Bakı-Tehran əlaqələrində müsbət dinamika: Yeni əməkdaşlıq imkanları- ÖZƏL
16:29 SiyasətAzərbaycan-İran münasibətlərində son dövrdə siyasi canlanma və qarşılıqlı etimadın güclənməsi müşahidə olunur. İran Prezidenti Məsud Pezeşkianın müharibə zamanı Azərbaycanın İrana göstərdiyi dəstəyi yüksək qiymətləndirməsi və Prezident İlham Əliyevin iki xalqın çətin günlərdə bir-birinin yanında olduğunu vurğulaması münasibətlərdə müsbət dinamikanı göstərir. Nəqliyyat marşrutlarının fəaliyyəti, İran bankının Azərbaycanda və Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətinin bərpası da əlaqələrin normallaşması istiqamətində atılan konkret addımlardır.
Mövzu ilə bağlı politoloq Tural İrfan Olaylar.az-a açıqlama verib:
" Azərbaycan ümumiyyətlə bütün qonşularla sülh və sabitlik şəraitində dost münasibətdə olmağın, əlaqələri inkişaf etdirməyin tərəfdarıdır. Hətta uzun illər müharibə vəziyyətində olduğumuz Ermənistanla belə hazırda sülh prosesinə qədəm qoyulub, çox yüksək səviyyədə diplomatik işlər gedir. Həmçinin İranla da bir çox sahələrdə Azərbaycanın yaxın əlaqələri var. Qarşılıqlı anlaşma şəraitində münasibətlərin inkişaf etməsi hər iki ölkə üçün daha uğurlu nəticələr ortaya qoya bilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkianla səmimi münasibətləri, görüşləri və ikilikdə verdikləri mesajlar bir daha bu yaxınlaşmanın təsdiqidir. İki ölkə arasında diplomatik münasibətlərin bərpası nəqliyyat əlaqələrində də faydalı əməkdaşlıq meydana gətirə bilər. Məsud Pezeşkianın bu münasibətlərin daha şəffaf və sıx qurulması yönündəki səyləri müsbətdir. Şübhəsiz ki, Azərbaycan bu formatda, yəni şəffaf və səmimi dostluq münasibətlərində əvvəldən maraqlı olub və bunu hər zaman əyani şəkildə ortaya qoyub. İranda baş vermiş müxtəlif hadisələr, müharibələr zamanı Azərbaycan hər zaman maddi, mənəvi kömək əlini uzadıb. Müəyyən dairələrin İranda bu münasibətlərə maneələr yaratması da hər zaman aktual olub. Pozuculuq işləri, təxribatlar baş verib ki, müəyyən mənada bu münasibətlərə xələl gətirib. Lakin hazırki durumda münasibətlərin müsbət yöndə inkişafı, vaxtilə baş vermiş hadisələrin bir daha təkrarlanmayacağına ən azı ümid hasil etməlidir. Ümumiyyətlə ölkələr arasında əlaqələrin yenidən qurulması və inkişaf etməsi yaxın perspektivdə bu yöndə müsbət nəticələrin hasil olmasına gətirib çıxara bilər".
Zeynəb Mustafazadə