Vicdan azadlığı nədir?
Vətəndaş cəmiyyətində, hüquqi dövlətdə vicdan azadlığı təbii haqlardan biri kimi tanınır. İnsanların dini inanclarına hörmətlə yanaşmaq, fərqli dinlərdən olan insanları dini mənsubiyyətinə görə fərqləndirməmək vətəndaş cəmiyyətinin, hüquqi dövlətin əsas əlamətlərindən sayılır.Vicdan azadlığı dedikdə insanın istədiyi dinə sitayiş etməsi və ya heç bir dini qəbul etməmək hüququ başa düşülür.
7 Noyabr 2017 14:17 SosialBu ad altında xaos yaratmaq istəyən qüvvələ var
Vətəndaş cəmiyyətində, hüquqi dövlətdə vicdan azadlığı təbii haqlardan biri kimi tanınır. İnsanların dini inanclarına hörmətlə yanaşmaq, fərqli dinlərdən olan insanları dini mənsubiyyətinə görə fərqləndirməmək vətəndaş cəmiyyətinin, hüquqi dövlətin əsas əlamətlərindən sayılır.Vicdan azadlığı dedikdə insanın istədiyi dinə sitayiş etməsi və ya heç bir dini qəbul etməmək hüququ başa düşülür. Bəzi cəmiyyətlərdə vicdan azadlığının sərhəddi müəyyənləşdirilsə də əsl vətəndaş cəmiyyətlərində və hüquqi dövlətdə vicdan azadlığı məhdudlaşdırılmır. Din, etiqad, vicdan azadlığı ümumi insan haqlarının ayrılmaz hissəsidir.
Qeyd edək ki, vicdan azadlığı problemi bəşəriyyətin demokratik inkişafının nailiyyəti, zəmanəmizin aktual problemlərindəndir. Vicdan, əxlaqi özünənəzarət, insanın cəmiyyət və özü qarşısında öz fəaliyyəti, əməlləri və davranışı üçün mənəvi məsuliyyətdir. Vicdan, şəxsi və ictimai mənafeyi öz əqidəsinə uyğun olaraq insanın hərəkət etmək bacarığı və imkanıdır. Geniş mənada vicdan azadlığı, vətəndaşların bu və ya digər əməllərə (ədalət və ədalətsizlik, yaxşı və pis) qiymət verməkdə mənsub olduğu zümrənin, yaxud bütün cəmiyyətin onda tərbiyə etdiyi təsəvvürə uyğun olaraq hərəkət etməkdə azad olmaq imkanıdır. Sözün dar mənasında vicdan azadlığı kateqoriyası insanların dinə münasibətə tam sərbəstliyini nəzərdə tutur. Azərbaycanda da vicdan azadlığı var və insanların inancına hörmətlə yanaşılır. Ölkəmizdə bu sahə ölkə Konstitusiyası və "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir. Adından da göründüyü kimi, müvafiq qanunumuz məhz "Dini etiqad azadlığı" adlanır. Yəni, söhbət insanların dinlə bağlı azadlıqlarından gedir, məhdudiyyətlərindən, qadağalarından, maneələrdən deyil. Deməli, qanun və onunla bağlı bütün digər hüquqi aktlar tam mənası ilə vətəndaşlarımızın dini etiqad azadlığını təmin etməlidir. Konstitusiyamızda göstərildiyi kimi. Vəkil Rövşən Qasımov bildirib ki, insan haqları və azadlıqların, o cümlədən din və vicdan azadlığının təmin olunması istənilən cəmiyyət və dövlətin ümumi inkişafı baxımından təməl prinsiplərdəndir. Əgər real həyatda "Dini etiqad azadlığı" inanclı insanlar üçün "Dini etiqad məhdudiyyətinə" çevrilərsə, o halda, vətəndaşlarımızın konstitusion haqları məhdudlaşdırmış olar. Belə ki, Azərbaycan Konstitusiyası tam mənası ilə dini etiqad azadlığını tanıyır və bütün digər qanunlarımız da əsas qanunumuzun tələblərinə cavab verməlidir. Konstitusiyamızın "Vicdan azadlığı" adlanan 48-ci maddəsində göstərilir ki, "Hər kəsin vicdan azadlığı vardır; Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır". Və davamında aydın şəkildə deyilir: "Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir". Onun bildirdiyinə görə, Konstitusiyanın sərbəst elan etdiyi bir hərəkəti isə heç kəs heç bir adla qadağan edə bilməz. Hər halda, hüquqi dövlət prinsipi bunu tələb etməkdədir. Dinlə bağlı bütün qanunvericilik aktları və onların tətbiqi qaydaları məhz konstitusiyamızın bu tələbini əks etdirməli, bunun mexanizmini açıqlamalıdır, bu təməl prinsipləri heç bir vəchlə məhdudlaşdırmalı deyil. Ölkədə hər kəs öz dini inancını ifadə etməkdə və yaymaqda sərbəst olmalıdır. Bu isə dini etiqad və ya əqidə hüquq pozuntusuna bəraət qazandırmır. Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz: "Qeyd etdiyimiz kimi, din və vicdan azadlığı əslində insan haqlarının ayrılmaz hissəsidir. Əgər vətəndaşın vicdan azadlığı pozulursa, bu artıq yalnız cəmiyyətin inanclı təbəqəsinin problemi deyil, ümumi insan haqları problemidir. İnsan haqları pozulan cəmiyyətdə inanclıların da, digərlərinin də haqları pozulmuş olur. Bu isə cəmiyyətin inkişafının qarşısını kəsir, hüquqi dövlət anlayışını sarsıdır, dövlətçiliyə mənfi təsir göstərir və vətəndaş cəmiyyəti quruculuğuna mane olur. Biz Konstitusiyamızda təsbit edilmiş haqları insanlara verməyəcəyiksə, bəs onda Konstitusiyanın mahiyyəti nədən ibarətdir?.. Yersiz və qanunazidd qadağalar, hər zaman cəmiyyətdə gərginliyi artırır, insanları radikallaşdırır və mövcud problemlərin həll edilməsi əvəzinə, daha yeni problemlərə yol açır. Cəmiyyətdə gərginliyin artması isə heç bir dövlətin maraqlarına uyğun deyildir. Hər kəs atdığı addımları ilə mövcud problemləri həll etməyə, gərginliyi aradan qaldırmağa çalışmalıdır, onu bir az da qızışdırmağa yox. İnanclı insanların konstitusion haqlarının pozulması, hər halda, gərginliyi aradan qaldırmağa xidmət etmir. Toplumun əmin-amanlığı, rifahı, inkişafı naminə cəmiyyətimizdə barışığa doğru addım atmalı, insan haqlarını rəhbər tutaraq hətta bizim kimi düşünməyənləri, əqidə fərqliliklərini qəbul etməliyik. Plüralizmin və barəsində çox danışdığımız tolerantlığın mənası elə budur. Başqa cür düşünənlərə qara yaxmamalı, onları kənar qüvvələrə xidmət etməkdə suçlamamalıyıq. Əksinə, barışıq dili tapmağa səy göstərməliyik".
Nurlan