Ermənistanda Konstitusiya mübahisəsi: Yeni dəyişikliklər sülh prosesinə necə təsir edəcək? ÖZƏL

Ermənistanda yeni Konstitusiyanın qəbulu ilə bağlı siyasi mübahisələr kəskinləşib. Müxalifət bu təşəbbüsün Azərbaycanın tələbi olduğunu iddia edir, hakim "Mülki Müqavilə" partiyası isə yeni Konstitusiya məsələsinin daha əvvəl gündəmdə olduğunu bildirir.
"Ermənistan" blokunun deputatı Kristine Vardanyan parlamentdə hakim partiyanı tənqid edərək yeni Konstitusiya ideyasının məhz Azərbaycan tərəfinin tələbi olduğunu deyib. Lakin Ermənistanın "Faktların yoxlanılması platforması" Vardanyanın bu iddiasını araşdıraraq doğru olmadığını açıqlayıb.

Mövzu ilə bağlı politoloq Tural İrfan Olaylar.az-a açıqlama verib:
" Ermənistan və Azərbaycan arasında sülhün rəsmiləşməsi üçün konstitusiya dəyişikliyi mütləqdir. Lakin bu problem vaxtilə ermənilərin özlərinin meydana gətirdiyi problemdir. Müharibə dövründəki qanunların sülh dövründə əngəllər yaratması aydındır. Konstitusiya maneəsi Ermənistanın sülh bağlanmasına maneə yaradır. Buna görə də dəyişiklik edilməsi barədə düşünürlər. Ermənistanda əsasən Rusiya tərəfindən təsir altına salınmış müəyyən dairələr buna qarşı çıxır, bir növ Paşinyan hakimiyyətinin Azərbaycanın diktəsi ilə addım atdığını deməklə şantaj edirlər. Əslində isə Azərbaycan öz şərtlərini ortaya qoyub, Ermənistan da razılaşıb. Tərəflər öz öhdəsinə düşən addımları atmalıdır ki, nəticədə sülh prosesi tamamlansın. Buna qarşı çıxan erməni deputatların iddiası əsassızdır. Daxili siyasi mübarizədə indiki erməni hakimiyyətinə təziq vasitəsi kimi bu iddiadan istifadə olunur. Ermənistanın öz daxili məsələləri ilə bağlı olaraq da konstitusiya dəyişikliyi zəruridir. Kilsə ilə bağlı uzun müddətdir İrəvanda problemlər baş qaldırır. Din-dövlət, siyasət-Kilsə məsələləri tam tənzimlənməyib. Keşişlər bir növ partiya sədri rolunda hətta siyasi məsələlərə müdaxilə edir, dövlətə təziq edir, xarici maraqları qoruyurlar. Bu kimi bir sıra problemli mövzularla bağlı konstitusiyada dəyişikliklər olmalıdır. Təbii ki, ən əsası isə Azərbaycana və Türkiyəyə qarşı torpaq iddiaları çıxarılmalıdır. Yeni konstitusiyanın qəbul edilməsi siyasi təlatümlərlə müşahidə oluna bilər. Lakin Azərbaycan ilə münasibətlərin nizamlanmasına, sülh prosesinə müsbət təsir göstərəcək".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31