Akademik Hüseyn Həsənovun xatirəsinə həsr olunmuş kitabların təqdimatı keçirilib
AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) görkəmli neyrofizioloq alim, akademik Hüseyn Həsənovun xatirəsinə həsr olunmuş “Akademik Hüseyn Həsənov” və “AMEA Fiziologiya İnstitutunun və Azərbaycan Fizioloqlar Cəmiyyətinin elmi əsərlərinin külliyyatı” adlı kitabların təqdimatı keçirilib. Olaylar bildirir ki, AMEA Mərkəzi Elmi Kitabxanasının və AMEA Fiziologiya İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova açıb.
18 Oktyabr 2017 20:55 SosialAMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) görkəmli neyrofizioloq alim, akademik Hüseyn Həsənovun xatirəsinə həsr olunmuş "Akademik Hüseyn Həsənov" və "AMEA Fiziologiya İnstitutunun və Azərbaycan Fizioloqlar Cəmiyyətinin elmi əsərlərinin külliyyatı" adlı kitabların təqdimatı keçirilib.
Olaylar bildirir ki, AMEA Mərkəzi Elmi Kitabxanasının və AMEA Fiziologiya İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova açıb. L.İmanova MEK-də elm aləmində xidmətləri ilə seçilən, Azərbaycan zəkasını dünya səviyyəsinə çıxaran alimlərin zəngin elmi irsinin, şəxsi kitabxanalarının, sənəd kolleksiyalarının akademik oxucu icmasının diqqətinə təqdim olunmasından, kitabxananın strateji hədəflərindən biri olan Milli Rəqəmsal Yaddaş (MRY) layihəsi çərçivəsində elektronlaşdırılmasından və etibarlı şəkildə gələcək nəsillər üçün mühafizə olunaraq oxucu auditoriyasının istifadəsinə verilməsindən danışıb. O, akademik H.Həsənovun xatirəsinə həsr edilən "AMEA Fiziologiya İnstitutunun və Azərbaycan Fizioloqlar Cəmiyyətinin elmi əsərlərinin külliyatı"nın çap və elektron formatda kitabxanaya təqdim olunmasının önəmini xüsusi qeyd edib.
Sonra AMEA A.İ.Qarayev adına Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru Ulduz Həşimova çıxış edib. Akademik H.Həsənovun fiziologiya sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasında böyük rolu olduğunu qeyd edən Ulduz Həşımova alimin keçmiş ittifaq respublikaları ilə, o cümlədən "İnterbeyin" proqramı çərçivəsində Rusiya, Macarıstan, Polşa, Çexoslovakiya, Yaponiya, Amerika, İngiltərə və digər ölkələrin elmi-tədqiqat müəssisələri ilə yaratdığı əlaqələrdən bəhs edib.
Sonra alimin həyat yoldaşı Arifə Həsənovanın dəstəyi və araşdırmaçı yazar Şəlalə Məhyəddinqızının müəllifliyi ilə hazırlanmış "Akademik Hüseyn Həsənov" kitabının video təqdimatı nümayiş olunub.
Çıxış edənlərdən AMEA Mikrobiologiya İnstitutunun direktoru, akademik Məmməd Salmanov, AMEA-nın müxbir üzvü Rafiq Qasımov, professorlar Ədalət Fərəcov, Arif Məmmədov, Fəxrəddin Əsgərov, Əli Allahverdiyev, Zakir Məmmədov, Xədicə İsmayılova, Arif Mehdiyev və digərləri Hüseyn Həsənovla bağlı xatirələrini bölüşüb, onun yüksək elmi fəaliyyətinin və şəxsi keyfiyyətlərinin xarakterik cizgilərini yada salıblar.
Sonda alimin həyat yoldaşı Arifə Həsənova və ailə üzvlərindən Rasim Müzəffərli çıxış edərək akademik Hüseyn Həsənova həsr edilmiş hər iki kitabın ərsəyə gəlməsində əməyi olanlara və keçirilən təqdimata görə MEK və AMEA Fiziologiya İnstitutu kollektivinə minnətdarlıqlarını bildiriblər.