Qlobal internet şəbəkəsinin inkişafı virtual aləmdə bizi təhlükəsiz vəziyyətə gətirir

Sona Əliyeva: “Övladlarımız bu sərhədsiz, demək olar ki, nəzarətsiz virtual dünyanın tam ortasındadırlar”

Sona Əliyeva: "Övladlarımız bu sərhədsiz, demək olar ki, nəzarətsiz virtual dünyanın tam ortasındadırlar"

Günümüzdə informasiya kommunikasiya texnologiyalarının inkişafı həyatımıza bir çox yeniliklər gətirib, bu zamana qədər mövcud olan bəzi çətinlikləri asanlaşdırsa da, lakin İKT-nin inkişafı özüylə problemlər də gətirir. Xüsusilə, İKT-nin inkişafından yararlanaraq sosial şəbəkələrdəki fəaliyyət həmin mənfi tendensiya sırasında yer alır. Elə əksər ekspertlər, hətta siyasilər də bu qənaətdədirlər. Millət vəkili Sona Əliyeva da deyir ki, qlobal internet şəbəkəsinin inkişafı virtual aləmdə bizi çox təhlükəsiz vəziyyətə gətirir. Onun sözlərinə görə, gələcəkdə virtual aləm də müəyyən qanunvericiliklə ciddi şəkildə tənzimlənməlidir, bu sahədə mövcud qanunvericilik isə təkmilləşdirilməlidir: "Virtual aləmdə fiziki olmasa da, insanların elektron formada müəyyən bir ad, loqin və niklə düşüncə möcudluğu vardır. Biz kütləvi şəkildə internetdən müxtəlif növ informasiya alırıq və hətta deyərdim ki, bu informasiya axınının altında qalırıq. Biz adətən, şüuraltı olaraq mühitdə sərhədlər qoymayan hər bir şeyi təhlükə olaraq qavrayırıq. Bizim paltarımız, evimiz, cəmiyyətdəki münasibətləri tənzimləyən müəyyən qayda-qanunlar, ümumiyyətlə mühitlə aramızda sərhəd qoyan hər bir şey bizim üçün nisbi də olsa təhlükəsizlik, qorunduğumuz hissini yaradır. Virtual aləmdə isə biz fiziki olaraq deyil, yalnız düşüncəmizlə virtual mövcudluğumuz sayəsində bu daxili immunitetdən məhrumuq, həmçinin bizim "təhlükəsizliyimizi" təmin edəcək heç bir baryer və sərhəd yoxdur. Dəfələrlə olub ki, sosial şəbəkələrdə profilimiz sıındırılıb, mənim aləmimdə bu yad adamın mənim evimə soxulması kimi bir haldır. Nəzərə alsaq ki, sosial şəbəkələrdəki profilimiz, elektron poçtumuz və digər elektron qeydiyyatlarımız bizim şəxsi və iş həyatımız haqqında bütün məlumatları özündə saxlayır, buna müdaxilə hər an baş verə bilirsə deməli biz təhlükədəyik, evimizə oğru girib. Çox qarşılaşdığımız adi bir halı misal gətirmək istəyirəm, fikir vermisinizsə kompyuterinizdə və ya telefonunuzda hər hansı axtarış sistemində hər hansı bir mövzunu axtarırsınızsa, sonradan elektron poçtunuza və ya sosial şəbəkədəki profilinizə həmin mövzu ilə bağlı reklamlar və ya tövsiyələr gəlir. Bu halın özü göstərir ki, internetdə bizim konfidensionallığımız tamlığı ilə təmin olunmur və hardasa bizim məlumatlara çıxış var. Baxmayaraq ki, kompyuterimizdə və digər istifadə etdiyimiz elektron əşyalarda internetdə təhlükəsizlik ilə bağlı müxtəlif proqramlardan istifadə edirik.  Təsəvvür etsək ki, övladlarımız bu sərhədsiz, demək olar ki, nəzarətsiz virtual dünyanın tam ortasındadırlar, bu məkanda baş verə biləcək mümkün təhlükə və hadisələr haqqında düşünməyə dəyər. Reallıqda isə bununla bağlı bir çox hadisələrin də şahidi olmuşuq. Yəqin ki, uşaqlarımızın virtual aləmdə təhlükəsizliyinin necə təmin olunmasını, baş verə biləcək xoşagəlməz hallardan necə qorunmasının mümkünlüyünü tamlığı ilə anlamırıq və bununla bağlı bir qeyri-müəyyənlik hökm sürür. Adətən, küçədə özümüz və uşaqlarımız yad adamlarla danışmır, bu cür münasibətlərdən ehtiyat edirik. Bəs virtual məkanda necə? Dünyanın istənilən nöqtəsindən istənilən adama çıxış mövcuddur və fiziki olaraq bu aləmdə olmadığımız üçün şüuraltı olaraq yad insanla təmasdan qorxu hissini keçirmirik, bununla da istənilən tanımadığımız adamla əlaqə qurur, yazışır, bəzən isə dostlaşırıq, eləcə də bizim övladlarımız. Bəs gözümüzdən kənara qoymadığımız uşaqlarımızı necə bu nəzarətsiz dünyada olmasına imkan veririk?". Millət vəkili deyir ki,  normal həyatda uşaqların məhdudlaşıdırılmış və ya qadağan olunmuş qeyri etik, qeyri qanuni və bu kimi digər çap vasitələrinə əl çatanlığı çox azdır, internetdə isə istənilən informasiya açıq bufetdə olduğu kimidir, seç və götür: "Bəlkə mənim baxışlarım yetərincə sərt və mühafizəkardır, lakin mən düşünürəm ki, uşaqların internetdə müəyyən saytlara və əsasən də sosial şəbəkələrə girişinə müəyyən məhdudiyyətlər qoyulmalıdır və buna ciddi nəzarət olmalıdır. 
Üzvü olduğum İnsan Hüquqları komitəsində bu yaxınlarda çox əhəmiyyətli və vacib olan "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının qanunu müzakirəyə çıxarıldı və həqiqətən də çox dəyərli, maraqlı təkliflər irəli sürüldü. Müzakirəyə çixardığım və önəmli saydığım təklifləri qeyd etmək istəyirəm.
Qeyri-qanuni və qeyri etik hərəkətlərə məruz qalmış yetkinlik yaşına çatmayanların şəxsiyyətinin müəyyən olunmasına və ya açıqlanmasına bilavasitə imkan yaradan məlumatların: ad, soyad və atasının adının, ünvanının, fotoşəkil, video və səs yazılarının, təhsil aldığı və ya işlədiyi müəssisənin adının elektron və çap mediasında yayılmasının qadağan olunması bu layihədə nəzərdən keçirilsin.
Milli mentalitetimizə və dəyərlərimizə zidd olan, Insanlar arasında qeyri-ənənəvi münasiətləri təbliğ edən informasiyanın qadağan olunması da bu layihədə nəzərə alınsın. Həmçinin, Qanun lahiyəsinə əsasən uşaqların zərərli informasiyadan qorunması məqsədilə ekspertiza qaydaları müəyyən olunacaq və müəyyən hüquqi aktlarla tənzimlənəcək. Arzu edərdik ki, Qanun qüvvəyə mindikdən sonra bu sahədə qanunvericiliyə riayət olunmasına dövlət və ictimai nəzarət səmərə verəcək şəkildə təmin edilsin". Sona Əliyeva deyib ki, məqsədə müvafiq olarsa, qlobal internet şəbəkəsinin və texnologiyanın sürətli inkişafını nəzərə alaraq, uşaqların informasiya təhlükəsizliyinin təmin edilməsi ilə bağlı dövlət proqramı hazırlansın və reallaşdırılsın: "Ümumtəhsil məktəblərində valideyin və şagirdlər arasında uşaqların internet təhlükəsizliyi və zərərli informasiyadan qorunması ilə bağlı maarifləndirmənin aparılması ilə bağlı davamlı mexanizmlərin hazırlanması və həyata keçirilməsi təmin olunsun".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31