Zərərli vərdişlərlə mübarizəyə dair maarifləndirici tədbirlər keçirilir
Paytaxt məktəblərində narkomaniya və digər zərərli vərdişlərlə mübarizəyə həsr olunan maarifləndirmə tədbirləri keçirilir.
31 May 2018 13:43 SosialPaytaxt məktəblərində narkomaniya və digər zərərli vərdişlərlə mübarizəyə həsr olunan maarifləndirmə tədbirləri keçirilir.
"OLAYLAR" xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində "Zərərli vərdişlərə yox deyək!", "Narkotiklərə yox!", "Narkomaniya bəşəriyyətin bəlasıdır", "Siqaret sağlamlığa ziyandır" və digər mövzularda maarifləndirici tədbir, "Dəyirmi masa", konfrans, seminar, mühazirə, müsabiqə və sərgilər təşkil olunur.
Tədbirlərdə BŞTİ-nin nümayəndələri, rayon polis idarələrinin əməkdaşları, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu, Respublika Narkoloji Mərkəzinin təmsilçiləri, şagirdlər, müəllimlər, valideynlər iştirak edirlər.
Tədbirlərin keçirilməsində əsas məqsəd şagirdləri narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, məktəblilər arasında narkomanlığın cəmiyyətdə yaratdığı sosial bəlalar və insanların sağlamlığına vurduğu ziyanlarla bağlı təbliğat aparmaq, onları belə neqativ əməllərdən çəkindirmək və məktəblilərin təhsilə, elmə, idmana olan marağını artırmaqdan ibarətdir.
Tədbirdə gənclərə zərərli vərdişdən uzaq olmaq və həmin sosial bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyələr verilir. Məktəblilər belə vərdişlərdən uzaq durmaq, savadlı, vətənpərvər olmaq, sağlamlıqlarını qorumaq barədə maarifləndirilir.