Peşə təhsilinə yeni yanaşma nə vəd edir?
Uzun müddətdən bəri haqqında söhbət gedən "Peşə təhsili haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edilib. Məlumat üçün qeyd edək ki, sözügedən qanun layihəsində peşə təhsilinə yeni yanaşma ortaya qoyulub. Maraqlıdır, yeni qanun layihəsi ilə tənzimlənəcək peşə təhsili müasir bazarın tələbatına cavab verəcəkmi? Başqa sözlə, hazırlanacaq kadrlar məşğulluq probleminin həllində nə dərəcədə rol oynaya biləcəklər?
4 Aprel 2018 13:55 SosialPeşə təhsili alanlara hərbi xidmətdən möhlət hüququ veriləcək
Uzun müddətdən bəri haqqında söhbət gedən "Peşə təhsili haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edilib. Məlumat üçün qeyd edək ki, sözügedən qanun layihəsində peşə təhsilinə yeni yanaşma ortaya qoyulub. Maraqlıdır, yeni qanun layihəsi ilə tənzimlənəcək peşə təhsili müasir bazarın tələbatına cavab verəcəkmi? Başqa sözlə, hazırlanacaq kadrlar məşğulluq probleminin həllində nə dərəcədə rol oynaya biləcəklər?
Milli Məclisin Elm və təhsil komitəsindən verilən məlumata görə, "Peşə təhsili haqqında" yeni qanun layihəsi Azərbaycanda peşə təhsili sisteminin quruluşunu müəyyən edir. Layihəyə əsasən peşə təhsili ilk peşə təhsili, texniki peşə təhsili və orta peşə təhsilindən ibarət olacaq. İlk peşə təhsili - müxtəlif peşə istiqamətlərinə aid fəaliyyətin sahəsi üzrə sadə vəzifələrin icrasına imkan verən nəzəri və metodiki hazırlıq; texniki peşə təhsili - müxtəlif peşə istiqamətlərinə aid fəaliyyətin spesifik sahəsi üzrə sadə, xüsusi və mürəkkəb işləri yerinə yetirmək imkanı verən nəzəri, metodiki və praktiki hazırlıq; orta peşə təhsili - müxtəlif peşə istiqamətlərinə aid fəaliyyətin spesifik sahəsi üzrə həyata keçiriləcək işlərin planlaşdırılması, təşkili və idarə edilməsi daxil olmaqla sadə, xüsusi və mürəkkəb işləri müstəqil yerinə yetirməyə imkan verən yüksək nəzəri, metodiki və praktiki hazırlıq sahələrini əhatə edəcək. Peşə təhsilinin növləri peşə məktəbi, peşə liseyi və peşə təhsil mərkəzlərindən ibarət olacaq.
Qaydaya əsasən, ümumtəhsil müəssisələrində təhsil alan şəxslərə ilk peşə təhsili almaq hüququ verilir. Peşə məktəbinə qəbul olunan şəxslər yalnız texniki peşə təhsili almaq hüququ əldə edirlər. Peşə liseyinə ümumi orta təhsil bazasından qəbul olunan şəxslərə texniki peşə təhsili ilə yanaşı tam orta təhsil, tam orta təhsil bazasından qəbul olunan şəxslərə texniki peşə təhsili almaq hüququ verilir. Peşə təhsil mərkəzinə ümumi orta təhsil bazasından qəbul olunan şəxslər texniki peşə təhsili ilə yanaşı tam orta təhsil və orta peşə təhsili, tam orta təhsil bazasından qəbul olunan şəxslərə texniki peşə təhsili və ya orta peşə təhsili almaq hüququ qazanırlar. Peşə təhsil müəssisələrində ixtisasartırma və yenidən hazırlanma kursları təşkil olunur. Ümumi orta və tam orta təhsil səviyyəsini bitirib, istehsalatda və ya digər iş sahələrində müəyyən nəzəri və praktiki peşə bacarıqları qazanmış şəxslər üçün işəgötürənlərin və fərdlərin sifarişləri əsasında həmin və ya digər peşənin öyrənilməsi, ixtisasının artırılması və yenidən hazırlanması üzrə kurslarda təhsil müddəti 6 aya qədərdir. Peşə təhsili müəssisələrində təhsil müddəti aşağıdakı qruplara görə müəyyənləşdirilir. Belə ki, peşə məktəblərinə ümumi orta təhsil bazasından qəbul olunmuş və texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda təhsil müddəti peşənin mürəkkəbliyindən asılı olaraq 1-2 il; tam orta təhsil bazasından qəbul olunmuş və texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda 1 il nəzərdə tutulur. Peşə liseylərinə ümumi orta təhsil bazasından qəbul olunmuş və texniki peşə təhsili ilə yanaşı tam orta təhsil alanlar üçün təşkil edilən qruplarda 3 il; 2. tam orta təhsil bazasından qəbul olunmuş və texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda -1 il müəyyən edilir. Peşə təhsil mərkəzlərinə isə ümumi orta təhsil bazasından qəbul olunmuş və texniki peşə təhsili ilə yanaşı tam orta təhsil alanlar üçün təşkil edilən qruplarda 3 il; 2. tam orta təhsil bazasından qəbul olunmuş və texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda 1 il; ümumi orta təhsil bazasından qəbul olunmuş orta peşə təhsili alanlar üçün təşkil edilən qruplarda isə 4 il nəzərdə tutulur.
Qanunda peşə təhsili müəssisələrinin təsis edilməsi məsələsinə də yeni yanaşma əksini tapıb. Belə ki, qanun Azərbaycanda əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin də peşə təhsili müəssisəsinin təsisçisi ola bilməsinə şərait yaradır. Qanun layihəsinin peşə təhsili müəssisəsinin təsisçisi maddəsində qeyd edilib ki, peşə təhsili müəssisəsinin təsisçisi (təsisçiləri) dövlət, bələdiyyə, yerli və xarici hüquqi şəxslər, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ola bilərlər. O şərtlə ki, təsisçilər ixtisaslı müəllim və mühəndis-pedaqoji işçilərə, təhsil üçün nəzərdə tutulmuş xüsusi standartlara cavab verən şəraitə və peşə təhsilinin tələblərini qarşılayacaq tədris avadanlıqları və təlim texnologiyalarına malik olmalıdır. Təsisçisi (təsisçiləri) əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və ya xarici hüquqi şəxslər olan peşə təhsili müəssisəsinin işçi heyətinin (pedaqoji işçi heyəti istisna olmaqla) yarıdan çoxunu Azərbaycan Respublikasının vətəndaşları təşkil etməlidir. Təsisçinin məsuliyyəti, səlahiyyət dairəsi və onların təhsil müəssisəsi ilə qarşılıqlı öhdəlikləri Azərbaycan Respublikasının qanunvericiliyi, təsis müqaviləsi və təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.
"Peşə təhsili haqqında" qanun layihəsində peşə təhsili müəssisəsinin maliyyə mənbələri də müəyyən olunub. Qanunun peşə təhsili müəssisəsinin maliyyələşdirilməsi maddəsində qeyd olunur ki, təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olaraq maliyyələşdirilir. Belə ki, dövlət peşə təhsili müəssisəsi dövlət büdcəsindən ayrılan vəsaitlər, dövlət fondlarının vəsaitləri, büdcədənkənar vəsaitlər, ödənişli təhsil xidmətlərindən daxil olan vəsaitlər, kreditlər, qrantlar, ianələr, innovasiya və sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlər, qanunvericiliklə müəyyən olunmuş qaydada cəlb edilmiş investisiyalar və digər mənbələrdən maliyyələşdirilir. Bələdiyyə və özəl peşə təhsili müəssisələri isə təsisçinin (təsisçilərin) vəsaitləri, təhsil xidmətlərinə görə əldə olunan vəsaitlər, hüquqi və fiziki şəxslərin maliyyə yardımları, sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlər, qanunvericiliyə uyğun qaydada alınan qrant, ianə, kredit və yardımlar hesabına maliyyələşir. Bu normativlər hər bir təhsilalana düşən məsrəf məbləği nəzərə alınmaqla müəyyən edilir. Peşə təhsili müəssisəsi öz nizamnaməsi ilə müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərə müxtəlif ödənişli təhsil və digər xidmətləri göstərə, hüquqi və fiziki şəxslərdən ianələr və könüllü yardımlar ala bilər. Bələdiyyə və özəl peşə təhsili müəssisəsində təhsilalanlar üçün nəzərdə tutulan ödəniş haqqı əmək bazarının tələbatına uyğun olaraq tələb-təklif prinsipi əsasında tənzimlənir. Peşə təhsili müəssisəsinin digər maliyyə mənbələri hesabına əldə etdiyi vəsaitlər bilavasitə müəssisənin maddi-texniki bazasının inkişafına, istedadı ilə fərqlənən şəxslərin stimullaşdırılmasına, rəğbətləndirilməsinə və işçilərin sosial müdafiəsinə yönəldilir.
Millət vəkili Fazil Mustafa isə özəl peşə təhsil müəssisələrində xərclərin dövlət və vətəndaş arasında bölüşdürülməsini təklif edib: "Həmin müəssisələrdə bir şagirdin təhsili 40 manata başa gəlirsə, onun 20 manatı vətəndaş, 20 manatı dövlət tərəfindən ödənilə bilər. Bu sahədə müasirləşməyə imkan yaratmaq lazımdır. Bəzən ali məktəblərdə belə tələbə 3-cü kursa çatanda artıq təhsil aldığı ixtisasın əhəmiyyətini itirdiyini görür. Ölkəmizdə qızların, qadınların peşə təhsili məsələsi aktualdır. Sahibkarları stimullaşdırmaq, vergidən azad emək lazımdır ki, peşə təhsili müəssisələri açsınlar. Qızlarımız bu müəsisələrdə peşə təhsili alsınlar. Bu gün qızlar 4 il özəl universitetdə oxuyur, lakin sonra aldığı təhsil üzrə işləmir, əmək bazarında yer tapmır. Bu qızlara peşə təhsili vermək lazımdır ki, sabah ailə yükünün yarısını bölüşə bilsinlər".
Onu da qeyd edək ki, peşə təhsili müəssisəsində təhsilin dövlət təhsil standartlarına uyğun təşkil olunmaması nəticəsində təhsilalanların keyfiyyətsiz hazırlığı müəyyən edildiyi halda vurulmuş zərərin, o cümlədən təhsilalanların başqa təhsil müəssisələrində yenidən hazırlanması üçün zəruri olan xərclərin həmin təhsil müəssisəsi tərəfindən ödənilməsi barədə məhkəmədə iddia qaldırıla bilər. Bundan başqa, qanun qəbul olunarsa, Azərbaycanda peşə təhsili alanlara hərbi xidmətdən möhlət hüququ veriləcək. Qanun layihəsinin 4-cü (dövlətin vəzəfiləri) maddəsində deyilir: "Peşə təhsili müəssisələrində tam orta təhsil alan şəxslərə təhsili başa vurduqdan sonra növbəti təhsil pilləsinə qəbul prosesində iştirak üçün 1 çağırış müddətinə həqiqi hərbi xidmətdən möhlət hüququ verilir.
Nurlan