qeyd edib ki, üzlə ödəniş texnologiyası rahatlıq yaratsa da, biometrik məlumatların dəyişdirilməzliyi səbəbindən ciddi məxfilik və kibertəhlükəsizlik riskləri doğurur: 

"Üzlə ödəniş (Face Pay) texnologiyası rəqəmsal maliyyə sektorunda sürətlə yayılan və insanlara fiziki kart, nağd pul və ya smartfon daşımadan alış-veriş etmək imkanı verən innovativ həlldir. Kassada ödəniş prosesini 1-2 saniyəyə endirən bu üsul, batareyanın bitməsi, kartın itməsi və ya PIN-kodun unudulması kimi gündəlik problemləri tamamilə aradan qaldırır. Lakin rəqəmsal rahatlıq baxımından inqilabi addım sayılan bu sistem, eyni zamanda fərdi məlumatların mühafizəsi və kiber-təhlükəsizlik müstəvisində ciddi risklər və suallar doğurur.

Məxfilik baxımından en böyük təhdid biometrik məlumatların dəyişdirilməz olması ilə bağlıdır. Şifrəniz və ya bank kartınız dələduzlar tərəfindən ələ keçirildikdə, kartı bloklayıb yenisini almaq və ya kodu dəyişmək mümkündür. Lakin fərdin üz xəritəsi və ya biometrik parametrləri bir dəfə mərkəzi serverlərdən sızarsa, həmin məlumatı ömürlük dəyişmək texniki olaraq imkansızdır. Eyni zamanda, biometrik identifikasiya bazalarının genişlənməsi kütləvi izləmə (surveillance) riskini artırır və vətəndaşların fiziki məkandakı hərəkətlərinin, alış-veriş vərdişlərinin mərkəzləşdirilmiş şəkildə izlənilməsinə şərait yaradır.

Bu texnologiyanın rahatlığından faydalanarkən məxfilik risklərini sıfıra endirmək üçün ciddi hüquqi və texnoloji mühafizə standartları tətbiq olunmalıdır. Mərkəzi bazalarda müştərilərin birbaşa fotoşəkilləri deyil, geri qaytarılması mümkün olmayan şifrələnmiş riyazi kodlar (hash) saxlanılmalıdır. Sistem tamamilə könüllülük prinsipinə (Opt-in) əsaslanmalı, istifadəçiyə istənilən an öz biometrik məlumatlarını bazadan silmək hüququ verilməlidir. Eyni zamanda, deepfake və ya 3D maskalarla aldadılmanın qarşısını alan canlılıq testi (Liveness Detection) alqoritmləri məcburi standart kimi tətbiq edilməlidir".

Beləliklə, üzlə ödəniş texnologiyasının gələcəyi onun nə qədər sürətli və rahat olmasından daha çox, istifadəçiyə nə qədər təhlükəsiz mühit təqdim etməsindən asılı olacaq. Biometrik məlumatlar adi şəxsi məlumatlardan fərqli olaraq insanın ayrılmaz xüsusiyyətidir və onların qorunması daha yüksək məsuliyyət tələb edir. Buna görə də texnologiyanın geniş tətbiqi zamanı yalnız innovasiyaya deyil, məxfilik, məlumatların təhlükəsizliyi və istifadəçinin seçim hüququna da eyni dərəcədə diqqət yetirilməlidir.

Üzlə ödəniş həyatımızı asanlaşdıra bilər, lakin rahatlıq naminə məxfiliyimizdən imtina etmək məcburiyyətində qalmamalıyıq. Əslində, əsas məsələ üzlə ödənişdən istifadə edib-etməmək deyil, bu texnologiyanın insan hüquqları və təhlükəsizlik prinsipləri qorunmaqla necə tətbiq olunacağıdır. Texnologiya insanın həyatını asanlaşdırdığı qədər onun şəxsi məkanına da hörmət etməlidir. Yalnız bu halda üzlə ödəniş gələcəyin rahat ödəniş vasitəsi olmaqla yanaşı, etibar edilə bilən texnologiyaya çevrilə bilər.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31