Nəsimi rayonunda “Cümhuriyyətin yaşıdları” adlı tədbir keçirilib
29 May 2018 13:44 SosialNəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon rəhbərliyi, idarə, müəssisə, təşkilat, veteran və gənclər təşkilatlarının, rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi təntənəli qeyd olunub. Rayon İcra Hakimiyyətindən "Olaylar"a bildirilib ki, tədbirdən öncə ahıl Nəsimi rayon sakinləri- müharibə və əmək veteranları rayonun mövcud yaşılllıq zolaqlarında 100 ədəd qızılgül kolu əkiblər. Nəsimi rayon İcra hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı, Azərbaycanda həmin dövr üçün mütərəqqi hesab olunan dövlət institutlarının, çoxpartiyalı sistemin, etnik mənsubiyyətindən, cinsindən, dinindən və sosial vəziyyətindən asılı olmayaraq vətəndaşların bərabər hüquqlara malik olduğunu qeyd edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından və 23 aylıq fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlərdən, bütün sahələrdə həyata keçirilmiş islahatlardan və quruculuq işlərindən bəhs etdi. Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövr ərzində qazanılan nailiyyətlərdən bəhs edərək, dövlət quruculuğu sahəsində həyata keçirilmiş tədbirlərin, Azərbaycan Milli Ordusunun yaradılmasının, Azərbaycan dilinin rəsmi dövlət dili elan edilməsinin, ölkənin himninin, bayrağının və gerbinin təsis edilməsinin Azərbaycan tarixində yeni şərəfli səhifə açdığını bildirdi. Azərbaycan Xalq Cümhuriyyətinin ən mühüm nailiyyətlərindən birinin də qadınlara səsvermə hüququnun verilməsi olduğunu diqqətə çatdırdı.
Verdiyeva əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət nəticəsində bu gün ölkəmizin beynəlxalq aləmdə layiqli yer tutduğunu vurğulayaraq müasir müstəqil ölkəmizin iqtisadi inkişafı, sabitliyi və tarazlaşdırılmış xarici siyasəti haqqında danışdı. Qeyd etdi ki, bu gün müasir Azərbaycanımız Xalq Cümhuriyyətinin siyasi-mənəvi varisi olaraq Prezident İlham Əliyevin rəhbərliyi altında inkişaf edir.