Şərəf və ləyaqətin təhqiri cinayət əməlidir
Bəzi üzdəniraq “soydaşlarımız” sosial şəbəkələrin verdiyi imkanlardan sui-istifadə edərək Azərbaycanın dövlət atributlarını, Azərbaycan xalqını təhqir etməkdə davam edirlər. Vəziyyət o həddə çatıb ki, təhqir və söyüşlər açıq-aşkar ünvanlı şəkildə səsləndirilir. “Söyüş layihəsi” düşünülmüş şəkildə ortaya atıldığından və sözügedən prosesin arxasında məqsədli dairələrin dayandığından bu prosesi humanizm yanaşma ilə aradan qaldırmaq qeyri-mümkündür.
4 Aprel 2018 13:54 SosialBu əməli törətmiş şəxs cinayət mühakiməsi qaydasında cəzalandırılır
Bəzi üzdəniraq "soydaşlarımız" sosial şəbəkələrin verdiyi imkanlardan sui-istifadə edərək Azərbaycanın dövlət atributlarını, Azərbaycan xalqını təhqir etməkdə davam edirlər. Vəziyyət o həddə çatıb ki, təhqir və söyüşlər açıq-aşkar ünvanlı şəkildə səsləndirilir. "Söyüş layihəsi" düşünülmüş şəkildə ortaya atıldığından və sözügedən prosesin arxasında məqsədli dairələrin dayandığından bu prosesi humanizm yanaşma ilə aradan qaldırmaq qeyri-mümkündür. Odur ki, dövləti, dövlətin təmsilçilərini, xalqı təhqir edən şəxslər qanun qarşısında cavab verməlidirlər. Şübhəsiz ki, Avropada özlərinə məskən salmış "sapı özümüzdən olan baltalar" bilməmiş deyillər ki, demokratik cəmiyyətində şəxsin şərəf və ləyaqətinin müdafiəsi ön plana çıxan məsələlərdəndir. Şərəf və ləyaqətin müdafiəsi sadəcə dövlətin insanların şəxsi həyatına müdaxiləsini qadağan etmir. Eyni zamanda, insanların bir-birinin şəxsi məsələlərinə müdaxiləsini, ona qarşı şər-böhtanı, təhqiri qəbul etmir. Bu prinsiplər insanların təbii hüquqları kimi tanınır. İnsanın şərəfi və ləyaqəti hüququn ən ali bəşəri dəyərlərindən hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli "Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktda, "İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında" Avropa Konvensiyasında təsbit edilən şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz
Azərbaycanda da insanların şərəf və ləyaqətinin qorunması prinsipinə hörmətlə yanaşılır və bu məsələ bütün qanunvericilik sistemində gözlənilir. Konstitusiyaya əsasən, hər kəsin şərəf və ləyaqətinin müdafiəsi hüququ var. Əsas qanunda bildirilir ki, şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Konstitusiyaya əsasən heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. İnsanın şərəfi və ləyaqəti bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfındən müdafiə olunur. Konstitusiya fıkir və söz, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirərkən hər kəsdən qanunlara riayət etməsini və başqalarının hüquqlarına hörmətlə yanaşmasını tələb edir. Lakin bir sıra hallarda bəzi şəxslər, o cümlədən kütləvi informasiya vasitələrinin əməkdaşları onlara verilən hüquq və azadlıqlardan sui-istifadə edərək başqalarının şərəf və ləyaqətini ləkələyən, onları nüfuzdan salan təhqir və böhtan xarakterli məlumatların kütləvi şəkildə yayılmasına yol verirlər.
Azərbaycan Respublikasının Cinayət qanunvericiliyinə əsasən şəxsin şərəf və ləyaqətinin alçaldılması, şəxsin şərəf və ya ləyaqətini ləkləyən və ya onu nüfuzdan salan, eləcə də şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldılması cinayət əməli sayılır və bu əməli törətmiş şəxs cinayət mühakiməsi qaydasında cəzalandırılır. Belə ki, qanunvericilik Azərbaycan Respublikasının CM-nin 147-ci maddəsi ilə böhtan, həmin Məcəllənin 148-ci maddəsi ilə təhqir əməli cinayət əməli kimi təsbit edərək bu cinayət əməllərini sanksiyalaşdırmışdır. Cinayət qanunvericiliyinin tələblərinə görə bu əməllər kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərlərdə, kütləvi informasiya vasitəsində, eləcə də kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmaqla törədilə bilər. Mövcud Cinayət Məcəlləsində və digər aidiyyatı qanunlarda şəxsiyyətin şərəf, ləyaqət və işgüzar nüfuzunun qorunması üçün dəqiq mexanizmlər nəzərdə tutulmuşdur. Şərəf, ləyaqət və işgüzar nüfuzun ləkələnməsi mülki məsuliyyətə səbəb olmaqla yanaşı, yalan olduğunu bilə-bilə, hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərlərdə, kütləvi informasiya vasitələrində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında (sosial şəbəkələrdə nəzərdə tutulur) yayıldıqda böhtan cinayətinin, şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma isə təhqir cinayətinin tərkibini də yaradır. Sosial şəbəkələrdə hər hansı şəxsin şəxsiyyəti nalayiq formada alçaldıqda, eləcə də ona böhtan atıldıqda həmin şəxsin Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi ilə müəyyən edilən qaydada xüsusi ittihamçı qismində xüsusi ittiham şikayəti ilə barəsində şikayət edilən şəxsə qarşı onun cinayət məsuliyyətinə cəlb edilməsi və cinayət mühakiməsi qaydasında cəzalandırılması üçün bilavasitə aidiyyatı məhkəməyə müraciət etməklə öz pozulmuş hüquqlarını təmin etdirə bilər. Göründüyü kimi, qanunla, həmçinin, sosial şəbəkələrdə şərəf və ləyaqəti nalayiq formada qəsdən alçaldılmış, eləcə də böhtana məruz qalmış hər hansı bir şəxsin öz hüquqlarını qorumaq üçün dəqiq üsul və qaydalar müəyyən edilmişdir.
Yuxarıda göstərilənlərlə yanaşı qeyd edilməlidir ki, bəzi hallarda internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edilməklə böhtan atma və təhqir etmə əməllərinin törədildiyini nəzərə alan qanunverici orqan 2016-cı ildə Azərbaycan Respublikasının CM-nə 148-1-ci maddə əlavə etməklə bu cür əməlləri də cinayət hesab edərək sanksiyalaşdırmışdır. Sözügedən maddənin tələbinə görə "saxta istifadəçi adlar, profil və ya hesablar" dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni, ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür.
Siyasi şərhçi Azər Həsrət deyib ki, təhqir, harda səslənməsindən, tirajlanmasından asılı olmayaraq cinayət əməlidir və ona qarşı qanunlar çərçivəsində addım atılmalıdır. Onun sözlərinə görə, hazırda sosial medianı təhqir meydanına çevirmiş şəxslərlə bağlı da belə addımların atılması zəruridir: "Bu cür şəxslərin bəziləri ölkədən kənarda olsa da bir qismi Azərbaycandadır. Düşünürəm ki, onlarla bağlı hüquq mühafizə orqanları təcili tədbirlər görməlidir ki, başqalarına da dərs olsun. Azərbaycandan kənarda oturub təhqirlə məşğul olanları isə həmin ölkələrin hüquq mühafizə orqanlarına şikayət etmək lazımdır. Bu işi, əlbəttə, səfirliklərimiz görə bilər. Tənqidə gəlincə, biz ədəb və əxlaq çərçivəsində tənqid ifadə edənlərə dözümlü yanaşırıq, hətta bunu faydalı hesab edirik. Şəxsən düşünürəm ki, ədəbli tənqidi təşviq etmək lazımdır".
Alim