“Baku  shoping festival”: planlar, gözləntilər, nəticələr

Azərbaycan  iqtisadiyyatının  inkişaf  strategiyasında  turizm  prioritet istiqamət  olaraq  nəzərdə tutulub. İxtisaslaşmış turizmin yaradılması   “iqtisadi inkişaf strategiyası”nda istinad edilən  11 sektordan ( 8 əsas,  3 yardımçı olmaqla) biridir.  2016-cı ildə təsdiq edilmiş  “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”ndə   turizm üzrə “2020-ci ilədək  tədbirlər planı”, “2025- ci ilədək  uzunmüddətli baxış”  və  “2025-ci ildən sonrakı dövr üçün hədəf baxış” hazırlanması da nəzərdə tutulub ki, ölkədə turizmin  innovativ əsaslarla mərhələli artımını təmin etmək mümkün olsun.  Görünür ki, indi Azərbaycanda  turizmə mövsümi hadisə kimi deyil,  iqtisadiyyatın diversifikasiyası üçün mühüm element olaraq yanaşılır.

Milli iqtisadiyyatın  inkişafında  turizmin rolu   

Azərbaycan  iqtisadiyyatının  inkişaf  strategiyasında  turizm  prioritet istiqamət  olaraq  nəzərdə tutulub. İxtisaslaşmış turizmin yaradılması   "iqtisadi inkişaf strategiyası"nda istinad edilən  11 sektordan ( 8 əsas,  3 yardımçı olmaqla) biridir.  2016-cı ildə təsdiq edilmiş  "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"ndə   turizm üzrə "2020-ci ilədək  tədbirlər planı", "2025- ci ilədək  uzunmüddətli baxış"  və  "2025-ci ildən sonrakı dövr üçün hədəf baxış" hazırlanması da nəzərdə tutulub ki, ölkədə turizmin  innovativ əsaslarla mərhələli artımını təmin etmək mümkün olsun.  Görünür ki, indi Azərbaycanda  turizmə mövsümi hadisə kimi deyil,  iqtisadiyyatın diversifikasiyası üçün mühüm element olaraq yanaşılır.

Azərbaycan   2025-ci ilədək  dünyada turistlərin ən çox üstünlük verdikləri 20 ixtisaslaşmış turizm məkanından birinə çevrilməkdə iddialıdır.  Bunun üçün qonşu ölkələrlə yanaşı, qlobal miqyasda tanınan dövlətlərdən də  turistlərin   cəlb edilməsi diqqət mərkəzindədir. Məlumat üçün bildirək ki, indiyədək  Azərbaycana səfər edənlər arasında ilk üç yeri   Rusiya, Gürcüstan və  İran turistləri tuturlar. Digər ölkələrdən gələn turistlərin kəmiyyətini artırmaq üçün ölkədə çeşidli proqramlar həyata keçirilir. Bu sırada  beynəlxalq brend  tədbirlərin Azərbaycanda  keçirilməsi də var.  "Formula-1", "İslam Həmrəylik Oyunları", "Bakı - 2015 Birinci Avropa Oyunları"nın  Bakıda təşkil edilməsinin məqsədlərindən biri də turizm üzrə gözlənilən  hədəflərə çatmaqdır. 

Ölkənin  mövcud infrastrukturu,  təbiəti,  iqlimi, iri ticarət mərkəzləri,  bir çox əmtəələrin qiymətlərinin ucuzluğu və ən əsası,  ictimai-siyasi sabitlik, təhlükəsizlik   Azərbaycanın turizm sahəsindəki iddialarını gerçəkləşdirməyə  əsas yaradır.  Əgər gözləntilər doğrularsa,  2020-ci ilədək olan ilk mərhələdə  Azərbaycanda real Ümumi Daxili Məhsul (ÜDM)  turizm sektorundan götürülən gəlirlər  əsasında  465 milyon manat artacaq. Ümumilikdə 35 min, bilavasitə turizm sektorunda isə 25 min iş yerinin yaradılması da 2020-ci ilədək olan ilk mərhələ üçün hazırlanmış planın tərkib hissəsidir.  Növbəti mərhələlərdə isə daha böyük nailiyyətlər gözlənilir.

Turizmin dünya iqtisadiyyatında payı ÜDM-nin  9-10 faizi qədərdir.  Bu mənada, turizm istənilən ölkə üçün əhəmiyyətli gəlir mənbəyidir.  Hər bir ölkə bu sahədən pay götürmək üçün uzunmüddətli  rəqabət aparır.  Azərbaycan  isə  rəqbətə  yeni qoşulanlar sırasındadır.  Azərbaycanda ixtisaslaşmış  turizmin   inkişafı üzrə proqramların hazırlanmasının  tarixi, 2000-ci illərdən sonrakı dövrə təsadüf edir.   Demək olar ki, bu sahəyə  maraq daha çox qeyri-neft sektorunun inkişaf etdirilməsi,  iqtisadiyyatın şaxələndirilməsi yönündə  addımlar atılması zərurətindən yaranıb.  Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə  2002-ci ildə təsdiq edilmiş  "Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı" bu mövzuda ilk baza sənəd kimi qəbul etmək olar.  Buna baxmayaraq, ölkə turizm sənayesinin inkişafı sahəsində rəqib ölkələrin keçdiyi yolu, çox qısa müddətdə adlaya bilib.  2002-ci ildən keçən qısa zaman kəsiyində turizm  sahəsində  ciddi nailiyyətlər qazanılıb.  Müqayisə üçün bildirək ki, əgər 2002-ci ildə ölkəyə gələn turistlərin sayı  834 min  351  nəfər  idisə, 2016-cı ildə bu rəqəm  2 milyon 242 min  783 nəfərə qədər  yüksəlib...

Prezident İlham Əliyevin  "Azərbaycan Respublikasında 2011-ci ilin "Turizm ili" elan edilməsi haqqında" sərəncam imzalaması, həmçinin,  "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı"nın  qəbul olunması turizm sənayesinin inkişaf etdirilməsi yönündə fəaliyyəti stimullaşdırıb. Görülən işlərin nəticəsi olaraq, 2011-ci ildən 2016-cı ilədək olan müddətdə  Azərbaycana  gələn xarici ölkə vətəndaşlarının sayının  orta hesabla  illik  8,5 dəfə  artması təmin edilib.  2016-cı il üzrə statistikaya  görə, turizm sənayesinin ölkə  ÜDM-də payı   4,3  faizə qalxıb. Qəbul edilmiş proqramların tam icra edilməsindən sonra, turizmin ölkədə  ÜDM-yə təsir imkanları  inkişaf etmiş ölkələr səviyyəsinə  çatacaq.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"nin təsdiqlənməsi Azərbaycanın ixtisaslaşmış turizm məkanlarından birinə çevrilməsi yönündə işləri daha da sürətləndirib.  Sənəd    turizm üzrə  hədəfləri və bu hədəflərə  çatmaq üçün vasitələr aydın göstərir.  Bakı ilə yanaşı regionlara da çeşidli turizm marşrutlarının hazırlanması, ölkəyə gəliş üçün viza proseslərinin sadələşdirilməsi kimi  onlarca proqram  turizm sahəsində hədəfə çatmaq üçün atılmış mərhələli addımlardır.

"Baku shopinq festival" turizm  üzrə hədəflərə   çatmaq üçün uğurlu  vasitədir

Günümüzdə sürpriz kimi ortaya çıxan aşağı qiymətli hava reyslərinin təşkilinin də turizmin inkişaf üzrə strategiyaya bağlılığı var.  Yol xəritəsi  "əsas tələb bazarları ilə hava əlaqəsinin təkmilləşdirilməsi"ni bir öhdəlik olaraq qarşıya qoyur.  Bunu nəzərə alaraq,   Azərbaycan Konqreslər Bürosu  və  AZAL  birgə təşkilatçılı qedərək,  "Baku Shopping Festival" çərçivəsində   10 şəhərdən Azərbaycana sərfəli turlar təşkil ediblər. Ölkəyə turist axınını stimullaşdırmaq üçün təşkil edilən tur-paketlərə birbaşa uçuş bileti, transfer, iki nəfər üçün nəzərdə tutulan otaqda gecələmə, səhər yeməyi ,  festival iştirakçısı olan mağazalara  turlar  daxil edilib.

Yeri gəlmişkən qeyd edək ki, turizmin inişafı yönündə icra edilən proqramlar sırasında "Baku Shopping Festival"   xüsusi əhəmiyyətə malikdir.  Azərbaycan Respublikası Prezidentinin 2016-cı il  1 sentyabr tarixdə imzaladığı  "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncama uyğun olaraq  keçirilən  şopinq festivallar həm turizmin inkişafı  strategiyasına, həm də  ümumilikdə  milli iqtisadiyyatın  diversifikasiyası proqramına mühüm töhfələr verə bilib.   

Azərbaycan Konqreslər Bürosunun təşkilatçılığı ilə  2017-ci ilin 10 aprel-10 may aralığına keçirilən 1-ci Bakı Şopinq Festivalın uğurlu nəticələri eyni il daxilində 2-ci festivalın təşkilinə marağı artırıb. Kampaniya  ölkədə həyata keçirilən layihələrlə  müqayisədə  nisbətən az investisiya ilə yüksək nəticələrə çatmaq baxımından diqqət çəkir. 1-ci festivalın nəticələrini şərh edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib ki,  "Bakida keçirilən 1-ci Şopinq Festivala 700 min manat xərclədik, büdcəyə isə 5,6 milyon manat vəsait daxil oldu". Bu, festivalın gətirdiyi maddi gəlirin yalnız dövlət büddəcisinə aid olan hissəsidir. Ümumilikdə 1-ci şopinq festivalın maliyyə dövriyyəsi 18 milyon 167 min 892 manata çatıb ki, bu dövriyyədən özəl iaşə obyektləri, ticarət müəssisələri və digər xidmət sahələri gəlir əldə ediblər. Statistikaya görə, onların 18%-dən 200%-ə qədər  satış artımları olub.    Kampaniya tərkibində  Azərbaycanda ilk dəfə "Tax free" sistemi tətbiq edilib, alıcılara 1,8 mln manat ƏDV qaytarılıb. Bu yolla həm yerli əhalidə, həm də turistlərdə maraq yaradılıb, onları ölkə içində ticarətə həvəsləndirib.  Proqnozlara  görə, 10 aprel-10 may tarixlərində keçirilən  1-ci, 15 oktyabr-15 noyabr tarixlərində keçiriləcək  2-ci  Bakı şopinq festivalllar  nəticəsində ölkə büdcəsinə ümumilikdə  50 milyon manatadək vəsait daxil olacaq.   İki festivalın təşkili üçün çəkilən xərclərin cəmi  isə  1 milyon 500 min manatdır.   2-ci festivala 600-ə yaxın ticarət obyektinin, supermarketin, aptekin  qoşulması deməyə əsas verir ki, 1-ci festivalın nəticələri uğurlu olub. Belə ki,  2-ci festivala qatılan ticarət obyektlərinin sayı 3 dəfə yüksəlib,  kampaniya alıcılarla yanaşı, xidmət təklif edənlər üçün də əlverişli  şərait yarada bilib.  Məlumat üçün qeyd edək ki,  festival ərzində  kampaniyaya qoşulmuş  obyektlərdə alıcılara minimum 10%, bəzi mallar üzrə isə  70%-ə qədər endirimlər təklif edilir.

Amma  Bakı Şoppinq Festivalın ölkə üçün faydası təkcə maddi gəlirlə, yaxud, turist axınını stimullaşdırmaqla yekunlaşmır. Kampaniya dövründə  beynəlxalq  və  yerli  KİV-lər  Bakı Şopinq Festivallarının təşkilinə əhəmiyyətli yer ayırıblar. 15 oktyabrda başlanan 2-ci festival barədə qısa müddət ərzində   xarici mediada təqribən 60-dan çox məqalə dərc edilib. Ərəb ölkələri,  postsovet ölkələri,  Türkiyə, İran, İsrail, Hindistan, Pakistan, Böyük Britaniya, Kanada KİV-lərində yayımlanan məqalələrdə Bakı şopinq festivalla yanaşı, Azərbaycan və onun paytaxtının tanıdılmasına  da əhəmiyyətli yer verilib.   

Nəticələr

Rəsmi statistikaya görə,   turizm sənayesində çalışanların sayı  2017-ci ildə 46 min nəfərə çatıb ki, bu da proqnozlaşdırılandan təqribən 29%   yüksəkdir. Yuxarıda qeyd etmişdik ki, turizmin inkişafı üzrə proqramlarda  2020-ci ilədək olan ilk mərhələdə  ümumilikdə 35 min, bilavasitə turizm sektorunda isə 25 min iş yerinin yaradılacağı nəzərdə tutulmuşdu.

2017-ci ilin daha bir uğuru ölkəyə gələn  turistlərin kəmiyyəti ilə bağlıdır.  İlin  9  ayı ərzində   Azərbaycana  2 milyon 71 min 918  nəfər turist gəlib, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 20,9  faiz artım deməkdir.  Hesablamalara görə, ilin ilk 8 ayında gələn  turistlərin ölkə içində xərclədikləri vəsait   700 milyon dollardan yüksəkdir ki, bu da  ölkə büdcəsi ilə yanaşı,  özəl xidmət sektoru üçün ciddi  mənbədir. Uğurlu nəticənin əldə edilməsində   "Baku Shopping Festival"ların xüsusi payı var. Festival çərçivəsində icra edilən proqramlar, o cümlədən,  güzəştli tur paketlər və "Tax-free" sistemi  qonşu ölkələrdən turist axınını stimullaşdırıb.

Şopinq festivallar dünya turizm və ticarət təcrübəsində mövcuddur.  Türkiyə, Sinqapur və Birləşmiş Ərəb Əmirliklərində tətbiq edilərək turist axınını stimullaşdıra bilib. MDB məkanında isə  ilk dəfə Azərbaycanda təşkil edilib. Azərbaycan beynəlxalq kampaniyaya milli çalar qatmaqla onu daha da möhtəşəm və uğurlu edə bilib. Həm də daxil olduğu region üçün yeni ənənə yaradıb.  Təsadüfi deyil ki, Tiflis şəhər meri, Gürcüstan  baş nazirinin keçmiş müavini Kaxa Kaladze, həmçinin,   gürcü iqtisadçı ekspert  İosif Arçvadze   Azərbaycanda tətbiq  edilən  şopinq festival  ənənəsinin Gürcüstanda da ciddi maraq oyatdığını, gələcəkdə bu praktikanın Bakıda və Tibilisidə eyni vaxtda tətbiq ediləcəyinə inandıqlarını  bildiriblər.  Türkiyə Mərmərə qrup strateji-sosial  araşdırmalar vəqfinin başqanı Akkar Suner isə Azərbaycanda yaradılan bu ənənənin bütün regiona təsir edəcəyini bildirib. 

2-ci Bakı Şopinq Festivalının  davam etdiyi bir dövrdə  Dünya Bankının Azərbaycanla bağlı  müsbət rəy açıqlaması da təsadüfi deyil . Qurum  ötən həftə  yaydığı hesabatında  Azərbaycanın adını   "Doing Business 2018" hesabatında  8 pillə irəli çəkərək, 190 ölkə arasında  57-ci yerə yüksəldib.

Ən əsası isə  Azərbaycan Avropa və mərkəzi Asiya regionu üzrə ən islahatçı 3 ölkədən biri kimi müəyyənləşib.  Bundan öncə  isə Dünya Səyahət və Turizm Şurası Azərbaycanı 2010-2016-cı illərdə turizmin sürətlə  inkişaf etdiyi   ölkələr sırasında ilk 10-luğa daxil edib.

İndiki templə davam edərsə, Azərbaycanın  2025-ci ilə planlaşdırdığı "Dünyada turistlərin ən çox üstünlük verdikləri 20 məkandan biri"nə  çevrilmək iddiaları daha tez doğrula bilər.

Müşfiq Ələsgərli  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31