Korte Bəyannaməsi və Fransanın "güzgü effekti": Paris öz siyasi keçmişi ilə üz-üzə – ÖZƏL

7-9 avqust tarixlərində Korsikanın Korti şəhərində "Nazione" hərəkatının təşkilatçılığı ilə "Beynəlxalq Günlər" tədbirinin 44-cü buraxılışı keçirilib. Tədbirin sonunda Beynəlxalq Dekolonizasiya Cəbhəsi tərəfindən "Korte Bəyannaməsi" qəbul olunub. Bəyannamədə Fransanın Korsika, Yeni Kaledoniya və digər ərazilərdə yerli xalqların siyasi və milli hüquqlarını məhdudlaşdırdığı iddia edilir. Cəbhə bu ərazilərin öz müqəddəratını təyin etmək hüququnun tanınmasını tələb edib və Fransanın müstəmləkəçilik siyasətinə qarşı beynəlxalq mübarizənin gücləndiriləcəyini açıqlayıb.

Bəs "Korte Bəyannaməsinin" qəbul edilməsi Korsikanın müstəqillik hərəkatı baxımından hansı siyasi əhəmiyyət daşıyır? Və bu sənəd Fransaya real siyasi təzyiq yarada bilərmi?

Mövzu ilə bağlı Olaylar.az-a danışan araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalı bildirib ki, "Korte Bəyannaməsi"nin siyasi önəmini, məncə, sənədin sabah-birisigün Korsikanın hüquqi statusunu dəyişib-dəyişməyəcəyi ilə ölçmək doğru olmazdı. Onun əsas çəkisi Korsika məsələsini Fransanın iç siyasi diskursundan - yəni fikir, anlayış, arqument və müzakirələr sistemindən çıxarıb, beynəlxalq dekolonizasiya diskursuna daşımaq imkanı ilə səciyyələnir. 7-9 avqust 2026-cı ildə Kortidə keçirilmiş 44-cü "Beynəlxalq Günlər"in yekununda qəbul olunan sənəd Korsika, Kanaki-Yeni Kaledoniya və digər ərazilərdəki hərəkatları ortaq siyasi platformda birləşdirməyə çalışır. Bu isə mehriban və gözəl görünən qəliz Parislə ayrı-ayrılıqda danışan tərəfləri beynəlxalq auditoriyaya birgə çıxarmağa sanballı cəhddir. Bəli, beynəlxalq hüquq baxımından məsələ daha mürəkkəbdir. Xalqların öz müqəddəratını təyinetmə hüququ beynəlxalq hüququn fundamental prinsiplərindəndir, lakin bu prinsip hər separatçı tələbin avtomatik olaraq müstəqil dövlət yaratmaq hüququna çevrilməsi kimi yozulmamalıdır. Bizim öz başımız, elə həmin Fransanın pambığa bükdüyü Eyfel dəmir-dümüründən nələr çəkib-nələr?.. BMT Baş Assambleyasının ünlü 2625 saylı qətnaməsində həm öz müqəddəratını təyinetmə, həm də dövlətlərin ərazi bütövlüyü və siyasi müstəqilliyi prinsipləri eyni hüquqi sistem içində təsbit olunur. Buna görə Korte sənədi hazırda hüquqi hökmdən daha çox siyasi tələb, beynəlxalq gündəm yaratmaq vasitəsi və gələcək hüquqi-siyasi iddialar üçün platformdır. Ancaq bəzən beynəlxalq siyasətdə hüquqi qüvvəsi olmayan sənədin siyasi qüvvəsi onun hüquqi qüvvəsindən böyük ola bilir. Nazione hələ 2024-cü ildə Korsikanın BMT-nin dekolonizasiya edilməli ərazilər siyahısına salınması yönündə təşəbbüs göstərmək niyyətini açıqlamışdı. Belə bir xəttin davamlılaşması, digər dekolonizasiya hərəkatları ilə şəbəkələşməsi və beynəlxalq təşkilatların gündəminə daşınması Paris üçün ən azı reputasiya, diplomatik ritorika və iç siyasi idarəetmə baxımından təzyiq yarada bilər. Burada Fransa-Azərbaycan münasibətlərinin son illərdə formalaşmış ağır siyasi irsini də görməməzliyə vurmaq olmaz. Fransa parlamentinin 2020-ci ildə bizim Qarabağla bağlı tutduğu yaramaz mövqe bu baxımdan özəlliklə ibrətamizdir. Fransa Senatı 25 noyabr 2020-ci ildə hökuməti qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımağa çağıran qətnamə qəbul etmişdi; Milli Assambleya da 3 dekabrda Qarabağ məsələsinə dair Azərbaycanda ciddi etiraz doğuran qətnamə qəbul etdi. Fransa Senatının sənədlərində söhbət hökuməti belə bir tanınmaya çağırmaqdan getsə də, parlament qətnamələri hökumət üçün zorunlu diplomatik tanınma aktına çevrilmədi. Lakin siyasi məsuliyyət yalnız hüquqi tanıma aktı ilə başlamır. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisində yaradılmış, artıq tarixə qovuşmuş, özünü buraxmış və gorbagor olmuş separatçı qurumun "tanınması" ideyasının Fransa qanunverici hakimiyyətinin yüksək tribunalarından legitim siyasi müzakirəyə çevrilməsi Bakı-Paris güvənirliyinə ağır zərbə vurdu. Sonrakı illərdə Senatın Azərbaycana qarşı sanksiya çağırışları və "Qarabağ məsələsi"ndə birtərəfli siyasi mövqeləri həmin güvənsizliyi daha da dərinləşdirdi. İndi isə tarixin qəribə bir siyasi ironiyası yaranıb: vaxtilə Azərbaycanın ərazi bütövlüyü məsələsində separatçı "öz müqəddəratını təyinetmə" ritorikasına geniş meydan açan Fransa bu anlayışın Korsikada, Kanakidə və nəzarətində olan digər ərazilərdə səslənməsindən ciddi rahatsızlıq keçirir. Paris 2024-cü ildə Yeni Kaledoniyadakı hadisələr fonunda Azərbaycanı müdaxilədə və anti-Fransa kampaniyasında ittiham etmiş, Bakı isə bu ittihamları rədd etmişdi.

Türkoloqun sözlərinə görə, burada Azərbaycanın mövqeyini ən güclü edən arqument qisas ritorikası yox, prinsiplərin universallığıdır. Beynəlxalq hüquq seçmə üsulla tətbiq oluna bilməz. Əgər bir dövlət min kilometrlərlə uzaqdakı başqa ölkənin iç ərazi-siyasi məsələsində "öz müqəddəratını təyinetmə" prinsipini siyasi silaha çevirirsə, eyni prinsip onun öz idarəçiliyindəki xalqlar tərəfindən gündəmə gətiriləndə bunu yalnız "xarici müdaxilə" sözü ilə bağlamaq çətinləşir. Deməli, "Korte Bəyannaməsi" Fransanı elə sabah-birisigün Korsikadan çıxmağa zorlayan sənəd olmasa da, o, Fransanın postkolonial siyasətinin beynəlxalq müzakirə predmetinə çevrilməsi prosesində yeni siyasi mərhələdir. Onun gerçək təsiri Korsikanın özündə nə qədər ictimai legitimlik qazanacağından, digər dekolonizasiya hərəkatları ilə koordinasiyanın davamlılığından, mövzunun BMT və başqa beynəlxalq platformlara hansı səviyyədə daşına biləcəyindən asılı olacaq. Böyük dövlətlərin beynəlxalq münasibətlərdə işlətdiyi prinsiplər gec-tez öz qapılarını da döyür. Bəlkə məsələnin ən düşündürücü tərəfi də bax, elə budur: Başqasının ərazi bütövlüyünə münasibətdə siyasi alətə çevirdiyin "öz müqəddəratını təyinetmə" anlayışı bir gün sənin öz coğrafiyanda ciddi siyasi suala çevrilə bilər. Budur, Fransa hüquqi zorunluquqdan daha öncə başlayan siyasi-mənəvi güzgü effekti ilə üz-üzə qalıb. "Korte Bəyannaməsi"nin Paris üçün ən ciddi təzyiqi hələlik bax, elə budur.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31