Azərbaycan plüralizm ənənələrinə sadiqdir
Bu bir danılmaz faktdır ki, inkişaf etmiş cəmiyyətlərdə elm, təhsil və din dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsidir. Yəni dünyəvi baxışlarda dini dünyagörüş olduğu kimi, dini düşüncələrdə də elmi dünyagörüş çox vacibdir. Çünki dünyəviliyin ruşeymləri ilk dəfə bəsit, kortəbii dini düşüncələrin daxilində yaranaraq inkişaf etmşidir.
27 Noyabr 2017 17:11 SosialÖlkədə bütün sahələrdə plüralizm ən yüksək səviyyədə təmin olunur
Bu bir danılmaz faktdır ki, inkişaf etmiş cəmiyyətlərdə elm, təhsil və din dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsidir. Yəni dünyəvi baxışlarda dini dünyagörüş olduğu kimi, dini düşüncələrdə də elmi dünyagörüş çox vacibdir. Çünki dünyəviliyin ruşeymləri ilk dəfə bəsit, kortəbii dini düşüncələrin daxilində yaranaraq inkişaf etmşidir.
Ümumiyyətlə, qloballaşan dünyada hər bir xalqın qloballaşmaya verdiyi töhfə və aldığı dəyər həmin xalqın inkişaf tendensiyasına uyğun olaraq, özünün elm, təhsil və milli-mənəvi dəyərlər göstəriciləri ilə ölçülür. Belə ki, nitq qabiliyyəti olmayan ilk ibtidai insanların meydana gəldiyi zamandan qeyri-adi qüvvələr, gözəgörünməz varlıqlar həmişə onlar üçün real həyat görüntülərindən daha maraqlı, eyni zamanda qorxulu olmuşdur. Lakin qorxu ilə maraq, reallıqla gözəgörünməzlik sərhədində formalaşan qəbilələr tayfa kimi, tayfalar isə xalq kimi formalaşaraq, bəşəriyyətə öz milli-mənəvi dəyərlərini əxz etmişdilər. Ən güclü tayfaların totem inanclarından doğan simvollar ilahiləşdirilmiş və sonucda kütlənin inancına çevrilmişdir. İlahi inanclardan formalaşmış mədəni dəyərlər isə qısa zaman içində din formasında sərhədlər keçərək zor və ya xoşluqla yayılmağa başlamışdır. Araşdırmaçı Samir Zeynalov deyir ki, yeni din qəbul edən xalq öz keçmiş inanclarının üstündən tamlıqla xətt çəkməmişdir. Onun sözlərinə görə, əski inancları mümkün qədər yeni inanclarla uyğunlaşdırmağa, kəsişdirməyə çalışsalar da, uyğunsuzluqlar da olmuşdur: "Tarixən mövcud olmuş dövlət və imperiyaların ideologiyasında din faktoru önəmli yer tutduğundan, həmin qüdrətli dövlətlərin inkişafında və zəifləməsində din amilinin xüsusi yeri olmuşdur. Çünki hər zaman hakim dini təlimdən ayrılaraq ona zidd olan müxtəlif dini qrup, icma və birliklər ölkədəki zülmdən və boşluqlardan istifadə edərək parçalanmalar gücündə olmuşdur. Yəni sosial etirazın dini forması kimi məhdudluğuna və başqa səbəblərə görə təriqətçilik tarixi inkişaf gedişində dəyişir, daxili ziddiyətlər aşkara çıxır, təriqətçilik "kilsələşir". Samir Zeynalov deyir ki, müxtəlif dinli eyni xalqların və eyni dinli müxtəlif xalqların bir ərazidə, eyni dövlət tərkibində yaşaması üçün yüksək tolerantlıq, dini və milli dözümlülük şaraiti mütləqdir. Və bu bir növ plüralizmin göstəricisidir.
Samir Zeynalov qeyd edir ki, digər ölkə və cəmiyyətlərə nisbətən Azərbaycanda dini tolerantlıq və plüralizm ənənələri hökm sürür. Onun sözlərinə görə, ölkəmiz müsəlman dövləti plmasına baxmayaraq burada digər qeyri-İslami dinlərin nümayəndələrinin də yaşaması və sərbəst şəkildə öz ibadətlərini icra etmələri, hətta onlar üçün dövlət səviyyəsində şəraitin yaradılması deyilənlərin əyani sübutu, təsdiqidir.
Bu gün Azərbaycan dini baxımından müsəlman ölkəsi olsa da, lakin burada xristianlar, eləcə də onun iki qolu olan pravoslav və katoliklər, yəhudilər, hətta buddistlər, krişnaçılar da yaşaşır, fəaliyyət göstərirlər. Bu gün yəhudilər Azərbaycanın Quba rayonunda böyük bir qəsəbədə məskunlaşıblar. Qırmızı qəsəbə kimi tanınan həmin ərazidə Azərbaycan hər bir şərait yaradıb, yəhudilərin normal şəraitdə yaşaması üçün bütün mümkün addımları atıb. Hətta digər dinlərə yaradılan şəraiti bir kənara qoymaqla aydın şəkildə söyləyə bilərik ki, Quba rayonundakı yəhudilərin məskunlaşadığı Qırmızı qəsəbə əslində Azərbaycanın plüralizm mühitinin simasıdır. Və bu kimi misalları kifayət qədər çəkmək mümkündür. Müsbət məqam isə ondan ibarətdir ki, bunu təkcə biz demirik. Eyni zamanda Azərbaycana səfər edən əcnəbilər, burada keçirilən beynəlxalq konfrans və forumların iştirakçıları da Azərbaycanı qeyd edilən müsbət məqamına görə plüralist ölkə kimi xarakterizə edirlər.
O, bildirir ki, milli və dini tolerantlığın mövcud olmadığı cəmiyyətlərdə daim ekstremizmlər və seperatçılıqlar baş qaldırır: "Ekstremizmin milli formasından daha qorxulusu və təhlükəlisi dini ekstremizdir. Çünki milli ekstremizm görünən sərəhdlər daxilində olduğu halda, dini ekstremizm keçici təsirlərə yuvarlana bildiyindən sonsuza qədər gedə bilər. Cəmiyyətdə belə meyllərin yaranmaması üçün dövlət dini, milli və irqi müstəvidə özünün tolerantlıq qarantını nümayiş etdirməlidir. Tolerantlığın yüksək səviyyədə qorunması və inkişaf etdirilməsi üçün eyni dövlətdə yaşayan xalqların və onların ibadət etdikləri dinlərin, məzhəblərin kəsişən, uzlaşan adət-ənənələri önə çəkilərək, bu əlaqələr dözümlülük prinsipləri əsasında biri-birinə inteqrasiya etməlidir. Dövlətin sosial bazası olan xalq, həm də hakimiyyətin sağlam seçici elektoratı olduğundan milli və dini kontekstdə tolerantlıq mövcud olmasa, nəticədə narazı təbəqə kortəbii formada ölkədən kənar qüvvələrin təsirinə düşərək açıq və ya gizli formada öz ölkəsinə qarşı təşkilatlanacaq. Sabitliyi pozmağa meyilli həmin qüvvələr isə ən incə məqamlarda dövlətin onurğa sütunundan vuraraq dövlətçilik prinsiplərini, milli təhlükəsizliyi sarsıdırlar.Məlumdur ki, seperatçılığın ekstremizmə, dini etirazların sosial çaxnaşmaya səbəb olduğu bir dönəmdə qarışıq hadisələrin qarşısını almaq üçün ölkədə tolerantlığın, milli və dini dözümlü mühitin yaradılması həddən artıq çətin bir prosesdir. Bu cür bəlalı vəziyyətdən xalqı dəmir iradəli, güclü siyasətə və aşarı millət sevgisinə malik milli və siyasi lider qurtara bilər. Çox təəssüflər olsun ki, belə bir olaylar 1993-cü ildə Azərbaycan Respublikasında da yaşanmışdır. Məhz xalqı bu bəladan Azərbaycan xalqının böyük oğlu, dünya şöhrətli siyasətçi, ulu öndər Heydər Əliyev xilas etmişdir.Müasir Azərbaycanın hər bir sahəsində olduğu kimi, milli-mənəvi, milli-dini dəyərlərin yüksək formada qorunması, qarşılıqlı inteqrasiya etdirilməsi, xüsusən də tolerantlıq mədəniyyətinin formalaşdırılması birbaşa ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır". Araşdırmaçının sözlərinə görə, xüsusi olaraq qeyd edilməlidir ki, Heydər Əliyev üçün dövlət quruculuğu siyasətində hər bir etnik xalqın milli, dini kimlik xüsusiyyətləri, milli-mənəvi dəyərlər sistemi böyük önəm daşıdığından, o bu məsələlərin tənzimlənməsində daim qətiyyətlilik nümayiş etdirə bilmişdir. "Ümumbəşəri dəyərlərlə milli-mənəvi dəyərlərin vəhdəti, sintezi bizim milli ideologiyamızın bu günü və gələcəyidir", - deyən Heydər Əliyev Azərbaycanda vətəndaş cəmiyyəti qarşısında bəşəriliklə millilik arasında yeni bir inkişaf problematikasının əsasını qoymuşdur. Bu problematikanın rüşeymləri Heydər Əliyevdən öncə mövcud olsa da, ulu öndər bu problematikaya sistemli forma verərək onu milli ideologiya müstəvisinə çıxarmışdır.
Natiq bildirib ki, ötən əsrin 60-cı illərində SSRİ üsul-idarəsi tərəfindən Azərbaycana qarşı milli-mənəvi dəyərlər kontekstində baş verən təzyiqlər, siyasi respressiyalar pik həddə yüksəldiyindən milli və dini təfəkkürü düşünən insanlar əl-qolunu açmamış "beşiyində"cə boğulurdu: "Yad millətlərdən olan insanlar bu işdə daha çox canfəşanlıq göstərirdilər. Xüsusi vacib sahələrə narsistik şəxsiyyət (özündən başqasını qəbul etməyən, hamıdan özünə tərif gözləyən) pozuqluğu olan insanların rəhbərlik etməsi milli-mənəvi dəyərlərin aşınmasını daha da sürətləndirirdi.Belə bir vaxtda, Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsində müxtəlif məsul vəzifələr tutan Heydər Əliyev maneə və çətinliklərə baxmayaraq, bir çox gizlinlərə və qaranlıqlara işıq salaraq həqiqətləri dərinliyindən öyrənirdi.Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 21 iyun 1967-ci il tarixli qərarı ilə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin edilən Heydər Əliyev üçün daha əhəmiyyətli və daha ağır bir cəbhə açıldı. Qısa müddətdə Azərbaycan vətəndaşlarının "təhlükəsizliyi"ni təmin edən qeyri-millətlər, xüsusən də erməniər orqandan uzaqlaşdırıldı. Dövlət Təhlükəsizlik Komitəsinə gənc, etibarlı və milli ruha yaxın kadrları irəli çəkməklə milli-mənəvi dəyərlərin çökməsinin, milli məfkurənin sönməsinin qarşısını aldı. 1969-cu ilin 14 iyul tarixində birinci dəfə Azərbaycana siyasi rəhbərliyə gətirilən Heydər Əliyev formaca sovet ideologiyasının dəstəkçisi kimi görünsə də, mahiyyətcə əslində uzaq perspektivə hesabladığı azərbaycançılıq ideologiyasının təməllərini möhkəmləndirirdi. Gizli fəaliyyət göstərən, xüsusən də gənclərdən təşkil olunan milli düşüncə ocaqlarının fəaliyyəti haqqında tam məlumatlı olan Heydər Əliyev bütün mümkün vasitələrdən istifadə edərək bu cür insanları qoruyurdu. Fəaliyyətləri ifşa olunaraq həbs olunan gənc millətçilərin və dissidentçilərin cinayət işləri xüsusi nəzarətə götürüldüyündən onlar yüngül cəzalar alırdılar".
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir