Şamaxıda erkən evliliyin cəmiyyətdə yaratdığı fəsadlar müzakirə olunub - FOTO

“Müasir İnkişaf” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Erkən evlilik” probleminin sosioloji tədqiqi və onun həlli istiqamətində maarifləndirmə tədbirlərinin keçirilməsi” layihəsinin icrasını davam etdirir. Birlik layihə çərçivəsində Şamaxı rayonunda konfrans keçirilib. Tədbirdə ilk çıxış edən “Müasir İnkişaf” İctimai Birliyinin sədri, dialoq.info saytının baş redaktoru Mübariz Göyüşlü Azərbaycanda gender probleminin olmadığını bildirib.

"Müasir İnkişaf" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Erkən evlilik" probleminin sosioloji tədqiqi və onun həlli istiqamətində maarifləndirmə tədbirlərinin keçirilməsi" layihəsinin icrasını davam etdirir. Birlik layihə çərçivəsində Şamaxı rayonunda konfrans keçirilib.

Tədbirdə ilk çıxış edən "Müasir İnkişaf" İctimai Birliyinin sədri, dialoq.info saytının baş redaktoru Mübariz Göyüşlü Azərbaycanda gender probleminin olmadığını bildirib.

Qeyd edib ki, 100 yaşı tamam olan Azərbaycan Xalq Cümhuriyyətinin qadınlara seçib-seçilmək hüququ verməsi, müasir dövrdə qadınların bir çox vəzifələrdə çalışması buna sübutdur. M.Göyüşlü erkən evliliyin tarixi, yaranma səbəbləri, dünyada və Azərbaycanda bu mövzuda mövcud durumu rəqəmlərlə, statistik göstəricilərlə qeyd edib. O, bildirib ki, erkən evlilik problemi cəmiyyətdə ciddi fəsadlar yarada bilən amildir. Təşkilat sədri buna misal olaraq sağlamlıqda yaranan problemləri, yoxsulluğu, işsizliyin artmasını, cəmiyyətin inkişafının zəifləməsini və s. amilləri göstərib.

"Erkən nikah" anlayışının istifadəsinin yanlış olduğunu vurğulayan natiq bunun əvəzində "erkən evlilik" terminindən istifadəni düzgün sayıb və bunun səbəbini izah edib. M.Göyüşlü qeyd edib ki, 1962-ci ildə BMT, 1989-cu ildə UNİCEF erkən evliliyin yayılmasını məhdudlaşdırmaq üçün müvafiq qərarlar qəbul ediblər. M.Göyüşlünün dediyinə görə Azərbaycan 1992, 1998, 2012-ci illərdə qəbul etdiyi qanunlarla evlilik yaşını 18 olaraq müəyyənləşdirib: "İstisna hallarda yerli icra hakimiyyəti orqanının razılığı ilə 17 yaş ola bilər".

Ümumilikdə ölkəmizdə erkən evlilik probleminin qabarıq olmadığını deyən çıxışçı bir neçə Bakı kəndində, cənub və şimal regionlarımızdakı bir sıra rayonlarda bu problemlə qarşılaşıldığını açıqlayıb.

M.Göyüşlü bu istiqamətdə dövlət qurumlarının gördüyü işləri təqdirəlayiq sayaraq QHT-lərin də fəal olduqlarını açıqlayıb: "Mövzunun önəmini nəzərə alaraq biz də təşkilat olaraq bu istiqamətdə töhfə verməyə çalışdıq. Tədbirlərimizlə yanaşı layihə çərçivəsində "Erkən evliliyə son" adlı kitabımızı da çap edib paylayacağıq". 

Şamaxı rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Rəşad Əliyev layihənin mövzusunun aktual bir məsələyə həsr olunduğunu qeyd edib. Onun sözlərinə görə Şamaxı rayonunda bu məsələdə hər hansısa bir problem mövcud deyil. 

Şamaxı rayonu Məlhəm kənd orta məktəbin tarix müəllimi Fərəc Ağayev Azərbaycan Xalq Cümhuriyyətinin dövründə qadınlara verilən hüquqlardan danışıb. Onun sözlərinə görə müasir dövrdə də Azərbaycan Respublikasında gender problemi yoxdur. F.Ağayev ölkəmizdə bu sahədə görülən işlərdən söz açıb, mövzuyla bağlı təklif və qeydlərini səsləndirib. 

Cebhe.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31