Ölümün haqqını verməyi bacarmalıyıq

Züleyxa Nadir

Ölüm dünyasını dəyişən adam üçün sondu, geridə qalanlar üçün isə yeni bir başlanğıcdı. Bir bu dünyaya gələn bir gün də  əbədi dünyaya köç edəcək, hər kəs bu fani dünya ilə vidalaşıb son yolçuluğuna çıxacaq. Hamımız bu həqiqəti bilirik. Bəs, niyə bir doğmamız, əzizimiz, yaxud da yaxınımız dünyasını dəyişəndə bu həqiqəti  qəbul edə bilmirik? Nədən onun yoxluğu bizə əzab verir? Uzun illər həmin yoxluğun orbitindən çıxa bilmirik?

Əslində bu suallara cavab tapmaq çox asandı, rahatlıqla cavab vermək olar. Həm də çox çətindi,  açılmayan düyün kimidi. Asandı ona görə ki, insan yaradılışın ən kamil və şüurlu varlığı olduğu üçün ölüm həqiqətini də qəbul etməkdə zorlanmır. Çətindi ona görə ki, bu həqiqətin içində kök atmış  hiss və duyğular var ki, onlar bir ömür insanı tərk etmir, əzab verir. İnsan var ki, bu əzaba dözmür, insan da  var ki, həmin əzabı, ağrı-acını "Allahdan gələn hikmətdi" deyib şərbət kimi başına çəkir.

Əslində ölüm ibrətdi, faktdi, bu dünyanın əbədi olmadığına işarədi, fani dünyanın puç olduğunu göstərən hadisədi. Amma biz bunları ilk anda hiss etmirik, görmək qabiliyyətimiz azalır. İllərlə yas tuturuq, ağlayırıq, ölən əzizimizin yoxluğundan dolayı xəstə düşürük. Behiştlik anam ibrətamiz bir hadisəni illərlə mənə diktə etdi. Ki... gənc yaşımdan qəlbimə çökən "yoxluq ağrısından" xilas ola bilim. Anam müdrik idi, mənəviyyatı sağlam idi, bəsirət gözü açıq idi. Ona görə də  yorulmadan, usanmadan danışdı, məni dinləməyə məcbur etdi: " Çox müdrik və arif olan insanın yanına bir nəfər gəlib  ona nəsihət verməsini xahiş edir. Arif adam soruşur ki, valideynləri sağdı, yoxsa vəfat ediblər? Xahişə gələn adam onların vəfat etdiyini söyləyir. O çox müdrikcəsinə deyir:

-Əgər sənə bu dünyada hər kəsdən əziz olan doğma atanla ananı öz əllərinlə məzara qoyub dəfn edəndən sonra da ibrət götürməmisənsə, daha sənə nə nəsihət verim?

Gün kimi aydın olan bu həqiqəti,  bu ibrəti görməkdə, hiss etməkdə çoxumuz kar-kor oluruq, büdrəyirik, yıxılırıq, aylarla, illərlə özümüzü itiririk, tərki-dünya olmaq  dərəcəsinə çatırıq. Əzizimizin ölümünün sonunda dayanan başlanğıc körpüsündən yan keçirik. Və çox böyük səhv edirik. Biz illərlə yas saxlamaq əvəzinə ölümün hər an başımızın üstünü  kəsdirəcəyi həqiqətini dərk etməliyik. Bir gün biz də  ölüm adlı şərbətin dadına baxacağımızı anlamalıyıq. Quranda deyilir: "Hər bir kəs ölümü dadacaqdır. Şübhəsiz ki,  mükafatlarınız qiyamət günü tamamilə veriləcəkdir... Dünya həyatı isə  aldadıcı həzzdən, əyləncədən başqa bir şey deyildir" (Ali-İmran surəsi, ayə 185).

Kiməsə irad tuta bilmərik ki, yas tutmasın, kədərlənməsin, yaxud da bir damcı da olsa  göz yaşı axıtmasın.  Yox, əlbəttə. İnsan daş deyil ki?! İnsanın qəlbi var, ürəyi ağrıyır. Başına gələn kədərli hadisədən dolayı gözlərindən yaş axır. İçdən gələn göz yaşını saxlamaq mümkün deyil. İnsan qəmlənməsə, doğmasının ölümünü toy-bayram kimi qəbul etsə, təbii ki, başqaları  tərəfindən pis qarşılanar, ona anormal biri kimi baxarlar. O, hiss və duyğulardan kəm olmuş daş ürəkli biri kimi yadda qalar. Sadəcə, hər şeyin bir ölçüsü olduğu kimi, yas saxlamağın da bir həddi var. Əslində həmin həddi aşanda adam anormal biri olur, adi həyatı yaşaya bilmir. Hər şeydə bir məna axtarır, hər kəsdə bir  çatışmazlıq  görür.

Bir var  cismani ölüm, bir  də var ki, mənəvi ölüm. Cismani ölümlə mənəvi ölümün arasında yerlə göy qədər fərq var. Mənəvi ölüm daha ağrılıdır. Cismani ölümə  saxlanan yas, insanın qəlbində daşıdığı qəm-kədərlə əhatə olunursa, mənəvi ölümü daşıyan adam sonda özünün  cismani ölümü ilə üz-üzə gəlmək məcburiyyətində qalır. Allah kimsəyə mənəvi ölüm nəsib etməsin. Çünki onun  nə bu dünyada, nə də o biri dünyada haqq veriləcək br yeri yoxdu. Dünyasını dəyişən  əzizinə illərlə yas saxlayan, göz yaşı axıdan insan bəzən elə hala düşür ki, yanındakı başqa bir doğmasının mənəvi ölümünü görmür, özünün də mənəvi ölümün pəncəsində çabaladığını hiss etmir. Bir ömür göz yaşı axıtmaq,  kədər yükü daşımaq ətrafdakı insanlara da xoş gəlmir, onlar ağrıyırlar, adama nə kömək edə biləcəklərini bilmirlər.

Kədər yükünü daşıyan adam  bəzən  adi geyimində, davranışında diqqət çəkir. Ailədə, qonşuda, qohumda, işdə, lap elə ictimai yerlərdə belə özünün zahiri görünüşü ilə  fərqlənir,  xoş təsir bağışlamır. Çox illər əvvəl tanıdığım bir xanımın həyat yoldaşı dünyasını dəyişdi. Qadın bu itgidən özünü itirdi, az qala sevgisizlikdən öləcəkdi. Həyat yoldaşının yoxluğuna dözə bilmirdi, ağlayırdı, başını divarlara çırpırdı. Amma yaşayırdı, ölmürdü... iş o dərəcəyə  çatmışdı ki, əyin-başına belə fikir vermir, nə gəldi geyinir, paltar ona yaraşdı-yaraşmadı küçəyə çıxır, işə gedirdi. Ərinin sağlığında zövqlə, dəblə ayaqlaşan qadın indi saçlarını belə daramağa həvəsi olmurdu. Ona irad tutana da "yas saxlayıram, mənimlə işiniz olmasın" deyirdi. Bir dəfə küçədə rastlaşdım. Əynində son dəbdə  paltar var idi, saçları rənglənmişdi. Sevindim, demək ki, il yarımdı saxladığı yasdan çıxmışdı. Səbəbini belə danışdı ki, bir dəfə oğlunun oxuduğu məktəbdən valideyn iclasından qayıdandan sonra onu bağrına basıb deyir ki, gözəl oğum, bilsən səninlə necə fəxr etdim. İclasda müəllimlər  səni təriflədilər, başımı dik  tutmuşdum. Oğlu cavab verib ki, amma mən səni məktəbdə görəndə çox utandım, paltarın pis idi,  üzünə kosmetika çəkməmişdin. Sinif yoldaşlarımın hamısının anası bəzənib-düzənib  gəlmişdilər, amma sən saçını da daramamışdın, pinti görünürdün.

Sevinc və kədər qoşa yaranıb. İnsan hər iki hissi ürəyində daşıyır. Heç kim bir ömür sevinc içində yaşaya bilməz, nə də ölənə kimi kədər üzərində addımlamaq mümkün deyil. Ətrafımızda  hər gün bizi sevindərəcək və kədərləndirəcək hadisələr baş verir. Amma nədənsə sevincimizin ömrü çıx qısa olur, kədər onu üstələyir. Xeyirlə şər qardaşdı. Gərək birini o birindən üstün tutmayasan. Şəri üstün tutduqca o da səni ağuşuna alır, sevincdən uzaqlaşdırır. Ölüm şər deyir, ölüm Haqqdı. Gərək bu Haqqın haqqını verə bilək.  Göz yaşı, başımıza bağladığımız qara şal, 40 gün saqqal saxlamaq Haqq Dünyasına qovuşmuş insanı qaytarmayacaq. Bəzən deyirlər ki, çox ağlamaq qəbirdə yatan adama əzab verir. Halbuki  aylarla axıdılan göz yaşı ancaq sahibinin qəlbini didib-parçalayır, onu varından-yoxundan edir. Əslində isə bu deyim ölüm adlı gerçəkdən uzaqda dayanır, amma yas  saxlayan adamın həyata qayıtması, normal yaşaması üçün çox gözəl ibrətdi.

Azərbaycan xalqının uzaq keçmişdən gələn adət-ənənələri var. Elə adətlər var ki, zaman-zaman  dəyişikliyə məruz qalıb, eləsi də var ki, olduğu kimi  bu günə gəlib çıxıb. Müsəlmançılığa bağlı olan yas mərasimləri  və yas saxlamaq kimi adət millətin mənəvi dəyərlərinə  söykənir.  Onu da deyim ki, əzizini itirimiş adamın qara  paltar geyinməsi təkcə müsəlmançılıqda deyil,  xristian və yəhudu aləmində də mövcuddur. Görünür bunda  nəsə bir hikmət var. Amma xristianlar və yəhudilər yaxınlarının dəfnindən sonra  qara paltarlarını çıxarırlar, bəzi müsəlman ölkələrində də uzun müddət qara  geyinmirlər. Həmçinin də qırx gün saqqal saxlamaq İslam ideologiyasına  ziddi. Bu baxımdan biz 40 gündən artıq yas saxlamaqla, üstəlik də bunu aşırı dərəcədə etməklə  həm özümüzü mənəvi tərəfdən  öldürürük, həm də İslama zidd gedirik.

Demirəm ki,  dəfndən sonra çalıb-oxuyaq,  torpağa verdiyimiz adamı unudaq. Yox, bu mümkün deyil. Sadəcə onu vurğulamaq istəyirəm ki, hər şeyin bir həddi var, ənadazəni aşmaq olmaz. Qəm-kədər yükü,  göz yaşı, ah-nalə yaxınının yoxluğundan doğan boşluğu doldura bilməz. Bu boşluğu  zaman-zaman taleyində baş verən sevinc yükü ilə  doldurmaq lazımdı. Onsuz da  insanın doğmaları, əzizləri  bu dünyadan köç etsələr də qoyub getdiklərini ruhən tərk etmirlər. Yetər ki, onların xatirəsini əziz tutsun, adını ucalara qaldırsın.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31