Azərbaycanda yerli özünüidarəetmə yüksək səviyyədə təşkil olunub
Azərbaycanda insan hüquq və azadlıqlarının inkişafı prosesində yerli özünüidarənin tətbiqi xüsusi əhəmiyyətə malikdir. Yerli özünüidarə orqanlarına keçirilən seçkilər isə siyasi plüralizmin bariz nümunəsidir. Məlum olduğu kimi 1991-ci ildə Azərbaycanda dövlət müstəqilliyi bərpa edildikdən sonra ölkəmiz əsl demokratik dəyərlərə malik bələdiyyələri yaratmaq imkanı qazanmışdır. 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyası bu imkanı reallığa çevirmişdir. Yerli demokratiyanın həyata keçirilməsinə zəmin yaradan və siyasi-iqtisadi cəhətdən müstəsna əhəmiyyət kəsb edən yerli özünüidarə orqanlarının - bələdiyyələrin yaradılması Konstitusiyada təsbit olunmuşdur.
23 Avqust 2017 16:31 SosialBu orqanlara keçirilən seçkilər isə siyasi plüralizmin bariz nümunəsidir
Azərbaycanda insan hüquq və azadlıqlarının inkişafı prosesində yerli özünüidarənin tətbiqi xüsusi əhəmiyyətə malikdir. Yerli özünüidarə orqanlarına keçirilən seçkilər isə siyasi plüralizmin bariz nümunəsidir. Məlum olduğu kimi 1991-ci ildə Azərbaycanda dövlət müstəqilliyi bərpa edildikdən sonra ölkəmiz əsl demokratik dəyərlərə malik bələdiyyələri yaratmaq imkanı qazanmışdır. 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyası bu imkanı reallığa çevirmişdir. Yerli demokratiyanın həyata keçirilməsinə zəmin yaradan və siyasi-iqtisadi cəhətdən müstəsna əhəmiyyət kəsb edən yerli özünüidarə orqanlarının - bələdiyyələrin yaradılması Konstitusiyada təsbit olunmuşdur.
Hüquqşünas Qabil Məmmədov bildirib ki, istənilən ölkədə yerli idarəetmənin tətbiqi siyasi plüralizmin təzahürü kimi təqdi edilir. Çünki, yerli özünüidarəetmə azad, demokratik cəmiyyətin ilkin başlanğıcını təşkil edir. Azərbaycanda da yerli özünüidarəetmə yüksək səviyyədə tətbiq olunub. Ölkəmiz üçün yeni olan bu idarəetmə formasının hüquqi bazasının yaradılması isə beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlıq şəraitində təşkil olunub. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 4 - cü bölməsi "Yerli özünüidarəetmə" adlandırılmışdır. Bu bölmə "Bələdiyyələr" adlanan IX fəsildən ibarət olub142 - 146 - cı maddələrini əhatə edir. 142 - ci maddənin I hissəsində qeyd olunur ki, "yerli özünüidarəetməni bələdiyyələr həyata keçirir. Həmin maddənin III hissəsinə görə bələdiyyələrin statusu qanunla müəyyən edilir: "Yerli idarəetmənin hüquqi cəhətdən tənzimlənməsində "Bələdiyyələrin statusu haqqında" AR - nın Qanun xüsusi əhəmiyyət kəsb edir. Qanun 8 fəsil, 56 maddədən ibarətdir. Yerli özünüidarəetmə dedikdə yerli ərazi vahidi əhalisinin (ərazi kollektivinin) və bu əhalini təmsil edən seçkili orqanların yerli əhəmiyyətli məsələlərin həlli üzrə fəaliyyəti başa düşülür. Bələdiyyələrin hüquqi vəziyyətini müəyyən edən "Bələdiyyələrin statusu haqqında" AR qanununun 1 - ci maddəsində göstərilir: Azərbaycan Respublikasında yerli özünüidarəetmə vətəndaşların fəaliyyətinin elə bir qeyri - dövlət sistemidir ki, bu sistem qanun çərçivəsində onlara yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək imkanı verir. Bu hüququ qanunla müəyyən edilimş qaydada ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş bələdiyyə üzvlərindən ibarət nümayəndəliyi kollegial orqanlar (bələdiyyələr) və ya vətəndaşların yığıncaqları həyata keçirirlər. Yerli özünüidarəetmə orqanlarının təşkili qaydası, funksiyaları və səlahiyyətləri AR - nın Konstitusiyası və qanunları ilə müəyyən edilir. Yerli özünüidarəetmə orqanları yerli əhəmiyyətli məsələlrin həllində müstəqildirlər və mərkəzi dövlət haklimiyyəti orqanlarının onların fəaliyyətinə müdaxiləsi yolverilməzdir. Yerli özünüidarəetmə orqanları dövlət hakimiyyəti orqanları sisteminə daxil deyildir. Konstitusiyada dövlət hakimiyyəti və yerli özünüidarəetmə məsələləri müxtəlif bölmələrdə əks etdirilir və bələdiyyələr dövlət orqanlarının hüquqi vəziyyətini müəyyən edən bölməyə daxil edilmir. Bundan başqa Konstitusiyada bələdiyyə aktları dövlət hakimiyyəti orqanlarının aktları ilə bir sıraya aid edilmir. Onun bildirdiyinə görə, demokratik prinsiplərin, insan hüquq və azadlıqlarının Konstitusiyamızda geniş əks olunması cəmiyyətimizdə yerli demokratiyanın inkişafına və insanların özünüidarəetmənin mütərəqqi formalarından istifadəsinə şərait yaratmışdır: "Konstitusiyaya görə, Azərbaycan Respublikasında yerli özünüidarəetməni bələdiyyələr həyata keçirirlər. Konstitusiyanın 13-cü maddəsində mülkiyyətin dövlət, xüsusi və bələdiyyə mülkiyyəti növünə bölünməsi təsbit olunmuşdur. Qeyd edilmişdir ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Dövlət səlahiyyətlərinin müəyyən hissəsinin yerlərə ötürülməsi yolu ilə yerli özünüidarəetmə orqanları olan bələdiyyələrə verilməsi, Əsas Qanunumuzun 142-146-cı və 150-ci maddələrində yerli özünüidarəetmənin təşkilinin təsbit olunması ilə əks-mərkəzləşmə prosesinin və bələdiyyə orqanlarının hüquqi əsasları yaradılmışdır. Konstitusiyanın qəbulundan dərhal sonra müvafiq sahə üzrə münasibətləri tənzimləyən qanun layihələrinin Milli Məclisin müvafiq komissiyasında işlənilməsinə başlanmış, qısa müddət ərzində "Bələdiyyələrə seçkilərin qaydaları haqqında", "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının qanunları qəbul edilmişdir. 12 dekabr 1999-cu il tarixdə ölkədə keçirilən ilk bələdiyyə seçkilərində 22 min nəfərdən artıq bələdiyyə üzvü seçilmiş və 2667 yerli özünüidarəetmə orqanları təşkil olunmuşdur. Bu orqanlarda 25 min nəfərə yaxın müxtəlif peşə sahibləri bələdiyyə qulluğuna qəbul edilmişdir. Azərbaycanda 2004-cü il dekabrın 17-də ikinci bələdiyyə seçkiləri keçirilməklə yerli özünüidarəetmə orqanlarının inkişafının yeni mərhələsi başlanmışdır. Həmin seçkilərdə 2731 bələdiyəyə 20356 bələdiyyə üzvü seçilmişdir. Ölkəmizdə 2009-cu il dekabrın 23-də bələdiyyələrə keçirilmiş növbəti - III seçkilərdə mühüm siyasi tədbir kimi, böyük önəm daşımışdır. Azad, demokratik və şəffaf şəraitdə keçirilmiş seçkilər nəticəsində 15591 nəfər bələdiyyə üzvü seçilmişdir. Seçilmiş bələdiyyə üzvləri 10 siyasi partiyanı təmsil etmişdir. Olduqca əlamətdardır ki, seçilmiş bələdiyyə üzvləri sırasında qadınların və gənclərin xüsusi çəkisi əvvəlki seçkilərdən fərqli olaraq xeyli artmışdır. Belə ki, qadınların sayı 4243 nəfər, gənclərin sayı isə 4000 nəfərdən çox olmuşdur". Hüquqşünas qeyd edib ki, Azərbaycan Respublikası Konstitusiyasının III fəslinin 56-cı maddəsində seçki hüququ təsbit olunmuşdur. Vətəndaşların seçki hüququndan istifadə etməsi, seçki sisteminin təşkili hər bir sivil ölkə üçün həm siyasi, həm hüquqi, eyni zamanda, tarixi baxımdan əhəmiyyətli hadisədir. Həmçinin, seçkilərin hakimiyyətin formalaşmasına birbaşa aidiyyəti vardır. Bu mənada seçki bir institut kimi sistem adlandırılır və dəqiq sistemlərdə olduğu kimi, müəyyən subyekt və elementlərdən ibarət olması ilə bir-biri ilə bağlı dəyərlərdən təşkil olunur. Monolit bir sistem kimi onun hər hansı bir elementinə edilən müxtəlif xarakterli təsir, o cümlədən müsbət xarakterli təsir bu sistemin əhəmiyyətini nəzərəçarpacaq dərəcədə artıracaqdır. Təbii ki, bu təsir qüvvəsinə malik olanlar seçki hüququna malik vətəndaşlardır ki, onlar öz hüquqlarından səmərəli və qanunauyğun şəkildə istifadə edərkən sistemin müsbət effektli cəhətləri qabarıq şəkildə özünü göstərir. Seçkinin cəmiyyətdə bu mənada əhəmiyyəti çox böyükdür.
Mütəxəssilər hesab edirlər ki, vətəndaş cəmiyyətinin formalaşmasında yerli özünüidarəetmə orqanlarının xüsusi rolu var. Yerli özünüidarəetmə Ümumavropa demokratik norması kimi 1985-ci il oktyabrın 15-də Strasburqda qəbul edilərək, "Yerli özünüidarəetmə haqqında Avropa Xartiyası"nda təsdiq edilib. Yerli özünüidarənin Avropa Xartiyası yerli hakimiyyətlərin müdafiəsi və hüquq və azadlıqlarının möhkəmləndirilməsinə dair ümumavropa normalarının əsasını qoyub.Yerli özünüidarə haqqında Avropa Xartiyasında yerli özünüidarənin səlahiyyətləri də müəyyənləşdirilib. Yerli özünüidarənin əsas səlahiyyətləri konstitusiya və qanunla müəyyən edilir. Yerli özünüidarə orqanları qanunun müəyyən etdiyi çərçivədə, tam sərbəst hərəkət edə bilərlər. Dövlət səlahiyyətlərinin həyata keçirilməsi, bir qayda olaraq, vətəndaşlara ən yaxın olan hakimiyyət orqanlarının üzərinə qoyulmalıdır. Bu səlahiyyətlərdən hər hansı birinin digər hakimiyyət orqanına verilməsi qarşıya qoyulmuş vəzifənin həcmi və xarakterini, habelə, səmərə və qənaət tələblərini nəzərə almaqla həyata keçirilməlidir. Qeyd etmək lazımdır ki, bu inkişaf mərhələsində yerli özünüidarə orqanları təşkilat-struktur nöqteyi-nəzərindən tam formalaşmış, səlahiyyətləri çərçivəsində bələdiyyə mülkiyyətinin idarə olunmasında, bələdiyyənin maliyyə mənbələrindən istifadədə, əhali ilə münasibətlərin tənzimlənməsində və xüsusi olaraq hakimiyyət orqanları ilə əlaqələrin qurulmasında xeyli təcrübə toplamışlar. Bu təcrübə nəticəsində Azərbaycanda bələdiyyələr demokratik inkişaf yolu keçərək, əhali qarşısında yerli özünüidarə orqanlarının əsas əlamət və məqsədlərini müəyyənləşdirməklə fəaliyyətlərini səmərəli şəkildə qura bilmişlər. Eyni zamanda, onlar əhali qarşısında cavabdehlik məsuliyyətini dərk edərək vətəndaşların da yerli özünüidarənin təşkilində iştirakına şərait yaratmaqla, cəmiyyət qarşısında mütəmadi olaraq hesabat vermək təcrübəsi qazanmışlar. Həmçinin, bələdiyyələr respublikanın sosial-iqtisadi inkişaf proqramlarının həyata keçirilməsində yaxından iştirak etmişlər. Bu mənada bələdiyyələrin fəaliyyətinə cəmiyyətdə maraq artmışdır. Həmçinin yerli özünüidarəetmə orqanlarının əhəmiyyəti onunla da müəyyən edilir ki, gündəlik həyatda vətəndaşlar məhz bu orqanların fəaliyyəti ilə üzləşirlər. Çünki həmin orqanlar müvafiq ərazi vahidində əhalinin həyatı üçün şəraitin yaradılmasına həlledici təsir göstərirlər.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir