İntihara aparan oyunlar

Dünyada hər saatda 15.000 zərərsiz, günahsız, pisliklərdən xəbəri olmayan insan doğulur. Yenə həmin saatda ən yaxşı halda bir az zərərli, müəyyən qədər günahkar və yetərincə pisliklərdən xəbəri olan insan ölür. Sağlamlıq araşdırmaları edən bir müəssisə dünyada ən çox yayılan ölüm səbəblərini açıqlayıb. Siyahıya erkən doğumlarla başlanılıb. Hansıki hər il bu səbəbdən 1.2 milyon uşaq dünyasını dəyişir. Siyahıdakı digər ölüm səbəblərinə isə avtomobil qəzaları, şəkərli diabet xəstəliyi, ağciyər xərçəngi, QİÇS, həzm sistemi xəstəlikləri, astma xəstəliyi, alt tənəffüs yolu infeksiyaları, iflic, ürəyin işemik xəstəliyi göstərilir.

Dünyada hər saatda 15.000 zərərsiz, günahsız, pisliklərdən xəbəri olmayan insan doğulur. Yenə həmin saatda ən yaxşı halda bir az zərərli, müəyyən qədər günahkar və yetərincə pisliklərdən xəbəri olan insan ölür. Sağlamlıq araşdırmaları edən bir müəssisə dünyada ən çox yayılan ölüm səbəblərini açıqlayıb. Siyahıya erkən doğumlarla başlanılıb. Hansıki hər il bu səbəbdən 1.2 milyon uşaq dünyasını dəyişir. Siyahıdakı digər ölüm səbəblərinə isə avtomobil qəzaları, şəkərli diabet xəstəliyi, ağciyər xərçəngi, QİÇS, həzm sistemi xəstəlikləri, astma xəstəliyi, alt tənəffüs yolu infeksiyaları, iflic, ürəyin işemik xəstəliyi göstərilir.

Bunlar intihardan fərqli olaraq qəsdən yaranan ölüm səbəbləri deyil. İntihar isə ölüm səbəbi deyil, ölümün özüdür. Amma nə xəstəliklərdən, nə də intihardan danışmayacağam. İntihara aparan "internet" dən, üzr istəyirəm təhlükəli internet oyunlarından danışacağam.

Əlbəttə ki, oyun oynayaraq əylənmək uşaqların ən böyük haqqıdır. Oyun oynamaq onların zehni inkişafına müsbət təsir göstərir. Lakin hansı oyunlar və ən əsası harada oynanılan oyunlar? Yaxşı olardı ki, uşaqlar açıq havada, qapalı olmayan məkanda, texniki cihazlar olmadan öz yaşıdları ilə oynasın. Fiziki olaraq küçədə oyun oynamaq uşağın hərtərəfli inkişafına səbəb olur. Evdə təkbaşına mobil oyunlar oynayan uşaqlar özünə qapanmağa daha çox meyllidirlər. Halbuki küçədə oyun oynamaq uşaqlara yeni yoldaşlar qazanmağa kömək edir və öz yoldaşı ilə oyun oynayan uşaq qısqanmadan, paxıllıq etmədən insana xas ən gözəl xüsusiyyətlərdən biri olan paylaşmağı, bölüşməyi, sənin, mənim yox, bizim deməyi öyrənir.

Lakin 3D oyunları uşaqlara onların xəbəri olmadan "biz" yox "yalnız mən" anlayışını, onların psixologiyasına narsistliyi, şiddəti aşılayaraq hətta qorxu və şantajla "mən"dən keçməyi də öyrədir.

"Mavi balina" adlı oyun isə bunun bariz nümunəsi idi. "Mavi balina"nın mavi gözlərində can verənlərin əksəriyyəti təsirə tez düşərək idarə olunması asan olan 18 yaşından kiçiklər idi. Lakin 22-24 yaşlı gənclər belə bu ölüm tələsinin qurbanı oldu. Gecə yarısı məzarlığa getmək, oradan şəkil çəkərək sosial şəbəkələrdə paylaşmaq kimi ağlasığmaz tapşırıqlar və missiyaları olan bu oyun səbəbilə yüzlərlə gənc və uşaq intihara sürüklənmişdi. Kimisinin valideynləri və yaxınları təhlükədən xəbərdar olaraq intiharın qarşısını almağa nail olsa da, təəssüf ki, bəziləri üçün bu artıq gec idi...

"Mavi balina"dan sonra ideologiya baxımından onunla eyni olan, eyni təhlükəni özündə saxlayan daha bir intihar qoxusu verən "Mariam" adlı oyun yayılmağa başladı. Bu oyun "silahdaşı" olan "Mavi balina"dan bir addım irəli gedərək, oyunçunun şəxsi məlumatlarını, kamera, facebook və whatsApp kimi tətbiqlərə giriş icazəsi istəyir və bütün məlumatlar əldə edildikdən sonra oyun başlanır. Uşaq üzərində psixoloji təzyiq və çarəsizlik duyğuları aşılayan "Mariam" artıq Türkiyədə 12 yaşlı qızın intiharına səbəb olub. Maraqlısı odur ki, nə üçün 12 yaşında uşağın sosial şəbəkə hesabı var və nə üçün 12 yaşında uşağın telefonuna gecə saat 3:00 radələrində gizli nömrədən fərqli dillərdə danışan robot zəng edərək "sizinlə təkrar görüşəcəyik" deyib onu vahiməyə salmalıdır? Ən maraqlısı isə odur ki, nə üçün valideyn baş verən bu hallardan vaxtında xəbər tutmayıb.

İstərsə Salman El Harbi`nin xəstə psixologiya ilə yaratdığı "Mariam", istərsə də ondan geri qalmayan "Mavi balina" kimi intihara aparan bu oyunlara ağ ayı, yaşıl, arada bir mavi və boz olan iquana, rəngini dəyişən buqələmun kimi oyunlar əlavə olunmadan bu oyunların nəinki yayılmaq, hətta bir daha heç kim tərəfindən yaradılmaması üçün ciddi tədbirlər görülməlidir və psixoloqlar, sosioloqlar bu mövzu ilə bağlı danışmaqdan çəkinməməlidir. Çünki söhbət uşaqlardan gedir...

Nigar Orucova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31