Multikulturalizm demokratik mühitin məhək daşıdır
Multikulturalizm Azərbaycanda təşəkkül tapmış ictimai-siyasi sabitliyi və milli-mənəvi həmrəyliyi şərtləndirən əsas amillərdəndir. Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi ilə ötən əsrin 90-cı illərində Azərbaycanda tolerantlıq və multikulturalizm ənənələri siyasi və hüquqi müstəvidə daha da gücləndirilmiş, dövlətçiliyimizin, milli təhlükəsizliyimizin, azərbaycançılıq məfkurəsinin önəmli təməl sütunlarından birinə çevrilmişdir. “Azərbaycan Respublikasının ən böyük sərvəti, bəlkə də ən birinci sərvəti burada uzun illər bir yerdə yaşamış, dostlaşmış, qardaşlaşmış müxtəlif xalqların birliyidir” - deyən Ümummilli Lider Azərbaycan cəmiyyətinin bəşəri dəyərlərə münasibətimizin ən orijinal və aydın izahını vermiş, ölkəmizi milliyyətindən və dinindən asılı olmayaraq, burada yaşayan müxtəlif xalqların nümayəndələrinin doğma vətəni adlandırmışdır.
7 Noyabr 2017 14:35 SosialMultikulturalizm Azərbaycanda təşəkkül tapmış ictimai-siyasi sabitliyi və milli-mənəvi həmrəyliyi şərtləndirən əsas amillərdəndir. Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi ilə ötən əsrin 90-cı illərində Azərbaycanda tolerantlıq və multikulturalizm ənənələri siyasi və hüquqi müstəvidə daha da gücləndirilmiş, dövlətçiliyimizin, milli təhlükəsizliyimizin, azərbaycançılıq məfkurəsinin önəmli təməl sütunlarından birinə çevrilmişdir. "Azərbaycan Respublikasının ən böyük sərvəti, bəlkə də ən birinci sərvəti burada uzun illər bir yerdə yaşamış, dostlaşmış, qardaşlaşmış müxtəlif xalqların birliyidir" - deyən Ümummilli Lider Azərbaycan cəmiyyətinin bəşəri dəyərlərə münasibətimizin ən orijinal və aydın izahını vermiş, ölkəmizi milliyyətindən və dinindən asılı olmayaraq, burada yaşayan müxtəlif xalqların nümayəndələrinin doğma vətəni adlandırmışdır.
Hələ ötən əsrin əvvəllərində yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin iki illik hakimiyyəti dövründə də multikulturalizm dövlət siyasətinin tərkib hissəsi idi. Şərqdə ilk dəfə Azərbaycan parlamentində müxtəlif konfessiyaların nümayəndələrinin təmsil olunması bunun bariz sübutudur. Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ilk gündən - 1918-ci il mayın 28-də "İstiqlaliyyət haqqında akt" qəbul edərək ərazisində yaşayan bütün insanlara hüquq bərabərliyi verdi. Bu bərabərlik yalnız sözdə deyil, dövlətin qanunverici orqanı kimi formalaşdırılan parlamentdə də öz praktiki ifadəsini tapdı. Belə ki, parlamentdə nəzərdə tutulan 120 deputat yerindən 80-i müsəlmanlara, 21-i ermənilərə, 10-u Bakı Rus Milli Şurasına, 1-i Alman Milli Təşkilatına, 1-i Yəhudi Milli Şurasına, 1-i Gürcü Milli Şurasına, 1-i Polyak Milli Komitəsinə verilmişdi.
Ölkəmizdə geniş təşəkkül tapmış multikultural münasibətlərin davamlılığı, eyni zamanda bugünkü inkişafı bilavasitə dövlət dəstəyindən qaynaqlanır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, bütün sahələrdə inkişaf tempinə görə ölkəmizi dünyanın nüfuzlu dövlətinə çevirən, ən başlıcası, dövlət maraqları, xalqın mənafeləri, həmçinin bəşəri dəyərləri əsas götürən siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, respublikamızda multikultural mühit, tolerantlıq ənənələri gündən-günə möhkəmlənir.
Artıq təkcə yerləşdiyi bölgədə deyil, dünya birliyində də söz sahibinə çevrilməkdə olan müstəqil və demokratik Azərbaycan Respublikası beynəlxalq aləmə hərtərəfli inteqrasiya siyasəti həyata keçirir. Ölkəmiz əksər nüfuzlu beynəlxalq və regional təşkilatlarda yüksək səviyyədə təmsil olunur, beynəlxalq forumlara, mötəbər tədbirlərə evsahibliyi edir. Dünya dinləri nümayəndələrinin təmsil olunduğu toplantıların - MDB Müsəlmanları Məşvərət Şurasının, Qafqaz Xalqları Ali Dini Şurasının iclaslarının, dünya dini liderlərinin beynəlxalq sammitlərinin Bakıda keçirilməsi Azərbaycanın multikulturalizm, sivilizasiyalararası əməkdaşlıq kimi ümumbəşəri məsələlərə verdiyi önəmin göstəricisidir.
Təəssüf ki, müasir dövrdə dünyanın əksər bölgələrində, xüsusilə də müsəlman şərqində etnik-dini zəmində münaqişələr artmaqda, demokratiyaya iddialı bəzi Qərb dövlətlərində isə sağ təmayüllü siyasətçilər multikulturalizmə dair mənfi bəyanatlarla çıxışlar etməkdədirlər.
Hər zaman haqq səsini ucaldaraq bəşər övladlarını birliyə, sülhə, dinc yanaşı yaşamağa dəvət edən dövlətimiz xalqları faciələrə düçar edən bu çıxışlara qarşı da öz qətiyyətli mövqeyini ortaya qoymaqla, bu missiyanın bütün dünya miqyasında təbliğatçısına və təşviqatçısına çevrilməklə beynəlxalq aləmə siyasətdə riyakarlığa yer olmadığını özünün nümunəvi siyasi kursu ilə göstərməkdədir.
Məhz etnik-mədəni müxtəlifliklər arasındakı münasibətlərin düzgün tənzimlənməsi işində respublikamızın sülhsevər siyasətinin nəticəsidir ki, bu gün heç kim, hətta Azərbaycana ikili standartlar prizmasından yanaşmağa adət etmiş ölkələr də sahib olduğumuz multikultural mühitin mövcudluğunu nəinki inkar edə bilmir, hətta faktı, onu hüquqi müstəvidə gücləndirən dövlət siyasətinin dünya üçün nümunə olduğunu təsdiqləyirlər. Beynəlxalq aləmdə multikulturalizm eyni ölkədə yaşayan xalqların mədəni hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun siyasət kimi qəbul olunur. Məsələyə bu prizmadan yanaşsaq, Azərbaycanda müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələrinin sərbəst yaşamaları üçün bütün zəruri şəraitin yaradıldığını dünya xalqları görür və təsdiqləyir. Üstəlik, Azərbaycanda multikulturalizm ənənələrinin güclənməsinə dövlət dəstəyi formalaşıb ki, bu da dünya miqyasında nadir nümunələrdəndir.
Ekspertlərin də qeyd etdiyi kimi, multikulturalizm bu gün Azərbaycanda mövcud olan demokratik mühitin sütunlarından, lokomotivlərindən biridir. Hazırda respublikamızda 80-dən çox müxtəlif xalqların nümayəndələri, etnik qruplar yaşayır. Onların sırasında udiləri, ingiloyları, xınalıqları, qırızları, buduqları, tatları, talışları, rusları, ləzgiləri, yəhudiləri və digərlərini göstərmək olar. Bu azsaylı xalqların bir qismi Azərbaycanın köklü əhalisi, bir qismi isə tarixin müxtəlif mərhələlərində baş verən sosial-siyasi proseslər nəticəsində bu torpaqları özlərinə məskən seçmişlər. Milli azlıqlar öz milli mərkəzlərini, assosiasiyalarını və digər qurumlarını yaratmaq hüquqlarından tam istifadə edirlər. Hazırda respublikamızda onlarla milli mədəniyyət mərkəzləri fəaliyyət göstərir ki, onların sırasında "Birlik" cəmiyyəti, Ukrayna cəmiyyəti, Alman-Azərbaycan cəmiyyəti, Azərbaycan-slavyan mədəniyyət mərkəzi, Tat mədəniyyət mərkəzi, Azərbaycan-İsrail cəmiyyəti, "Ronai" kürd mədəniyyət mərkəzi, "Samur" ləzgi milli mərkəzi, Ahıska türklərinin "Vətən" cəmiyyəti, Talış mədəniyyət mərkəzi, Avar cəmiyyəti, Dağ yəhudilərinin icması, Avropa yəhudiləri (Aşkenazi) icması, "Kapelhaus" alman mədəniyyət icması, "Polonia" polyak mədəniyyət mərkəzi və başqaları fəaliyyət göstərirlər. İslam dinini, pravoslavlığı və iudaizmi özündə birləşdirən "Üç qardaş" təşkilatının respublikamızda fəaliyyət göstərməsi multikultural mədəniyyətin daşıyıcısı olan dövlətimizin tolerantlıq ənənələrinə hörmətlə yanaşmasının bariz nümunəsidir.
Qanunvericiliyimizdə azsaylı xalqların mədəni inkişafı, onların hüquqlarının qorunması əsas vəzifə kimi irəli sürülmüşdür. Demokratiya prinsiplərini əsas götürən Konstitusiyamızda Azərbaycan Respublikasının bütün vətəndaşlarına qanun və məhkəmə qarşısında bərabərlik hüququ verir. Ana Qanunumuzun 25-ci maddəsinin 3-cü bəndində deyilir: "...İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyə, əqidəyə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır". 44-cü maddədə isə göstərilir ki, "Hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz". Dövlətimiz 1995-ci il fevralın 1-
də Avropa Şurasının "Milli azlıqların müdafiəsi haqqında çərçivə konvensiyası"nı imzalamış və 16 iyun 2000-ci ildə ratifikasiya etmişdir. Konvensiyanın 4-cü maddəsində göstərilir ki, Avropa Şurasının üzvü olan bütün dövlətlər "milli azlığa mənsub olan hər bir şəxsin qanun qarşısında bərabər müdafiə olunmaq hüququna zəmanət verirlər. Bununla əlaqədar olaraq, milli azlığa mənsubluğa əsaslanan hər cür ayrı-seçkilik qadağan olunur."
Xalqımızın tarixən formalaşmış multikultural ənənələrini inkişaf etdirən Azərbaycan Respublikası ölkənin azsaylı xalqlarının mədəniyyətini, dilini, adət-ənənələrini qoruyub saxlamağa yardımçı olmaqla bərabər, onlara etnik mənşə və konfessional fərqlərindən, dilindən, dinindən, sayından asılı olmayaraq tolerantlıq ənənələrini əsas götürərək öz potensiallarını reallaşdırmaq üçün tam şərait yaratmışdır.
Multikulturalizm və tolerantlıq haqda danışarkən bir məqamı da qeyd etmək lazımdır ki, xalqımızın tarixən keçdiyi konfessional təkamül ona polikonfessional mədəniyyət çalarları gətirmişdir. Bu gün ölkəmizdəki müxtəlif dinlərə aid tarixi abidələr dövlətimiz tərəfindən xüsusi qayğı ilə qorunub saxlanılır, təmir və bərpa olunur. Azərbaycanda artıq həyat tərzinə çevrilmiş multikulturalizmin dünyaya çatdırılması istiqamətində görülən işlərin geniş vüsət almasında Heydər Əliyev Fondunun, ona rəhbərlik edən ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın apardığı məqsədyönlü fəaliyyətini xüsusilə vurğulamaq lazımdır. Fondun həyata keçirdiyi layihələr ölkə həqiqətlərinin dünya miqyasında qəbul edilməsinə əvəzsiz töhfədir.
Azərbaycanın son dövrlərdə əldə etdiyi uğurlar, həyata keçirdiyi siyasət ölkəmizin beynəlxalq nüfuzunun artmaqla yanaşı, qlobal əhəmiyyətli tədbirlərin, ümumbəşəri humanitar məsələlərin müzakirə və həll olunduğu müqəddəs bir məkana çevrilməsi bir daha sübut edir ki, dövlət başçımızın müxtəlif sahələr üzrə həyata keçirdiyi siyasət uğurludur, nümunəvidir, qətiyyətlidir. Çünki onun keçmişində sağlam təməl, bu günündə isə güclü xalq dəstəyi vardır!
Gülnar İsgəndərova