Zorakılıq, qətl və intihar

“Qadın Liderliyi Uğrunda” İB-nin sədri Ülkər Abdullayeva bildirib ki, qadınlara qarşı məişət zorakılığı, qız uşaqlarının zorlanması, öldürülməsi, intihara sürüklənməsi kimi neqativ hallar  həyəcan təbili çalmağa vadar edib. Bu sosial bəlaların qarşısını almaq üçün effektiv iş aparmağa ehtiyac var: “Bizim heç birimiz bu bəlalardan sığortalanmamışıq. Bu cəmiyyətdə bizim uşaqlarımız, qızlarımız böyüyür.

Çıxış yolu varmı?

"Qadın Liderliyi Uğrunda" İB-nin sədri Ülkər Abdullayeva bildirib ki, qadınlara qarşı məişət zorakılığı, qız uşaqlarının zorlanması, öldürülməsi, intihara sürüklənməsi kimi neqativ hallar  həyəcan təbili çalmağa vadar edib. Bu sosial bəlaların qarşısını almaq üçün effektiv iş aparmağa ehtiyac var: "Bizim heç birimiz bu bəlalardan sığortalanmamışıq. Bu cəmiyyətdə bizim uşaqlarımız, qızlarımız böyüyür. Onların xilası bizim bu problemlərin kökünə enərək onun həllinə çalışmağımızdan keçir. Biz sosial-psixoloji gərginliyin burulğanında çabalayan insanlara kömək əlimizi uzatmalı, onların problemlərini dinləyərək çıxış yolları tapmağa çalışmalıyıq. Bu işdə dövlətlə yanaşı QHT-lərin və KİV-lərin də üzərinə böyük məsuliyyət düşür". Ü.Abdullayeva bu məqsədlə həyata keçirdikləri layihədən bəhs edib. O, intiharlara, insanların ölümünə aparan sosial-psixoloji problemlərin aradan qaldırılması üçün maarifləndirmə və təbliğat yönümlü  tədbirlər həyata keçirdiklərini bildirib. Həmçinin mövzuya medianın diqqətini cəlb etmək üçün"Qadınların sosial-psixoloji problemləri və onların həlli yolları" mövzusunda ən yaxşı məqalələrin müsabiqəsini elan etdiklərini deyib. "Təmiz dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, bu gün qadınlara qarşı zorakılığa yol verən, intihara əl atan, həyatından bezən insanların əksəriyyəti müharibə dövrünün stressini yaşayan, ya da həmin dövrdə dünyaya gələn insanlardır. Ailə modelinin keçid dövrünü yaşadığını, insanların həddindən çox informasiya qəbul etdiyini vurğulayan M.Zeynalova cəmiyyətdəki sosial-psixoloji gərginliyin əsas yükünün qadının üzərində olduğunu qeyd edib. Qadına özünü ifadə etmək imkanının verilməsini vacib sayan QHT sədri qadın həmrəyliyinin, stereotiplərin qırılmasının da vacibliyini ifadə edib: "Bizim cəmiyyətdə qadın əxlaqı təcəssüm etdirir. Əxlaq sözü gələndə hamı qadına baxır. Təəssüf ki, bizdə əxlaq sözünü fiziki mənada qavrayırlar və qadınlar ən çox bunun əziyyətini çəkirlər". "XXI əsrin qadınları" İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova isə qeyd edib ki, qadınların başlıca problemləri elə qadınların özlərindən qaynaqlanır: "Müasir texnologiyalar, sosial şəbəkələr bir çox hallarda qadınların zəif tərəflərini üzə çıxarır. Onlar bəzən öz ailələrini, uşaqlarını atıb sosial şəbəkə vasitəsilə, ya da başqa yolla tanış olduqları kişilərə qoşulub qaçırlar. Nəticəsini düşünmədən atdıqları addımlar sonda qadınların faciəsinə çevrilir".  M.Əmirhüseynovanın fikrincə, ailədaxili xəyanətlər, münaqişələr cinayətlərə gətirib çıxarmamalıdır: "Əgər ailədə dözülməz, həlli mümkün olmayan problemlər varsa, cütlük ayrıla bilər. Amma fiziki xətər toxundurmaq, öldürmək problemi həll etmir, əksinə, daha böyük problemlərin əsasını qoyur".  Gənc Demokratlar İnstitutunun prezidenti Yeganə Hacıyevanın fikrincə, fikir formalaşdıran media zorakılığa və intihara dair informasiyaları mütəmadi olaraq yaymaqla cəmiyyəti bu cür hallara öyrəşdirir: "Qulaq o qədər belə informasiyalara öyrəşir ki, artıq cinayət baş verəndə, cəmiyyət ona lazım olan reaksiyanı göstərmir. Beləcə sosial-psixoloji problemlərin gətirdikləri bəlalar insanların gözündə adiləşir. Odur ki, dövlət, vətəndaş cəmiyyəti institutları, media bu məsələdə sistemli iş aparmalıdır". Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət texnoloji inkişafın asosiallaşmaya səbəb olduğunu, insanların öz həyatlarını sosial şəbəkələrə köçürdüyünü deyib. O,eyni zamanda məktəblərdə 90% müəllimin qadın olduğu, oğlan uşaqlarda qadınlarla bağlı komplekslərin həm də bu səbəbdən yarandığı qənaətindədir. A.Həsrət hesab edir ki, uşaqlar, gənc nəsil internetin təsiri altında yad dəyərləri mənimsəyir. Əgər ölkədə təhsilin səviyyəsi, mədəniyyət yüksəlsə, bu problemlər də azalacaq. Eyni zamanda ailə quran cütlüklər özlərinə uyğun həyat yoldaşları seçməlidirlər ki, sonra uyuşmazlıq problemi yaranmasın.  Demokratik İslahatçı Gənclər İB-nin sədri Vüsalə Hüseynova ailələrin süni surətdə qorunmasının, partnyorlar arasında yaranmış problemlərin ört-basdır edilməsinin nəticədə cinayətə, intiharlara yol açdığını deyib. Onun fikrincə, problemlərin kökünü ailə institutumuzdakı yanlışlıqlarda, fərdlər arasında düzgün münasibətlərin qurulmamasında axtarmaq lazımdır. Onun fikrincə, dünyagörüşləri, səviyyələri fərqli insanlar eyni ailəni, eyni mühiti bölüşməyə can atmamalıdırlar. Ümumi qənaət ondan ibarətdir ki, cəmiyyətiin psixologiyaya dair bilgiləndirinin artırılmasına ehtiyac var. Əgər ölkə vətəndaşları insan psixologiyasını dərindən bilsəydilər, bu qədər problemlər yaşanmazdı. Bu səbədən orta və ali məktəblərdə psixologiya fənninin tədrisi önəmlidir. Nəzərə almaq lazımdır ki, qadınlarla bağlı problemlərin həlli ailə institutunun düzgün formalaşmasından, erkən nikahların qarşısının alınmasından və savadsızlığın aradan qaldırılmasından keçir.

 Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31