Günəş altında satılan qarpız insan orqanizmi üçün təhlükəlidir
28 İyun 2018 13:04 SosialQarpız alarkən nələrə diqqət yetirilməlidir?
Artıq başa çatmaqda olan iyun ayının əvvəlindən bazarlarda, yol kənarlarında qarpız və yemiş satışa çıxarılıb. Baxmayaraq ki, bu növ məhsullar mövsümi yetişmədən satışa çıxarılır, ancaq onların alıcısı kifayət qədərdir. Halbuki tərkibində gübrənin çox ola biləcəyindən orqanizmə verə biləcəyi zərər nəzərə alınaraq, əhaliyə hələ ki, bu məhsullardan uzaq durmaq məsləhət görülüb. Daha dəqiq, Gigiyena və Epidimiologiya mərəkəzi əhaliyə xəbərdarlıq edib ki, qarpız və yemiş alarkən diqqətli olmaq lazımdır. Çünki, mütəxəssislər tərkibində gübrənin çox olduğu qarpızlarda sululuğun üstünlük təşkil etdiyini və tez xarab olduğunu deyirlər. Yüksək miqdarda gübrələnmənin nəticəsində qarpız və yemişdə nitratın artıdığını deyən ekspertlər əhaliyə xəbərdarliq edir ki, mövsümi yetişməmiş qarpız və yemiş almaqdan çəkinsinlər. Həkim Nuridə Babayeva bildirib ki, normal gigyenik şəraitdə saxlanmayan qarpız, yemiş kimi bitkilərdən istifadə zəhərlənmələrə gətirib çıxara bilər: "Ümumiyyətlə, günəş altında, açıq havada heç bir ərzaq məhsulunun saxlaması məsləhət görülmür. Hər bir ərzağın istehsalından, tədarükündən tutmuş, istehlakına qədər bütün dövriyyə prosesi, saxlanma qaydaları, utilizasiyası üçün konkret parametrlər var ki, bunlar ciddi şəkildə gözlənilməlidir. Bu parametrlər gözlənilmədikdə təbii ki, problemlər ortaya çıxacaq. Qida keyfiyyəti itər, çürüyə bilər, tərkibində mikroorqanizmlər baş qaldıra bilər ki, bu da orqanizm üçün zərərlidir. Nəzərə almalıyıq ki, qarpız-yemiş kimi bitkilər xüsusən akumilyasiya effektinə malik olan, yəni müxtəlif gübrələrin, digər zərərli maddələrin, pestisidlərin və s. toplanma xüsusiyyəti yüksək olan bitkilərdir. Ona görə də bu meyvə və tərəvəzlərdən zəhərləmə halları daha çox baş verir. Xüsusən də indiki vaxtda gübrələrdən istehsalda daha çox istifadə olunduğu bir şəraitdə zərərli maddələrin tərəvəzlərin tərkibində toplanması daha çox baş verir ki, bu da hər bir şəxsin sağlamlığı üçün çox zərərlidir. Belə ki, bu, birbaşa zəhərlənməyə gətirib çıxara bilər. Odur ki, Ümumdünya Səhiyyə Təşkilatının gigyena ilə bağlı qoyduğu konkret parametrlər, normativlər var ki, həmin göstəricilərdən kənara çıxılmamalıdır". Məlumat üçün qeyd edək ki, hazırda bu meyvə və tərəvəzlərdən geniş istifadə olunan yerlərdən biri də restoranlar, şadlıq sarayları, kafelərdir. Maraqlıdır, görəsən, bu məkanlarda qarpız, yemiş kimi məhsulların zəhərlənməyə yol aça biləcəyi nəzərə alınırmı? Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, bu cür iaşə obyektlərində təhlükəsizlik qaydaları xüsusilə qorunmalıdır. Amma faktiki olaraq hər restoran bunu eləmir. Üstəlik şikayət olmadıqda kafe və restoranları yoxlamaq mümkün olmur. Reallıq ondan ibarətdir ki, qarpız, yemiş satılırsa, restoran da əlbəttə ki, alıb ondan istifadə edəcək. Ona görə də əhali bu məhsullardan istifadə zamanı ehtiyatlı olmalıdır.
Mütəxəssislər hesab edirlər ki, qarpızın standartlara uğqun yetişdirilməsi üçün yerlərdə aqronom məsləhəti yoxdur. Ona görə də bu məhsuldan zəhərlənmə halları baş verir. Əslində qarpızı istənilən vaxt alıb yemək olar. Sadəcə qarpızların yetişdirilməsində istifadə edilən peristit və nitritlərin miqdarı gərək məhdudlaşdırılsın, müəyyən normalar çərçivəsində olsun. Ancaq qarpız yetişdirənlər nə qədər mümkündürsə azot kübrələri alırlar və nitritlər vururlar ki, böyük qarpızlar yetişsin və satsınlar. Normalda isə hətta pulyonka altında belə erkən normal yetişdirilmiş qarpızı da hər vaxt yemək olar. Azad İstehlakçılar Birliyinin məlumatına görə, istehlakçılar bilməlidirlər ki, nitritlərsiz və süni kübrələrsiz qarpızların çəkisi 4-5 kq-dən artıq olmur. Bundan əlavə, normal qarpıza bıçaq vurarkən partlamalıdır. Qarpız kəsilərkən qabığının qalınlığı yarım sm-dən artıq olmamalıdır. Qarpızın içərisi çəhrayı rəngi çıxmaqla tünd qırmızı və al qırmızı olmalıdır. Qarpızın özəyi ən yeməli yeridir. Orada ağ damarlar deyilən hissələr gözə çarpmamalı və yaxud çox nazik tük şəklində olmalıdır. Azərbaycanda satılan qarpızların 98 faizi GMO məhsullardır. Yəni balaca tutumlu qarpızlardır. Çünki böyük (aborogen) qarpız növləri artıq yoxdur. Həmçinin qarpız öz-özünə mikrob əmələ gətirən qida məhsulu deyil və yalnız kimyəvi zəhərlənmə ola bilər.
Ekspertlər hesab edirlər ki, qarpızın seçimi zamanı ən əsas şey - tələsik almamaqdır. Azərbaycan iqlimində qarpız əsasən iyul-avqust aylarında yetişib satişa çıxarılır. Eyni qarpız növündən daha yaxşı olar ki, böyüyünü seçəsiniz, lakin çox nəhəng olmamalıdır. Bu zaman qarpız nə qədər böyük və yüngül olarsa, o qədər dəymiş hesab edilir. Qarpız seçimində çox xırda və çox irilərindən çəkinmək lazımdır. Qarpızın "optimal" çəkisi - təxminən 10 kq. Qarpızın yetkinliyini bildirən əlamət - quru quyruqcuqdur. Yetişərkən, qarpız ilk növbədə bostandan "sönür", o zaman quyruqcuğu quruyur. Sonra ona artıq lazım olmayan - onun inkişafına cavabdeh olan, günəş işığını toplayan və qarpıza nəfəs verən - xlorofil piqmenti kəsilir və onun üzərində açıq rəngli ləkələr yaranır. Qarpızın bir tərəfi üstə qaldığından yaranan böyründəki açıq ləkə maksimum sarı, hətta narıncı rəngdə olmalıdır. Qabığın üzərindəki zolaqlar maksimum fərqlı olmalıdır. Yetişmiş qarpızın üstü mütləq möhkəm və parlaq olmalı, qabıq dırnaqla deşilməməlidir, çünki, bostandan çıxarılan qarpız artıq maye qəbul edə bilmir və onun qabığı quruyub bərkiyir. Lakin, əgər dırnaq qabıqda dəlik yaradırsa, deməli qarpız hələ yetişməyib, kaldır. Həmçinin qarpızın qabığını sürtüb iyləmək olar - yeni kəsilmiş ot qoxusu gələrsə, o zaman qarpızın kal olmasından şübhə etmək olar. Yetişmiş qarpızı əlnən vurduqda o həmişə yay kimi əyilib əlinizi əks etdirməlidir. Əgər dəymiş qarpıza qulağnızı söykəyib vursanız, o zaman təmiz, cingiltili səs eşidməlisiniz. Həmçinin dəymiş qarpızı qulağnıza söykəyib azacıq iki əlnən əzsəniz qabığı cırıldayacaq. Qarpızın dəyib-dəymədiyini yoxlamağın digər üsulu isə onu suya atmaqdır - əgər üzə çıxırsa deməli dəymiş qarpızdır. Lakin mağazadan qarpız alarkən bu metodun tətbiqi qeri-mümkündür.
Zəka