Azərbaycanda güclü sosial müdafiə sistemi təmin olunub

Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi dövlətin prioritet məsələlərindən hesab olunur. Etiraf edilməlidir ki, son 10 ildə vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması, sosial müdafiə sisteminin möhkəmləndirilməsi, bu sahədə mövcud olan qanunvericiliyin beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində xeyli işlər görülüb.

Bu, sosial cəhətdən həssas əhali qruplarının rifahına təsirsiz ötüşməyib

Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi dövlətin prioritet məsələlərindən hesab olunur. Etiraf edilməlidir ki, son 10 ildə vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması, sosial müdafiə sisteminin möhkəmləndirilməsi, bu sahədə mövcud olan qanunvericiliyin beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində xeyli işlər görülüb. O da qeyd edilməlidir ki, ölkəmizdə həssas qruplardan hesab olunan ahıl və kimsəsiz uşaqların sosial müdafiəsinin təkmilləşdirilməsi diqqət mərkəzində saxlanır. Yeri gəlmişkən qeyd edək ki, ahılların hüquqlarının qorunması və sosial müdafiəsinin aktuallığını dünya ölkələrinin bir çoxunda olduğu kimi ölkəmizdə də müşahidə olunan əhalinin qocalma prosesi şərtləndirir. Əhalinin yaş strukturunda uşaqların xüsusi çəkisinin aşağı düşməsi və ahıl vətəndaşların sayının əmək qabiliyyətli yaşda olanlara nisbətən daha intensiv artması əmək bazarının formalaşmasında, həmçinin, sosial təminat sisteminin səmərəli işləməsində bir sıra çətinliklərə gətirib çıxarır. Rəsmi məlumatlara görə, keçid dövrünün sosial-iqtisadi problemləri ilə bağlı kənd yerlərindən şəhərlərə və ölkədən kənara miqrasiya da respublikada əhalinin qocalma prosesinə böyük təsir göstərir. Təsadüfi deyil ki, kəndlərdə ahılların və xüsusilə də ahıl qadınların xüsusi çəkisi artıb. Bunları nəzərə alaraq və eyni zamanda, BMT Baş Assambleyasının əhalinin qocalması problemləri üzrə Beynəlxalq Fəaliyyət Planından irəli gələn vəzifələrə əsaslanaraq Azərbaycanda "Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı" hazırlanıb. Təkcə bu fakt deməyə əsas verir ki, ahılların sosial müdafiəsi və layiqli həyat şəraitinin təmin olunması ölkəmizdə aparılan sosial siyasətin mühüm tərkib hissəsidir. Xatırladaq ki, ölkəmizdə 1 Oktyabr - Beynəlxalq Ahıllar günü kimi qeyd edilir. BMT Baş Məclisinin 1992-ci ildə qəbul etdiyi müvafiq Qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabr ayının 1-nin Beynəlxalq Ahıllar günü kimi qeyd olunması cəmiyyətdə ahılların problemlərinin həllinə diqqət və qayğının artırılması məqsədi daşıyır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ahıl insanların sosial müdafiəsinin təmin olunmasına xüsusi diqqət və qayğısı 1993-cü ildən ölkəmizdə də hər il Beynəlxalq Ahıllar gününün yüksək səviyyədə qeyd olunmasına və bu təbəqədən olan insanların etibarlı sosial müdafiə sistemi ilə əhatə olunması yönündə fəal dövlət siyasətinin formalaşmasına səbəb olub. Yaşlı nəslə münasibətdə milli və ümumbəşəri dəyərləri ifadə edən bu siyasətin indinin özündə də uğurla davam etdirilməsi nəticəsində ahıl insanlara dövlət qayğısının ildən-ilə artırılması ilə müşahidə olunur. Məlumat üçün bildiriək ki, ahıl insanlara dövlət dəstəyi bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsinı vacib edib. Belə ki, "Sosial xidmət haqqında" Azərbaycan Respublikası Qanununa əsasən ölkəmizdə yaşı 70-ə çatmış şəxslər ahıl hesab olunurlar. 2017-ci ilə olan rəsmi statistikaya əsasən, ölkəmizdə bu kateqoriyadan olan şəxslərin sayı 377,8 min nəfər təşkil edir. Ötən dövrdə qəbul olunan müvafiq fərman və sərəncamlar, 2004-cü ildə təsdiq edilmiş "Azərbaycanda demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı", 2006-cı ildə təsdiq edilmiş "Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı" və digər sənədlər əsasında aparılan işlər, icra olunan mühüm sosial proqramlar ahıl vətəndaşların etibarlı sosial müdafiə sistemi ilə təmin olunmasına imkan verib.
Həyata keçirilən sosial siyasət daha bir həssas qrup hesab olunan valideyn himayəsindən məhrum olmuş uşaqlardan da yan keçməyib. Belə ki, hazırda Əmək və Əhalinin Soaial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdindəki "Məzun evi" Sosial Müəssisəsində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunlarından ibarət 240 nəfər şəxs yaşayır. Onların məşğulluğunun təminatı işlərinin davamı olaraq, müəssisədə ötən il xalçaçılıq və tikiş sexləri də açılıb. Hesabat ilində 1165 nəfər əlilliyi olan şəxsin istirahəti təşkil edilib, Fondun tabeliyindəki sosial xidmət müəssisələrində 1079 nəfər tam dövlət təminatında olub, 11025 nəfər tənha ahıl və əlil şəxsə evlərində sosial-məişət xidməti göstərilib. Nazirliyin sosial sifarişləri üzrə icra olunan layihələr əsasında 4100 nəfər uşaq və müvafiq hallarda ailələri sosial xidmətlərlə təmin ediliblər. Fondun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində 2017-ci ildə əlavə olaraq 350 nəfər gənc peşə kurslarına qəbul edilib, Fondun İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi 68 nəfər insan alveri qurbanına və 28 nəfər insan alverinin potensial qurbanına müxtəlif yardımlar göstərib.

Məşğulluq probleminin həllinə xüsusi diqqət yetirən dövlət işsiz vətəndaşların da sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində müəyyən işlər görüb. Belə ki, daha bir mühüm islahat tədbiri kimi, ötən il "İşsizlikdən sığorta haqqında" Qanunun qəbul olunub. Qanuna əsasən, cari ilin əvvəlindən işsizlikdən sığorta sisteminin yaradılması aztəminatlı ailələrin daha geniş şəkildə aktiv tədbirlərə cəlb olunmasına imkan yaradıb. 2016-cı ilin fevral ayından ünvanlı sosial yardım təyinatının elektronlaşdırılması bu sahədə ünvanlılığın və şəffaflığın təmin edilməsini şərtləndirib. Bu istiqamətdə həyata keçirilən tədbirlər aztəminatlı ailələrin özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatlarının yaradılması, onların gəlir imkanlarının artırılması tədbirlərinin xeyli genişləşdirilməsi sosial yardım proqramından asılı aztəminatlı ailələrin də sayını ildən-ilə əhəmiyyətli şəkildə azalmasına gətirib çıxaracaq.
Onu da qeyd edək ki, ötən ilin noyabr ayından yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağın, Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacağın və Reabilitasiya Müəssisəsinin fəaliyyətə başlayıb. Bu tədbirlər sosial xidmətlərin əhatə dairəsini xeyli genişləndirib. Bu müəssisələrdə müvafiq şəxslərin təkcə stasionar şəkildə sosial xidmətlərlə təminatı deyil, normal həyata qayıdışları məqsədilə də müvafiq işlər aparılır. Nəticə etibarilə qeyd etmək olar ki, ölkədə sosial təminat sisteminin bütün istiqamətləri üzrə məqsədyönlü işlər aparılmaqdadır. Qarşıdakı illərdə bu sistemin daha da gücləndirilməsi və sosial cəhətdən həssas əhali qruplarının rifah halının yaxşılaşdırılmasında səmərəliliyin yüksəldilməsi sosial siyasətin əsas xəttini təşkil edəcək.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31