Xaçmaz şəhərində vərəmlə bağlı maarifləndirmə tədbiri keçiriləcək
30 May 2018 13:24 SosialMayın 31-də "Sağlamlığa Xidmət" İctimai birliyinin təşəbbüsü və Vərəm əleyhinə Azərbaycan Koalisiyasının dəstəyi ilə Xaçmaz şəhərində milli parkda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tərəfdaşlığı və Qlobal Fondun maliyyə dəstəyi ilə Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində həyata keçirilən vərəm proqramı (TB-REP) çərçivəsində vərəm haqqında əyləncəvi maarifləndirmə tədbiri keçiriləcək.
"OLAYLAR"-a daxil olan məlumata görə, tədbirin məqsədi vərəm xəstəliyinin nisbətən daha geniş yayıldığı Xaçmaz rayonunda açıq havada əyləncəvi konsert proqramı təşkil etməklə, milli vərəm proqramı nümayəndələrinin də iştirakı ilə vərəm, onun profilaktikası və müalicəsi haqqında əhaliyə məlumat verməklə onların xəstəlik haqqında biliklərini artırmaq, vərəm xəstəliyinin müayinə və müalicəsi zamanı "İnsanların ehtiyaclarına yönəli tibbi xidmət modeli" üzrə yanaşma və vərəmlə bağlı stiqmanın azalmasına nail olmaqdır. Tədbirdə Bakıdan və Xaçmaz rayonundan dəvət olunmuş sənətçilərin ifası ilə yanaşı, əhaliyə vərəm xəstəliyi haqqında məlumatlar veriləcək, əyləncəvi yarışma da təşkil olunacaq.
Tədbirdə Vərəm əleyhinə QHT Koalisiyasının üzvləri, Milli Vərəm proqramının nümayəndələri, dövlət və qeyri-dövlət strukturlarından bir çox nümayəndə iştirak edəcək.