Bəhruz Quliyev: “İrəvan nə körpüləri yandırır, nə də alternativlərdən imtina edir” – ÖZƏL
15:51 Siyasət"102-ci Rusiya hərbi bazasının Ermənistandan çıxarılması məsələsinin vaxtaşırı gündəmə gətirilməsi, məncə, yalnız hərbi məsələ kimi qiymətləndirilməməlidir. Burada daha geniş siyasi və geosiyasi hesablamalar var. Əvvəla, Baş nazir Nikol Paşinyanın son açıqlaması göstərir ki, İrəvan bazanın çıxarılması ilə bağlı Moskva qarşısında rəsmi tələb qoymayıb. Paşinyan bildirir ki, Rusiya çıxmaq qərarı versə, Ermənistan buna etiraz etməyəcək, Rusiya qalmaq istəsə isə bu məsələni müzakirə etməyə hazırdır".
Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a deyib. Ekspert bildirib ki, bu yanaşma Ermənistanın Rusiya ilə münasibətlərdə həm məsafə saxlamaq, həm də bütün körpüləri yandırmamaq siyasətinin davamı kimi görünür. Ermənistan son illərdə Qərblə münasibətlərini genişləndirir, Rusiya ilə təhlükəsizlik əlaqələrini isə yenidən nəzərdən keçirir. Lakin 102-ci baza 1995-ci il razılaşmasına əsaslanır və onun fəaliyyət müddəti 2044-cü ilə qədər uzadılıb. Burada mühüm məqamdan biri də informasiya və siyasi mesaj məsələsidir. Bazanın taleyinin mütəmadi şəkildə müzakirəyə çıxarılması həm Rusiya-Ermənistan münasibətlərinin səviyyəsini göstərmək, həm də İrəvanın öz xarici siyasətində manevr imkanlarını nümayiş etdirmək vasitəsinə çevrilir. Yəni söhbət təkcə bazanın fiziki olaraq qalması və ya çıxmasından getmir, söhbət Ermənistanın gələcək təhlükəsizlik arxitekturasının hansı istiqamətdə formalaşacağından gedir.
"Digər tərəfdən, Moskvanın mövqeyi də kifayət qədər aydındır. Rusiya rəsmiləri 2026-cı ilin iyununda bildirmişdilər ki, Ermənistan tərəfindən bazanın çıxarılması ilə bağlı heç bir siqnal almayıblar və Moskva bu bazanı Ermənistanın və Cənubi Qafqazın təhlükəsizliyinin mühüm elementlərindən biri hesab edir. Deməli, bu gün 102-ci baza ətrafında yaranan müzakirələrin əsas mahiyyəti onun dərhal çıxarılması deyil. Daha çox Ermənistanın Rusiya ilə təhlükəsizlik münasibətlərinin gələcəyi, İrəvanın Qərblə yaxınlaşması və Cənubi Qafqazda yeni təhlükəsizlik balansının necə formalaşacağı məsələsidir. Əslində, 102-ci baza məsələsi Ermənistanın xarici siyasətində gedən transformasiyanın bir göstəricisinə çevrilib. İrəvan bir tərəfdən "bazanın çıxarılmasını biz tələb etmirik" deyərək Moskva ilə açıq qarşıdurmadan yayınır, digər tərəfdən "çıxsa, etiraz etmərik" mesajı ilə özünün təhlükəsizlik siyasətində alternativlərə açıq olduğunu nümayiş etdirir. Bütün bunlar göstərir ki, Cənubi Qafqazda artıq söhbət yalnız ayrı-ayrı hərbi obyektlərdən deyil, bütövlükdə regionun yeni geosiyasi və təhlükəsizlik konfiqurasiyasından gedir. 102-ci Rusiya hərbi bazası ətrafında müzakirələr də məhz bu böyük prosesin tərkib hissəsi kimi qiymətləndirilməlidir", - deyə B.Quliyev əlavə edib.
Səidə Ramazanova