İmişli dəmir yolu qovşağında kompleks mülki müdafiə təlimi keçirilib

İmişli dəmir yolu qovşağının ərazisində "Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsi" mövzusunda növbəti kompleks mülki müdafiə təlimi kecirilib. "OLAYLAR"-a "Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, təlimin keçirilməsində əsas məqsəd fövqəladə hal baş verdikdə xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi zamanı qovşağın ərazisində yerləşən obyektlərin mülki müdafiə planlarının reallığını əks etdirməklə, mövcud xəbərdarlıq sxemi əsasında mülki müdafiə qüvvələrinin çevik qaydada hazır vəziyyətə gətirilməsi, hadisə yerinə göndərilməsi, yaranmış vəziyyətin qiymətləndirilməsi, hadisə yerindən məlumatların toplanması üçün mülki müdafiə dəstələrinin şəxsi heyətinə praktik vərdişlərin aşılanmasıdır. Təlim zamanı komandir-rəis heyətinin idarəetmə bacarıqlarının və mülki müdafiə dəstələrinin şəxsi heyətinin peşəkarlıq səviyyəsinin artırılmasına, təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına xüsusi diqqət yetirilib.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri yanında hərəkətin təhlükəsizliyi üzrə baş texniki müfəttişliyinin təşkilatçılığı ilə keçirilən təlimə qovşağın Fövqəladə Hallar Komissiyasının üzvləri, obyekt rəhbərləri və mülki müdafiə qüvvələri cəlb edilib. Təlimdə qovşağın mülki müdafiə qüvvələri şərti olaraq fövqəladə hal baş verən ərazinin mühafizəsi, sahəyə giriş-çıxışın məhdudlaşdırılması, baş verən yanğının söndürülməsi, rabitənin bərpası, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, obyektdə kimyəvi kəşfiyyatın təşkili, axtarış xilasetmə, zərərçəkənlərə ilkin tibbi yardımının göstərilməsi, epidemiya və epizootiyaya qarşı mübarizə tədbirləri və adamların təhlükəsiz ərazilərə təxliyəsi işlərinin aparılması ilə bağlı tapşırıqları yüksək səviyyədə yerinə yetiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31