Azərbaycanda dövlət -vətəndaş cəmiyyəti münasibətləri plüralizm ənənələrinə söykənir

Sirr deyil ki, ölkələrin demokratikləşməsində vətəndaş cəmiyyətlərinin rolu danılmazdır. Ölkədə demokratik instituların, vətəndaş-dövlət münasibətlərinin inkişafı həm də vətəndaş cəmiyyətlərinin formalaşmasından asılıdır.

Sirr deyil ki, ölkələrin demokratikləşməsində vətəndaş cəmiyyətlərinin rolu danılmazdır. Ölkədə demokratik instituların, vətəndaş-dövlət münasibətlərinin inkişafı həm də vətəndaş cəmiyyətlərinin formalaşmasından asılıdır. Sivil ölkələrdə vətəndaş cəmiyyətləri dövlətlər tərəfindən qəbul edilir, onların dəstəyindən maksimum istifadə olunur. Azərbaycanda isə nəinki vətəndaş cəmiyyətlərinin inkişafına şərait yaradılır, həm də onlara maddi dəstək göstərilir. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanda vətəndaş cəmiyyətlərinə ən müxtəlif formada maddi və mənəvi dəstək göstərilir. Siyasi plüralizmin nümunəsi olan bu xətt hətta bir sıra ölkələr üçün sözün həqiqi mənasında nümunə ola bilər. Xatırladaq ki, Azərbaycan hökumətinin reallaşdırdığı siyasətin mahiyyəti ondan ibarətdir ki, cəmiyyətin idarə edilməsindən dövlətin daxili və xarici siyasətinin formalaşmasındakı bütün məsələlərdə vətəndaşların istəyi, arzusu və təşəbbüsləri nəzərə alınsın. Bu baxımdan müstəqillik dövrünü həm də Azərbaycanda Qeyri-Hökumət Təşkilatları ilə (QHT) dövlətin, siyasi partiyaların və vətəndaşların münasibətlərinin konseptual əsaslarının formalaşması dövrü kimi dəyərləndirilə bilər. Məlumat üçün bildirək ki, Azərbaycanda fəaliyyət göstərən ilk milli donor institutu, dövlətin QHT sektoru sahəsində siyasətini həyata keçirən başlıca qurum olan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən ictimai problemlərin həllinə istiqamətlənən çoxsaylı vacib layihələri maliyyələşdirir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin məsləhətçisi Fərid Qəhrəmanov deyir ki, Prezident İlham Əliyevin 27 iyul 2007-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası"nın təsdiq edilməsi və həmin ilin dekabrında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması ölkəmizdə QHT sektorunun yeni inkişaf mərhələsinin əsasını qoymuşdur. Belə ki, ölkə başçısının qəbul etdiyi bu mühüm və tarixi qərarlardan sonra QHT-lərin ictimai əhəmiyyətli təşəbbüslərini dəstəkləmək üçün davamlı olaraq dövlət büdcəsindən maliyyə vəsaiti ayrıldı. Bununla QHT-hökumət münasibətləri yeni müstəviyə qədəm qoymuş oldu və vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi üçün ictimai sektorun bütün potensialının səfərbər olunması baxımından yeni imkanlar yarandı. Bütün bu müddəalara, xüsusilə Konsepsiyada və Şuranın əsasnaməsində təsbit edilmiş dövlət dəstəyinin əsas prinsip və formalarına uyğun olaraq hər il qeyri-hökumət təşkilatlarının ən müxtəlif təşəbbüsləri dəstəklənmiş və uğurlu nəticələr əldə olunmuşdur. Effektiv nəticələr əldə olunması üçün Şura Katibliyində layihələrə nəzarət mexanizmi qurulmuşdur. Maliyyələşdirilən bütün layihələr monitorinq olunur. Monitorinqlərlə yanaşı, layihə idarəetməsində QHT-lərə tərəfimizdən çoxsaylı konsultativ və praktik yardımlar göstərilir. Monitorinqlər zamanı aşkarlanan problemlər əsasən maliyyə vəsaitinin düzgün idarə olunması, sənədləşmənin qanunauyğun aparılması, layihə sənədlərinin düzgün tərtib olunması, layihənin icra planına vaxtında əməl olunması, kargüzarlıq işlərinin düzgün aparılması və KİV-lə işin zəif təşkili ilə əlaqədar olur. Təbii ki, bu kimi çatışmazlıqların aradan qaldırlması üçün tərəfimizdən müvafiq addımlar atılır. QHT-lər də üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyi bacarırlar. Belə ki, QHT-lərə dövlət dəstəyinin prioritet sahələrindən biri də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə dəstək istiqamətidir. Beynəlxalq əməkdaşlığın gücləndirilməsində, Azərbaycanın ədalətli möyqeyinin dünyaya çatdırılmasında və digər ümummilli məsələlərdə QHT-lərin rolunun artırılması vacib amillərdən hesab olunur. Dünyada ikili standartların mövcud olduğu hazırkı dövrdə dövlətimiz ümummilli maraqlarımızın qorunmasında Milli QHT-lərin potensialından da səmərəli şəkildə istifadə etməyə çalışır. 2016-cı ildə Şura QHT layihələrinin maliyyələşdirilməsinə ayırdığı ümumi vəsaitin 9%-ni məhz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyinin xarici ölkələrdə və beynəlxalq təşkilatlarda təbliğ edilməsi, xalqımızın mədəniyyətinin tanıdılması, lobbiçilik fəaliyyətinin gücləndirilməsi həmçinin ölkə daxilində vətənpərvərlik mövzusunda müxtəlif təşəbbüslərin dəstəklənməsi istiqamətinə həsr etmişdir. Bu mənada Şura dövlət-QHT münasibətlərində körpü rolunu oynayır.
 Onu da qeyd edək ki, vətəndaş cəmiyyətləri təkcə ölkə daxilində deyil, eləcə də xarici ölkələrdə Azərbaycanın tanıdılması ilə məşğul olurlar. Vətəndaş cəmiyyətləri tərəfindən irəli sürülən təşəbbüslərin nəzərə alınması onların cəmiyyətdə rolunun vacibliyi və dövlət tərəindən qiymətləndirilməsinə dəlalət edir. Etiraf edilməlidir ki, belə fəaliyyət eyni zamanda, vətəndaş cəmiyyətlərinin beynəlxalq əlaqələrinin genişlənməsidə əhəmiyyətli rol oynayır. F.Qəhrəmanov bildirib ki, vətəndaş cəmiyyətləri təfərindən layihə təkliflərinin cox olması isə daha cox təşəbbüsün reallaşdırılması imkanı deməkdir. Həmçinin 2016-cı ildə əvvəlki ilə nisbətən icra olunan layihələrin əhatə dairəsi də genişləndirilmişdir. Belə ki, 2015-ci ildə layihələr Avropanın 18 ölkəsini əhatə etməsinə baxmayaraq 2016-cı ildə bu rəqəm artırılaraq 25-ə çatdırılmışdır. Maliyyələşdirilmiş layihələr əsasən xaricdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın beynəlxalq arenada tanıdılması, mədəniyyətimizin təbliği, beynəlxalq təşkilatlarla əlaqələrin qurulması, ölkə daxilində isə azərbaycançılıq ideyalarının təşviqi, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə yönəlmişdir. Bütövlükdə layihələrin mövzusunu əsasən seminarlar, təlimlər, araşdırma və sorğular, saytların qurulması və mövcud saytlarda xidmətlərin artırılması, yürüş mitinqlərinin təşkili, film və sosial çarxların hazırlanması, yarışlar, teledebatlar, sərgilər, təbliğat üçün çap materiallarının hazırlanması və sosial şəbəkələrdə görülən işlər təşkil etmişdir. Xaricdə icra olunan layihələr Avropanın Macarıstan, Belçika, Hollandiya, Rumıniya, Serbiya, Almaniya, İngiltərə, Bolqarıstan, Gürcüstan, Türkiyə, İsveç, Lüksemburq, Danimarka, Norveç kimi ölkələrini əhatə etmişdir. Şura tərəfindən elan edilmiş 2017-cı il maliyyə yardımı müsabiqəsində də beynəlxalq əməkdaşlıq məsələlərinə həsr olunmuş müxtəlif mövzular daxil edilmişdir. Həmin mövzular üzrə ən əhəmiyyətli 10-larla QHT təşəbbüsü dəstəklənmişdir. Ümumiyyətlə Şura hər zaman demək olar ki, elan etdiyi bütün müsabiqələrdə beynəlxalq əməkdaşlıq məsələlərinə xüsusi yer ayırır.
Qətiyyətlə demək olar ki, QHT-lərin Azərbaycanın milli maraqlarının beynəlxalq aləmdə təbliği sahəsində gördüyü işlər haqq səsimizin dünyaya çatdırılmasında mühüm rol oynayır. Sadalanan faktlar deməyə əsas verir ki, qarşıdakı illərdə də dövlətimizin bilavasitə dəstəyi və qayğısı nəticəsində vətəndaş cəmiyyəti Azərbaycan üçün vacib və mühüm layihələri həyata keçirəcək, problemlərin həlli yolunda öz töhfələrini verəcəklər. Artıq birmənalı şəkildə qeyd etmək olar ki, Azərbaycanda vətəndaş cəmiyyətləri dövlətin tərəfdaşına çevriliblər. Lakin bu heç də o anlamı verə bilməz ki, onun dövlətə ehtiyacı yoxdur. Sadəcə vətəndaş cəmiyyəti-dövlət münasibətlərində dövlət öz mövqeyini ortaya qoyub, vətəndaş cəmiyyətləri isə üzərinə düşən vəzifələri icra etməyə çalışırlar. Reallıq ondan ibarətdir ki, dövlət vətəndaş cəmiyyətləri üzərində totalitar nəzarətdən əl çəkib. Bu isə vətəndaş cəmiyyətlərinin daha da inkişafına şərait yaratmış olur. Belə halda isə vətəndaş cəmiyyətlərinin dövlətin həyata keçirdiyi siyasətə dəstək imkanları reallaşmış olur. Xüsusən müdafiə, qanunvericilik, ekologiya, xarici siyasət, büdcə, rabitə, nəqliyyat, vətəndaşların hüquqlarının müdafiəsi sahəsində omkanlarını ortaya qoymuş olurlar. Yəni, burada dövlət bir növ cəmiyyətin tərəfdaşı, vətəndaş cəmiyyətləri isə onun inamlı nümayəndəsi kimi çıxış edir. Qısa desək cəmiyyət dövlət üçün yox, dövlət cəmiyyət üçünçalşır. İnkşaf etmiş vətəndaş cəmiyyətində dövlətin funksiyaları ümumi inkşaf strategiyasının işlənməsinə yönəlmiş olur. Yəni cəmiyyətin sosial və iqtisadi inkişafının prioritetlərinin müəyyən edilməsi və əsaslandırılması; vətəndaşların ictimai faydalı fəaliyyətlərinin stimullaşdırılması və onların hüquqlarının, əmlaklarının və şəxsi ləyaqətlərinin qorunması; cəmiyyətin bütün sferalarının demokratikləşdirilməsi;sərhədlərin qorunması və daxili qayda-qanunun təmin olunması və sair. Bir sözlə vətəndaş cəmiyyətin mahiyyəti ondan ibarətdir ki, o, hakim elitanın, hakimiyyətin, dövlətin iradəsinin ifadəçisi yox, hər şeydən əvvəl vətəndaşların maraqlarını, tələbatlarını, azadlığını, istəklərini birləşdirsin və ifadə etsin. Nəzərə almaq lazımdır ki, vətəndaş cəmiyyəti hüquqi baxımdan birbaşa dövlət müdaxiləsi olmayan, lakin vətəndaşların hüquqlarını müdafiə edən azad fərdlər birliyinə əsaslanır.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31